Mobil versiya
Fuad Əliyev: “Xocalı qətliamı XX əsrdə insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətlərdən biridir”
Tarix: 25-02-2021 | Saat: 15:44
Bölmə:Manşet / Gündəm | çapa göndər

Fuad Əliyev: “Xocalı qətliamı XX əsrdə insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətlərdən biridir”

“Erməni faşizminin ən amansız və qanlı təzahürlərindən biri olan Xocalı soyqırımı haqqında həqiqətlərin olduğu kimi bütün dünya ictimaiyyətinə çatdırmaq hər birimizin borcudurdır və bu istiqamətdə bütün ictimai-siyasi birliklər, ictimai təşkilatlar, diaspor təşkilatları, elm adamları, siyasi xadimlər – bir sözlə hər kəs öz fəaliyyətini yorulmadan davam etdirməlidir.” Bu sözləri saytımıza verdiyi müsahibəsində kimya elmləri doktoru, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev deyib.

Əməkdaşımızın suallarını cavablandıran AMEA-nın Gəncə bölməsinin sədri bildirib ki, erməni separatistlərinin törətdikləri Xocalı qətliamının bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır insanlıq əleyhinə cinayət əməli olduğunu bütün dünya dövlətlərinin qəbul etməsi oxşar hadisələrin gələcəkdə baş verməməsi üçün zəruri şərtdir: “Hələ 1988-ci ildə Ermənistan ərazisində öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlının bu yerlərdən qovulması ilə Ermənistan monoetnik dövlətə çevrilib. Bundan sonra Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının xəstə təfəkkürünün məhsulu olan “dənizdən dənizə Ermənistan” adlı heç bir tarixi əsası olmayan bir ideyanın reallaşdırılmasına yönəldilib. Bu hadisələrin faciəvi nəticəsi olaraq isə Azərbaycanın kənd və şəhərləri dağıdılıb, on minlərə günahsız insanımız ölüb, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşüb. Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək naminə hər cür qanlı cinayətə və istənilən vəhşiliyə hazır olduğunu hər zaman nümayiş etdirib. XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımı da bu vəhşiliyin bir təcəssümü olaraq baş vermişdir. Hər kəs bilməlidir ki, bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Əgər dünya gələcəkdə də erməni faşizminin bu kimi qanlı cinayətləri ilə qarşılaşmaq istəmirsə, o zaman bütün beynəlxalq ictimaiyyət, bütün dövlətlər Xocalı qətliamını insanlıq əleyhinə cinayət kimi qəbul etməlidir.”

Həmçinin müsahibimiz xüsusi olaraq vurğulayıb ki, bu gün Ermənistanın işğalçı və terroru dəstəkləyən bir dövlət olduğunu bütün dünyaya qəbul etdirmək heç də asan məsələ deyil və bu həqiqətlərin artıq bir çox xarici dövlətlər tərəfindən qəbul olunması bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ciddi səyləri nəticəsində baş vermişdir: “Bildiyiniz kimi, 1994-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi Qərara əsasən 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Bu gün bu faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə məqsədyönlü addımlar atılır. Məhz bu səylərin nəticəsidir ki, artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Bununla belə, erməni faşizminin ən amansız və qanlı təzahürlərindən biri olan Xocalı soyqırımı haqqında həqiqətlərin olduğu kimi bütün dünya ictimaiyyətinə çatdırmaq hər birimizin borcudurdır və bu istiqamətdə bütün ictimai-siyasi birliklər, ictimai təşkilatlar, diaspor təşkilatları, elm adamları, siyasi xadimlər – bir sözlə hər kəs öz fəaliyyətini yorulmadan, usanmadan davam etdirməlidir.”

Daha sonra akademik Fuad Əliyev Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəsilə bütün Cənubi Qafqaz xalqalrını erməni faşizmindən qurtardığını vurğulayaraq bunları deyib: “Erməni separatistlərinin bütün dünyada olan havadarları tərəfindən yaradılmış və uzun illər boyunca saxlanan cəzasızlıq mühiti bu qəsbkarları yeni təxribatlara sövq edirdi. Nəhayət 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan bu təxribatlara birdəfəlik son qoymaq və öz torpaqlarını işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək cəmi 44 gün davam edən döyüşlərdə düşmənin 5 ilə işğal etdiyi və 30 ilə yaxın müddət ərzində möhkəmləndiyi torpaqlarımızı geri qaytardı.İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Bu qələbə ilə şanlı ordumuz həm də Xocalı qətliamının günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Lakin bu qələbə ilə Azərbaycan həm də bütün Cənubi Qafqaz regionu ölkələrini və xalqlarını erməni faşizmi kimi böyük bir bəladan qurtardı. Artıq erməni qəsbkarları bu müharibənin nəticələrindən ibrət götürməli və bundan sonra nə əllərini, nə də gözlərini özgəsinin torpaqlarına tərəf yönəltməməli və öz terrorçu əməllərindən birdəfəlik əl çəkməlidirlər.”

Abbas Abbasov
Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024