Mobil versiya
Meydanəli Yolçuyev: “Dövlətimiz şəhid ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına qayğısını daim artırır”
Tarix: 12-04-2021 | Saat: 15:57
Bölmə:Manşet / Siyasət | çapa göndər

Meydanəli Yolçuyev: “Dövlətimiz şəhid ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına qayğısını daim artırır”

“Özündə böyük humanitar missiyanı ehtiva edən “YAŞAT” Fonduna könüllü ödəmələr durmadan davam edir. Bu hal cəmiyyətimizdə mövcud olan milli birliyin və həmrəyliyin göstəricisidir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır ki, bu da qurumun fəaliyyətindəki şəffaflıq əsasında yaranmış ictimai etibardan irəli gələn bir haldır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev deyib. Təşkilat sədri ilk növbədə şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına qayğı göstərilməsində dövlətin institusional təşəbbüslərinin böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Məlumdur ki, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin prioritet istiqamətlərindən biri torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə canlarını qurban vermiş şəhidlərimizin ailələrinin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onlara göstərilən diqqət və qayğının artırılmasıdır. Dövlətimizin irəli sürdüyü institusional təşəbbüslər də məhz elə bu qayğının təzahürlərindən biridir. O cümlədən dövlət başçısının müvafiq Fərmanı ilə yaradılmış “YAŞAT” Fondu şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsində mühüm rol oynayır. Bu günədək Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək artıq öz vəzifələrinin icrasına başlayıblar. Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsidir. Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətidir. Bu baxımdan da Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı artırır. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. “YAŞAT” Fondunun işinin təşkili isə “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub.”

Daha sonra Qarabağ Dirçəliş Fondundan bəhs edən Meydanəli Yolçuyev deyib ki, Fondun yaradılması işğaldan azad edilmiş ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığının genişlənməsini təmin edir: “Aydındır ki, institusional təşəbbüslərin mövcudluğu taleyüklü məsələlərin həllinə dövlətin strateji yanaşmasından xəbər verir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılmışdır. Otuz il ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq. Bu istiqamətdə dövlətin institusional təşəbbüslərindən biri olan Qarabağ Dirçəliş Fondu da işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi məqsədilə həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edəcək. Azərbaycan xalqı tarixi Qələbə ilə ərazilərini erməni işğalından azad edərək, öz tarixinin ən şərəfli Zəfər dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyini bir daha nümayiş etdirir. Əlbəttə ki, Qarabağ Dirçəliş Fondunun yaradılması ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığının yüksək əhəmiyyətini əks etdirir. Hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar.”

Meydanəli Yolçuyev dövlət qayğısı ilə erməni təcavüzü nəticəsində ziyan çəkmiş mülki əhalinin də əhatə olunduğunu qeyd edib. Təşkilat sədri bildirib ki, sosial siyasətinin institutlaşdırılması dövlətin bu istiqamətdə prinsipial mövqeyini nümayiş etdirir: “Qeyd etmək lazımdır ki, bu gün müharibə nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi prosesi də dövlətin ciddi nəzarətindədir. İlk növbədə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlərin görülməsi məqsədilə Dövlət Komissiyası yaradılıb. Zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət maliyyə yardımları göstərir. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə isə 1000 (bir min) manat məbləğində yardım göstəriləcəkdir. Beləliklə, postmüharibə dövrü üçün hazırlanmış sosial yardım paketi Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə yanaşı erməni işğalından zərər çəkmiş mülki şəxslərin də sosial problemlərinin qısa müddət ərzində həllini nəzərdə tutur.”

Abbas Abbasov
Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024