Mobil versiya
Füzuli Güləliyev: “Türk birliyinin gücləndirilməsi tarixi zərurətdir”
Tarix: 07-04-2021 | Saat: 09:30
Bölmə:Manşet / Siyasət | çapa göndər

Füzuli Güləliyev: “Türk birliyinin gücləndirilməsi tarixi zərurətdir”

“Bu gün bütün dünyada gedən proseslər, cərəyan edən hadisələr türkdilli dövlətlər arasında birliyin daha da gücləndirilməsini tarixi zərurət kimi ortaya qoyur. Heç şübhəsiz bu prosesdə Azərbaycanın rolu çox önəmlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə prioritet istiqamətlərdən biri də məhz ümumtürk birliyinin möhkəmləndirilməsidir.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev deyib.


Bu gün türk dövlətləri arasında birliyin daha da möhkəmləndirilməsi üçün çox ciddi əsasların olduğunu deyən təşkilat sədri bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xüsusilə son illər bu istiqamətdə fəaliyyəti yüksək effektivliyi ilə diqqəti cəlb edir: “2009-cu ildə imzalanmış Naxçıvan Sazişi əsasında yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası konkret olaraq türkdilli dövlətlərin birliyini koordinasiya edən işlək bir mexanizm olaraq fəaliyyət göstərir. Demək lazımdır ki, təşkilatın ötən illər ərzində göstərdiyi fəaliyyəti son dərəcə səmərəli olub və Türk Şurası böyük nailiyyətlər əldə edib. 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Zirvə görüşündən sonra Azərbaycan bu təşkilata sədrlik edir. Qeyd etmək lazımdır ki, ölkəmiz türk birliyinin daha da möhkəmləndirilməsi işinə həqiqətən böyük töhfələr verməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələni hər zaman xüsusi diqqət mərkəzində saxlamaqla, həyata keçirdiyi uğurlu xarici siyasətin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bu gün Azərbaycanın qardaş Türkiyə ilə münasibətləri ən yüksək səviyyədədir. Eyni zamanda da dövlətimiz tərəfindən Orta Asiyanın türkdilli dövlətləri ilə dostluq münasibətlərinin gücləndirilməsi, qarşılıqlı əməkdaşlığı genişləndirilməsi məqsədilə konkret addımlar atılır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi türk birliyinin gücləndirilməsi işinə son illər verilmiş ən böyük töhfə oldu. Türk Şurasının martın 31-də videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Ölkə Prezidenti cənab İlham Əliyevə ünvanlanan təbriklər bir daha göstərdi ki, Azərbaycanın zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticələri bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. Təşkilata üzv dövlətlərin başçıları da öz çıxışlarında xüsusi olaraq qeyd etdilər ki, 2020-ci il türk dünyası üçün həqiqətən Zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Prezident İlham Əliyev də həmin Zirvə görüşündə etdiyi çıxışında bu məqamı vurğulayaraq bildirdi ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi: “Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq.” Bir məqamı da qeyd etmək lazımdır ki, Vətən müharibəsinin özünün gedişi də türk birliyinin malik olduğu və bundan sonra malik ola biləcəyi böyük gücün bir nümayişi oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldı. Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Qardaş Türkiyədən bütün dünyaya net bir mesaj getdi – Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır! Məhz bu mesaj Azərbaycana imkan verdi ki, əks-hücum əməliyyatlarını hər hansı bir kənar qüvvənin müdaxiləsi olmadan həyata keçirsin. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman deyirdi ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu gün Azərbaycan-Türkiyə qardaşlığı bütün tükdilli dövlətlərin birliyi üçün ən bariz nümunə olmalıdır.”

Füzuli Güləliyev həmçinin Türk Şurasının Zirvə görüşündə Cənubi Qafqazda yaranan yeni reallıqlar fonunda istər region ölkələri qarşısında, istərsə də ümumilkdə Avrasiya məkanında açılan böyük iqtisadi inkişaf perspektivlərinin yüksək qiymətləndirildiyini vurğulayıb: “Azərbaycanın tarixi qələbəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Öz növbəsində bu reallıqlar həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açmış oldu. Bu imkanlar Türk Şurasının Zirvə görüşündə də çox yüksək qiymətləndirilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışında bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini bir daha vurğuladı. Öz çıxışında dövlətimizin başçısı dedi ki, Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Həmçinin bu layihələr digər ölkələr üçün də yeni, əlavə imkanlar yaradacaq. O cümlədən Ermənistan da bu imkanlardan yararlanmaq şansı alacaq. Məlumdur ki, Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Azərbaycan artıq yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində iri həcmli işlərə start vermişdir. Gördüyümüz kimi, ölkəmiz yenə də yüksək səmərəliliyi ilə seçilən transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısıdır. Artıq uzun müddətdir ki, regionun lider dövləti kimi çıxış edən Azərbaycan ərazi bütövlüyünü öz gücünə qalib gəldiyi müharibənin nəticəsi olaraq təmin etdikdən sonra bu mövqelərini daha da möhkəmləndirməkdədir.”

Abbas Abbasov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024