Mobil versiya
Mahir Əliyev: “Azərbaycanda davamlı iqtisadi inkişaf üçün tələb olunan bütün amillər mövcuddur”
Tarix: 12-03-2021 | Saat: 13:56
Bölmə:Gündəm | çapa göndər

Mahir Əliyev: “Azərbaycanda  davamlı iqtisadi inkişaf üçün tələb olunan bütün amillər mövcuddur”

“Siyasi qüvvələr arasında dialoqun inkişaf etdirilməsi Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasi islahatların prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Bu, Azərbaycanın siyasi sisteminin daha da təkmilləşməsi üçün müstəsna əhəmiyyət kəsb edən bir məqamdır.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Viləşcay Su Anbarının İstismarı İdarəsinin rəisi, YAP Masallı təşkilatının üzvü Mahir Əliyev deyib.

Əməkdaşımızın suallarını cavablandıran müsahibimiz Yeni Azərbaycan Partiyasının VII qurultayında etdiyi çıxışında Prezident İlham Əliyevin bir daha ölkədə olan bütün qüvvələri güclü Azərbaycan naminə həmrəy olmağa çağırdığını vurğulayıb: “Bildiyiniz kimi, 2020-ci ilin fevral ayında ölkəmizdə parlament seçkiləri keçirilmişdir. Birmənalı olaraq qeyd olunmalıdır ki, həmin parlament seçkiləri ölkəmizdə demokratik islahatlar istiqamətində atılmış növbəti ciddi addım idi. İlk dəfə olaraq parlamentin sədr müavini müxalifət partiyasının nümayəndəsi seçildi. Eyni zamanda, ilk dəfə olaraq parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələri seçildilər. Bu, cənab Prezidentin ölkə idarəçiliyinə gətirdiyi yeni siyasi mədəniyyətin təzahürüdür. Bu, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addımdır. Əlbəttə ki, ölkəmizin demokratik inkişafı baxımından bunun çox böyük əhəmiyyəti var. Həmçinin təqdir olunacaq haldır ki, keçən il partiyaların böyük əksəriyyəti dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. Diqqətəlayiq haldır ki, müharibədən əvvəl başlamış bu siyasi dialoq müharibə dövründə daha da güclənmişdir. Bu gün də ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Ölkə Prezidentinin dediyi kimi, müharibədən əvvəl artıq ölkəmizdə yeni, müsbət bir siyasi iqlim yaranmışdı. Yeni Azərbaycan Partiyasının 05 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayında etdiyi çıxışında Prezident İlham Əliyev ölkədə siyasi dialoqu bundan sonra da inkişaf etdirməyin zəruriliyini vurğulamaqla Azərbaycanın daha güclü dövlətə çevrilməsi üçün bir daha bütün qüvvələri həmrəy olmağa çağırdı.”

Daha sonra Mahir Əliyev ölkəmizin iqtisadi potensialının daim artdığını və Azərbaycanın davamlı iqtisadi inkişaf üçün tələb olunan bütün amillərə sahib olduğunu vurğulayaraq bunları deyib: “Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla Azərbaycanın bundan sonrakı inkişafı üçün də yeni, daha geniş perspektivlər açmış oldu. Lakin bu qələbəni iqtisadi gücə sahib olmadan əldə etmək mümkün deyildi. Çünki istənilən müharibədə həlledici faktor kimi çıxış edən güclü ordu yaratmaq üçün əvvəlcə güclü iqtisadiyyata sahib olmaq lazımdır. Məlumdur ki, Ölkə Prezidenti cənab İlham Əliyevin son illər yürütdüyü uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlar artıq uzun müddətdir ki, beynəlxalq dairələrin də diqqətini cəlb edir. Bütün dünya bilir ki, əsas hazırlıq dövrü kimi xarakterizə olunan son 17 ildə ölkəmizə Ermənistandan fərqli olaraq, heç kim kömək etmirdi. Öz çıxışlarında isə dövlətimizin başçısı hər zaman deyirdi ki, iqtisadi müstəqillik həm hazırlıq baxımından, həm də siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas amildir. Azərbaycan buna da nail oldu. Bu gün ölkəmiz heç kimdən asılı deyil və iqtisadi sahədə ən qabaqcıl yerlərdə qərarlaşıb. Məhz bu faktor da bizim Vətən müharibəsində qələbəmizi təmin edən əsas amillərdən biri oldu. Bu gün isə artıq beynəlxalq investorlar Azərbaycanla postmüharibə dövründə əməkdaşlığı daha da gücləndirmək istiqamətində konkret addımlar atırlar. Ölkəmizə gələn investisiyalar durmadan artır. Bunun əsas səbəbi isə ölkədə hökm sürən sabitlikdir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasətin nəticəsi olaraq təmin edilmiş bu ictimai-siyasi sabitlik ölkəmizə xarici dövlətlərin, transmilli şirkətlərin inam və etimadını getdikcə daha da artırır. Bu isə öz növbəsində ölkəmizin iqtisadi inkişafının daha da sürətlənməsinə və eyni zamanda da Azərbaycanın beynəlxalq nüfuzunun durmadan artmasına xidmət edir.”

Bəhram Yaqubov

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024