Mobil versiya
Xanhüseyn Əhmədov: “Azərbaycan erməni mifinin puçluğunu bütün dünyaya göstərdi”
Tarix: 14-04-2021 | Saat: 14:38
Bölmə:Manşet / Siyasət | çapa göndər

Xanhüseyn Əhmədov: “Azərbaycan erməni mifinin puçluğunu bütün dünyaya göstərdi”


“Ölkəmiz Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə öz ərazi bütövlüyünü bərpa etdi. Şanlı Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın 30 illik işğalına cəmi 44 gün ərzində son qoydu. Bir vaxtlar mifləşdirilmiş “məğlubedilməz erməni ordusu”nun qalıqları bu gün bütün dünyaya möhtərəm Prezidentimizin təşəbbüsü ilə Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Azərbaycan isə artıq işğaldan azad olunmuş ərazilərin bərpasını gələcəyin meyarlarına uyğun şəkildə həyata keçirir.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Mil-Muğan Meşə Meliorasiya İdarəsinin rəisi, YAP Saatlı rayon təşkilatının İdarə heyətinin üzvü Xanhüseyn Əhmədov deyib. İlk növbədə müsahibimiz yeni açılmış Hərbi Qənimətlər Parkının müstəsna əhəmiyyətindən bəhs edərək, bu Parkın əsl Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da xüsusi rolu olacağını söyləyib: “Vətən müharibəsinin gedişində düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının bir qismi ötən il, dekabr ayının 10-da Bakıda keçirilmiş Zəfər paradında nümayiş etdirilib. Lakin Hərbi Qənimətlər Parkı Azərbaycanın qazandığı tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya sayəsində düşmənin 30 il ərzində möhkəmləndirdiyi bütün müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmən əsgərləri mövqelərini qoyub qaçmağa məcbur oldular. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar Şanlı Azərbaycan Ordusunun ələ keçirdiyi qənimətlər sırasındadır. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir. Dekabrın 10-da keçirilmiş hərbi paradda bu lövhə də nümayiş etdirilmişdi. Azadlıq meydanında, bütün xalqımızın gözü qarşısında Ermənistanın məğlubiyyəti, erməni fərariliyi bir daha göstərildi. Möhtərəm Prezidentimizin dediyi kimi, bundan sonra Hərbi Qənimətlər Parkına gələn hər bir insan – həm Azərbaycan vətəndaşları, həm də ölkəmizə gələcək qonaqlar bunu görəcəklər ki, ermənilərin bəd əməlləri cavabsız qalmadı.”

Daha sonra Xanhüseyn Əhmədov işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin mürəkkəbliyindən bəhs edərək, bu sahənin ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində saxlandığını vurğulayıb: “Artıq qeyd olunduğu kimi, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu da məlumdur ki, hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri yüksək intensivliklə həyata keçirilir. Bu işlərin fonunda Prezident İlham Əliyevin mütəmadi olaraq həmin ərazilərə etdiyi səfərlər həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edir və dövlət başçısının bərpa və quruculuq işlərini şəxsən xüsusi diqqət mərkəzində saxlamasından xəbər verir. Digər tərəfdən isə bu səfərlərin daha bir önəmi də onların mahiyyətində duran haqq-ədalət təntənəsinin təcəssümüdür. Mənfur qonşularımız və onlara bütün dünyada havadarlıq edən qüvvələr xalqımızı bu əzəli-tarixi torpaqlarından məhrum etmək üçün illər boyu çalışdılar. Ərazilərimiz işğal olundu, millətimiz dəfələrlə qırğınlara, etnik təmizləmələrə məruz qoyuldu. İşğal edilmiş ərazilərimizdə ermənilər hər cür talan, soyğun və vandalizm aktları həyata keçirdilər. Öz çıxışlarında bu məqamlara toxunan möhtərəm Ölkə Prezidentimizin də söylədiyi kimi, dağıdılmış şəhər və kəndlərimiz erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi bu vəziyyətlə barışmağa sövq edirdilər. Deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Amma cənab Ali Baş Komandanımız sübut etdi ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Azərbaycan Prezidentinin qətiyyəti və polad iradəsi sayəsində, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına dövlətimiz bunu bütün dünyaya sübut etdi və münaqişənin hərbi həllinə nail oldu. Bu gün isə müntəzəm olaraq Qarabağa etdiyi səfərləri ilə dövlətimizin başçısı bu ərazilərin əsil sahiblərinin kim olduğuna dair bütün dünyaya öz mesajlarını göndərir. Eyni zamanda da bu səfərlər revanşist xəyallara dalıb bizə qarşı yeni təxribatlara cəhd etmək istəyənlərin daha ağır cəza alacaqlarına dair ciddi xəbərdarlıqdır.”

Həmçinin öz müsahibəsində Xanhüseyn Əhmədov dövlətin sosial dəstək proqramlarının reallaşdırılmasında institusional təşəbbüslərinin vacib rol oynadığını qeyd edib. “YAŞAT” Fondunun fəaliyyətini yüksək qiymətləndirən müsahibimiz deyib ki, şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsində bu qurumun rolu müstəsna əhəmiyyət kəsb edir: “Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondu dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Birmənalı olaraq demək azımdır ki, hal-hazırda Fond öz funksiyalarını yüksək səviyyədə həyata keçirir. Fondun vəsaitləri hesabına şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması və digər bu kimi sosialyönümlü layihələr həyata keçirilir.”

Abbas Abbasov
Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024