Mobil versiya
Heydər Əliyev – ən böyük azərbaycanlı
Tarix: 03-05-2021 | Saat: 10:33
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Heydər Əliyev – ən böyük azərbaycanlı


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkədə siyasi hakimiyyətə gəldiyi ilk gündən böyük çətinliklərə baxmayaraq, respublikada ictimai-siyasi sabitliyi bərqərar etdi, cəmiyyətin demokratikləşməsi, dünyəvi dövlət quruculuğu istiqamətində ardıcıl işlər həyata keçirdi. Çoxəsrlik dövlətçilik tariximizin son əlli ildən artıq dövrü görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın siyasi tarixində, dövlət müstəqilliyinin qorunub saxlanılmasında dünyanın nüfuzlu təşkilatları və dövlətləri ilə çoxşaxəli münasibətlərin qurulmasında ulu öndərin misilsiz xidmətləri olmuşdur.

“Hər bir kəsin milli mənsubiyyəti onun üçün qürur mənbəyidir”

Həm sovet dönəmində, həm də müstəqillik dövründə ümummilli liderin respublikamıza rəhbərlik etdiyi illərdə davamlı olaraq həyata keçirilən və cəmiyyət həyatının ən müxtəlif sahələrini əhatə edən genişmiqyaslı islahatlar ölkəmizin potensial imkanlarını artırmışdır. Əlbəttə ki, bütün bu illər ərzində möhtəşəm nailiyyətlərin qazanılmasına səbəb olmuş uğurlu daxili və xarici siyasət Heydər Əliyev dühasının formalaşdırdığı azərbaycançılıq konsepsiyasının tərkib hissəsidir. XX əsrin 30-cu illərində formalaşmağa başlayan azərbaycançılıq vətənpərvərlik, milli özünüdərk dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur. Bu mənada Heydər Əliyev ən böyük azərbaycanlıdır. Bu fikir, mütərrəqqi ideya əvəzolunmaz şəxsiyyətin siyasi nitqində də öz parlaq təzahürünü tapmışdır: “Hər bir kəsin milli mənsubiyyəti onun üçün qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.” Ulu öndər azərbaycanlı olması ilə daim fəxarət duyurdu. Bu, Azərbaycan vətənpərvərliyinin ali zirvəsidir. Ən ali vətənpərvərlik hissi öz xalqına mənsubluqdan qürur hissi keçirməkdir. Azərbaycançılıq dünyagörüşü ulu öndərin siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapmışdır. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Bütün ölkə üzrə kütləvi şəkildə mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Ulu öndər deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın bunu aradan qaldırın.” Azərbaycan ədəbiyyatının və dilinin inkişaf edib zənginləşməsi ulu öndərin siyasi-mədəni fəaliyyəti ilə möhkəm bağlıdır. Doğma xalqının dilini, mədəniyyətini ürəkdən sevən Heydər Əliyev onun çiçəklənməsi yolunda böyük xidmətlər göstərmişdir. Ulu öndər azərbaycançılığı yalnız respublikamızın daxilində deyil, ayrı-ayrı xarici ölkələrə səfərləri zamanı dünya azərbaycanlıları ilə keçirdiyi ardıcıl görüşlərində də məqsədyönlü şəkildə təbliğ edirdi. Ümummilli lider Heydər Əliyev bu görüşlərində hər zaman diaspor quruculuğu məsələlərini də ön plana çəkirdi.

Böyük xilaskarlıq missiyası

Azərbaycan parlamenti 1991-ci il oktyabrın 18-də Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edərək, suverenliyimizi bütün dünyaya bəyan etmişdi. Bununla belə 1991-1993-cü illər Azərbaycanın müstəqillik və dövlətçiliyinin mövcudluğunun böyük risk altında qaldığı, xaos və anarxiya dövrü kimi tarixə düşdü. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi. 1993-cü ilin yayında vəziyyət fəlakət həddinə çatdı. Azərbaycan müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Xalqımız belə ağır bir zamanda ümid dolu nəzərlərini Heydər Əliyevə, onun həmin dövrdə yaşayıb fəaliyyət göstərdiyi Naxçıvan torpağına dikmişdi. Azərbaycan xalqının iradəsi və təkidi ilə təcrübəli dövlət xadimi, görkəmli siyasətçi Heydər Əliyev müstəqil dövlətimizin uçurum qarşısında qaldığı bir vaxtda yenidən ölkənin siyasi hakimiyyətinə qayıtdı. Millətin sönməkdə olan müstəqillik arzuları canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev millət qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Beləliklə, uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Bu gün artıq hamıya aydındır ki, o zaman ulu öndər Heydər Əliyev tərəfindən bu taleyüklü addımlar atılmasaydı Azərbaycan dövlətini yaratmaq da, bu gün ölkəmizin ərazi bütövlüyünü erməni faşizmi üzərində əldə olunmuş möhtəşəm Qələbə ilə təmin etmək də mümkün olmayacaqdı. Beləliklə, ulu öndər Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar edildi. Bütün bunlar da Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında öz əksini tapdı. Azərbaycanın taleyini Heydər Əliyevin taleyindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Heydər Əliyev hər şeydən əvvəl, böyük insan və böyük siyasətçi idi.

Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir

Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. 18 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bütün strateji məqsədlərə nail olub. Bu dövrdə nəhəng transmilli enerji layihələri həyata keçirilib, ölkənin hər yerində möhtəşəm abadlıq-quruculuq işləri aparılıb, insanlarımızın rifah səviyyəsi qat-qat yüksəlib, Azərbaycanın dünyada tanınması və yüksək nüfuz sahibi olması istiqamətində fundamental addımlar atılıb. Eyni zamanda, ötən müddət ərzində dövlət başçısının siyasi iradəsi əsasında bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatların həyata keçirilməsi Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib. Ölkənin idarəetmə sistemi təkmilləşdirilib, yeni kadr siyasəti idarəetmədə bir sıra neqativ halların aradan qalxmasını təmin edib. İdarəetmə orqanlarında, qanunvericilik sahəsində, parlamentdə, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Müasir dövlət quruculuğu strateji prioritet kimi müəyyənləşdirilib, ölkənin ümumi inkişaf strategiyası müasir dövrün tələblərinə uyğunlaşdırılaraq uğurla həyata keçirilib. Rasional və praqmatik xarici siyasət Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsini, dostlarının və tərəfdaşlarının sayının mütəmadi olaraq artmasını təmin edib. Ötən müddət ərzində regional güc mərkəzinə çevrilən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb. Eyni zamanda, respublikamız xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürərək beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edib. Azərbaycan strateji əhəmiyyətli transmilli layihələr reallaşdırmaqla Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini formalaşdırıb və yeni geostrateji əməkdaşlıq platformaları yaradıb. Respublikamız öz xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu, bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji önəm kəsb edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri olan ordu quruculuğu istiqamətində görülən işlərin nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Və nahət bütün bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. Azərbaycan bu inamlı qələbəsilə öz gücünü bütün dünyaya nümayiş etdirdi.

Beləliklə, bu gün öz ümummilli liderinin anadan olmasının 98-ci ildönümünü möhtəşəm tarixi Qələbə ilə qeyd edən Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla gedir.

Aqiyə Naxçıvanlı,
millət vəkili, professor.
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024