AZ RU Mobil versiya
“Böyük Qayıdış” strategiyası nəticəsində Qarabağ güclü iqtisadiyyata malik regiona çevriləcəkdir
Tarix: 16-04-2021 | Saat: 12:39
Bölmə:Cəmiyyət | çapa göndər

“Böyük Qayıdış” strategiyası nəticəsində Qarabağ güclü iqtisadiyyata malik regiona çevriləcəkdir


Vətən müharibəsində Azərbaycan Ordusunun möhtəşəm qələbəsiPrezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu hərbi strategiyasının nəticəsidir. Düşmən tapdağı altında uzun illər qalan torpaqlarımızın işğaldan azad edilməsi müasir Azərbaycan tarixinin ən parlaq qələbəsidir.

Prezident İlham Əliyev siyasi uzaqgörənliklə, diplomatik peşəkarlıqla müharibə günlərində Azərbaycanı öz yolundan döndərmək üçün xarici dövlətlərdən, siyasilərdən olan ciddi təzyiqlərə, Ermənistanın işğal siyasətinin dəstəklənməsinə yönəlmiş bütün təşəbbüslərə qətiyyətlə sinə gərərək həmin cəhdlərin qarşısını aldı. Bu gün artıq müharibənin əvvəlindən Ermənistana açıq şəkildə dəstək verənlər görürlər ki, Prezident İlham Əliyevə təzyiq etmək, Azərbaycanı öz yolundan döndərmək mümkün deyil. Azərbaycan qalib ölkə olduğu üçün Ermənistanın bütün siaysi dairələri müharibənin nəticələri ilə tam razılaşmalıdırlar, başqa yolları yoxdur və ola da bilməyəcək.

Vətən müharibəsində ayrı-ayrı dövlətlər də Azərbaycanın haqq səsini birmənalı şəkildə müdafiə etdilər. Qardaş Türkiyə hələ əvvəldən bəyan etdiyi kimi, bu müharibədə Azərbaycana birmənalı dəstək verdi. Türkiyənin dövlət nazirləri, silahlı qüvvələrin rəhbərləri Azərbaycana səfərlər etdilər. Zəfər paradında isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Bu günə qədər işğalçı siyasətinə görə Ermənistanla diplomatik münasibət yaratmayan Pakistan, bundan başqa, Əfqanıstan, Ukrayna, İsrail dövlətləri də müharibə zamanı Azərbaycana dəstək ifadə etdilər. Azərbaycanın haqq səsini bu müharibədə dəstəkləyən dövlətlərdən biri də İtaliya oldu. Vətən Müharibəsi dövründə İtaliya Azərbaycanla həmrəy olduğunu göstərdi, bu ölkənin mediası əsl həqiqətləri obyektiv işıqlandırdı. İtaliyanın bir çox bələdiyyələri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və Azərbaycan – İtaliya çoxölçülü strateji tərəfdaşlığının daha da gücləndirilməsinə çağırış edən sənədlər qəbul etdilər. Mütərəqqi xarici siyasətin göstəriciləri olan bütün bunlar Prezident İlham Əliyevin uğurlu siyasi-diplomatik fəaliyyətinin nəticəsidir ki, Azərbaycanın fəal iştirak etdiyi beynəlxalq təşkilatlar da ölkəmizin haqq işini qətiyyətlə müdafiə etdilər.

İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi zamanı ölkəmizin haqlı mövqeyini daim dəstəklədi. Təşkilatın bu məsələ ilə bağlı mövqeyi bütün platformalarda səsləndirildi. Bu mövqe 44 günlük Vətən müharibəsi dövründə də dəyişmədi. Bu təkcə dini birliyi ilə bağlı deyil, eyni zamanda Azərbaycanın haqlı mövqeyindən irəli gəlir. Çünki 30 ilə yaxın işğal dövründə Ermənistanın dağıtdığı və erməniləşdirilməsinə cəhd etdiyi bütün tarixi və dini abidələr həm də islam irsinin tərkib hissəsidir. Ermənistanın işğalçı siyasəti yalnız Azərbaycana deyil, bütün müsəlman dünyasına qarşı yönəlmişdir. Bu baxımdan Azərbaycan təkcə özünün deyil, bütün islam dünyasının dəyəri olan mədəni və dini irsi müdafiə etdi. Erməni faşizminin qarşısını almaqla müsəlman dünyası qarşısında tarixi xidmət göstərdi.

Hazırda qarşıda duran ən vacib məsələ “ Böyük Qayıdış ” strategiyası vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasını və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını reallaşdırmaqdır. Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları ilə əldə olunan parlaq Qələbə nəticəsində işğaldan azad olunmuş ərazilərdə həyatın canlanmasını təmin etməkdir. Azərbaycan Prezidenti bu torpaqlarda bütün işlərin ardıcıllıqla həyata keçiriləcəyini bildirib. Artıq bərpa-quruculuq işlərinə başlanılıb.

Doğma yurdlarından məcburi köçkün olmuş əhalinin işğaldan azad olunan ərazilərə köçrülməsi üçün yenidən sosial infrastrukturun qurulması və əhalinin işlə təmin olunması üçün dövlət investisiyası ilə yanaşı, yeni və xarici investisiya da cəlb edilir. Böyük quruculuq işlərinə dost ölkələrin təşviq olunması siyasəti Azərbaycanın Beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.

Dövlətimizin başçısı çıxışlarında dəfələrlə Qarabağın bərpası məsələsinə toxunarkən bu işə müharibə dövründə, habelə savaşdan sonrakı mərhələdə Azərbaycanı fəal dəstəkləyən qardaş və dost ölkələrin cəlb edilməsinin diqqətdə saxlanacağını bildirib. Bunun bariz nümunəsi olaraq bir müddətdir ki, bir sıra dost ölkələrin şirkətləri ilə ölkəmizin özəl qurumları tərəfindən bir sıra layihələrin birgə həyata keçirilməsi prosesinə başlanılıb. Bu gün bərpa prosesində Türkiyə şirkətlərinin fəaliyyəti daha çox diqqət çəkir. Xidmət, nəqliyyat, ticarət, kənd təsərrüfatı, təmir-tikinti və digər sahələr üzrə Azərbaycanda hazırda 19 macar şirkəti uğurla fəaliyyət göstərir. Vətən müharibəsi zamanı daima Azərbaycanın yanında olan İtaliyanın özəl qurumları da Qarabağda aparılacaq bərpa prosesində iştirak edirlər. Böyuk Britaniya şirkətləri də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə qoşulublar. Bununla da Qarabağda həyata keçiriləcək layihələrə nüfuzlu dövlətlərin şirkətlərinin qoşulması nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə yanaşı Qarabağ güclü iqtisadiyyata malik regiona çeviriləcəkdir.

Bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsizliyini və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafeyini əks etdirdiyini, Azərbaycanın dünya miqyasında nüfuzunun artmasını, həm də ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyini bir daha göstərir.

Fərahim Əhmədov
YAP üzvü, Saatlı rayonu
BDU-nun IV kurs tələbəsi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi

5375 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2021
07-05-2021