Mobil versiya
Mais Məmmədov: “Azərbaycan öz qüdrətini daha da artırmaq üçün indiyədək görünməmiş imkanlar əldə edib”
Tarix: 12-03-2021 | Saat: 10:36
Bölmə:Gündəm | çapa göndər

Mais Məmmədov: “Azərbaycan öz qüdrətini daha da artırmaq üçün indiyədək görünməmiş imkanlar əldə edib”


“Bu gün Azərbaycan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilmək üçün indiyədək görünməmiş imkanlar əldə etmişdir. Bu imkanlar Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz və torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində yaranmışdır. Yeni Azərbaycan Partiyasının VII qurultayında Ölkə Prezidenti cənab İlham Əliyev bu imkanların maksimum dəyərləndirilməsi üçün konkret proqram təqdim etdi.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının İdarə Heyətinin üzvü Mais Məmmədov deyib.

Əməkadşımızın suallarını cavablandıran Mais Məmmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin ölkəmizin bundan sonrakı dövr üçün müəyyən etdiyi əsas inkişaf perspektivləri əslində konkret fəaliyyət proqramının əsas tezisləri kimi qiymətləndirilməlidir: “Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz Azərbaycan üçün həm də əlavə iqtisadi imkanlar açmışdır. Belə ki, işğaldan azad olunmuş ərazilər böyük iqtisadi potensiala malıikdir və Azərbaycan sözsüz ki, bu potensialdan yararlanacaq. Həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına qatılması, yeni yaradılan və bərpa edilən beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək. Əldə olunmuş tarixi Qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb. Münaqişənin həlli eyni zamanda, regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında etdiyi çıxışında əslində ölkəmizin müharibədən sonrakı dövr üçün inkişaf proqramının əsas müddəalarını müəyyən etmiş oldu. İlk növbədə qeyd olundu ki, ölkədə son illər ərzində əldə olunmuş siyasi dialoq yeni dövrdə daha da dərinləşdirilməlidir. Çünki ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. İqtisadi sahədə şəffaflığın və dürüstlüyün təmin olunması, inhisarlara son qoyulması yeni dövrün əsas tələb və şərtləri kimi önə çıxarıldı. Prezident İlham Əliyev ölkə iqtisadiyyatının bundan sonrakı inkişafının məhz bu əsaslar üzərində təmin olunmasının zəruriliyini vurğuladı. Həmçinin dövlət başçısı qeyd etdi ki, xarici siyasət kursu dəyişməz olaraq qalacaq. Həqiqətən də bu kurs özünün yeganə düzgün konsepsiya olduğunu artıq dəfələrlə sübut edib və heç bir şübhə yoxdur ki, məhz bu kurs Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.”

Daha sonra Mais Məmmədov vurğulayıb ki, son üç il ölkəmiz üçün bir çox məqamlarla bağlı həlledici dövr olmaqla yanaşı, bu müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi olmuşdur: “Vətən müharibəsində möhtəşəm Qələbənin əldə olunması təkcə son illərin deyil, ümumiyyətlə Azərbaycan tarixinin ən önəmli hadisəsi, ən parlaq səhifəsidir. Azərbaycan bu qələbəsilə öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Son 17 il ərzində dövlətimizin başçısı tərəfindən görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Çünki güclü ordunun yaradılması ilk növbədə güclü iqtisadiyyat tələb edir. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. İşğalçı Ermənistandan başqa bütün qonşu dövlətlərlə çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər quruldu. Həmçinin digər ölkələrlə də qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında əsasında münasibətlər quruldu. Ölkə rəhbərliyi tərəfindən beynəlxalq təşkilatlarda iri miqyasda işlər aparıldı. Bütün bu illər ərzində Prezident İlham Əliyev münaqişə ilə bağlı bütün çıxışlarında deyirdi ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq və heç vaxt imkan verməyəcək ki, öz tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın. Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. Əldə olunmuş tarixi qələbə möhtərəm Prezidentimizin güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi.”

Abbas Abbasov
AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024