Mobil versiya
Türkdilli dövlətlər arasında əməkdaşlıq intensiv formada inkişaf edir
Tarix: 06-04-2021 | Saat: 10:55
Bölmə:Siyasət | çapa göndər

Türkdilli dövlətlər arasında əməkdaşlıq intensiv formada inkişaf edir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də keçirilmiş qeyri-formal Zirvə görüşü türk dövlətləri arasında olan birliyin, bərabərliyin daha da inkişaf etməsinə təkan verdi.

Türk dövlətlərinin birliyinin, bərabərliyinin daha da dərinləşməsinə yönəlmiş bu Zirvə görüşündə müzakirə olunan əsas məsələlərdən biri də ölkəmizin 30 ilə yaxın müddət ərzində Ermənistan işğalı altında qalan ərazilərinin azad edilməsi və qazandığımız tarixi Qələbə ilə bağlı idi.

Dövlət başçısı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar hadisələrə geniş ekskurs etdi, bu ölkənin sistemli şəkildə təxribatlar törətdiyini, azərbaycanlıların milli heysiyyatı ilə oynadığını, bu hərəkətlərin dözülməzliyini, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının və 2020-ci ilin yayında Ermənistanın müdafiə nazirinin yeni əraziləri işğal etmək anonslarını xatırlatdı. Ardıcıl təxribatlara cavab olaraq 2020-ci ilin sentyabrında 44 günlük müharibənin başladığını bildirdi. Ermənistanın xarici dəstək olmadan Azərbaycan torpaqlarını tutmasının və uzun illər işğalda saxlamasının mümkünsüzlüyünü, Minsk qrupunun fəaliyyətinin “sıfır effektivliyi”ni diqqətə çatdırdı. İlham Əliyev Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana göstərdiyi güclü mənəvi və siyasi dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkür etdi.
Zirvə görüşündə çıxış edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanın ərazimizin 20 faizini zəbt edərək, vətəndaşlarımızı amansızcasına öldürməsinə, 1 milyona yaxın həmvətənimizin məcburi köçkün olaraq öz dədə-baba yurdlarını tərk etməsinə, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmasına, insanlıq tarixinin ən ağır cinayətlərindən biri olan Xocalı soyqırımına diqqət çəkib. Ermənistan bu müddət ərzində sülh danışıqlarını yalnız imitasiya etməklə kifayətlənmiş, faktiki olaraq münaqişənin beynəlxalq hüquq müstəvisində həll olunmasını mümkünsüz edərək, bu müddət ərzində təxribatlar törətməklə öz aqressiv davranışlarını daha da artırmışdı.

Zirvə görüşündə dövlət başçımızın əsas toxunduğu məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlı idi. Azərbaycan Prezidenti haqlı olaraq xatırlatdı ki, o, bu məsələnin nə qədər aktual olduğunu hələ 2009-cu ildə keçirilən I Zirvə görüşündə söyləmişdi: “Mən o zaman bildirdim ki, Zəngəzurun vaxtilə Ermənistana verilməsi təkcə Azərbaycana yox, bütün türkdilli dövlətlərin kürəyinə sancılan bir xəncər idi”. Zəngəzur dəhlizi həm ölkəmizin yerləşdiyi regionda, həm də bütövlükdə türk dünyasında yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Məlumdur ki, Zəngəzurun o vaxt Azərbaycandan alınması və Ermənistana birləşdirilməsində məqsəd həm də türk dünyasında qarşılıqlı münasibətlərin inkişafına mane olmaq idi. Çünki bu addım coğrafi ayrılmaya səbəb olurdu. Amma qədim Azərbaycan torpağı olan Zəngəzur yeni şəraitdə türk dünyasında birləşdirici rol oynayacaq. Bu ərazidən keçən nəqliyyat xətti türkdilli dövlətlərin əməkdaşlıq imkanlarını genişləndirəcək.

Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır. Təbii ki, bu, sosial-iqtisadi cəhətdən çox önəmlidir. Yeni infrastrukturun yaranması Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu proses uzun müddət blokada vəziyyətindən əziyyət çəkən Naxçıvan Muxtar Respublikasının inkişafı üçün yeni imkanlar yaradır. Təbii ki, Orta Asiya ilə Avropanı birləşdirən bu infrastruktur layihəsi digər region ölkələri üçün də iqtisadi fayda əldə etmək üçün perspektivlidir.

Beləliklə, qalib Azərbaycanın yaratdığı əməkdaşlıq imkanları bütün region üçün faydalıdır. Tərəfdaş ölkələrin bu imkanlardan istifadə etməsi isə ölkəmizin çoxşaxəli münasibətlərinin inkişafına töhfə olacaq.


Məleykə Ağayeva,
YAP Sabirabad rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2025