AZ RU Mobil versiya
Quba – perspektivlər müəyyənləşdirilib
Tarix: 23-02-2021 | Saat: 12:54
Bölmə:Manşet / Gündəm | çapa göndər

Quba – perspektivlər müəyyənləşdirilib

2021-ci il bütün ölkədə olduğu kimi Quba rayonunda da postpandemiya dövrünə keçid və vüsətli quruculuq işləri ilə yaddaqalan olacaq

Bu gün Azərbaycanın bütün digər bölgələrində olduğu kimi, Quba rayonunda da postpandemiya dövrünə mərhələli keçidin təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda da rayonda bu il aparılacaq quruculuq işlərinin bəzilərinə artıq start verilib, digərlərinin isə planlaşdırılması başa çatmaq üzrədir. Lakin bütün bu qayğıların fonunda Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi 44 günlük Vətən müharibəsi nəticəsində doğmalarını itirmiş şəhid ailələrinin, o cümlədən qazilərimizin problemlərini də daima xüsusi diqqət mərkəzində saxlayır.

Qəhrəmanlarımızın adları əbədiləşdirilir, qazilərimizə diqqət artır

Vətən torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsi bütün ölkədə olduğu kimi Quba rayonunda da hər zaman əziz tutulur, bu müqəddəs yolda öz sağlamlıqlarını itirmiş qazilərimiz isə xüsusi diqqət və qayğı ilə əhatə olunurlar. Bu məqsədlə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birlikdə mütəmadi olaraq İkinci Qarabağ müharibəsində yaralanmış qubalı döyüşçüləri ziyarət edərək onların problemləri ilə maraqlanır, Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən dövlət qayğısı barədə ətraflı müzakirələr aparırlar.



Həmçinin bir müddət əvvəl Quba şəhərinin adsız küçələrinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun, Quba rayonundan olan Vətən Müharibəsi Qəhrəmanları Şahin Allahyarov və Mehrab Niftəliyevin, eləcə də Quba şəhərindən olan Vətən Müharibəsi şəhidlərinin adının verilməsi ilə bağlı lövhələr vurulmuşdur. Yanvar ayının 28-də isə Quba RİH-nin başçısı Alpan kəndində “Şəhidlərin xatirə kompleksi”nin yaradılacağı əraziyə baxış keçirmiş, şəhid ailələri və kənd ictimaiyyətinin nümayəndələri ilə məsləhətləşmələr aparmış, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Quba Rayon İcra Hakimiyyətindən verilən daha bir məlumata görə fevral ayının 17-də Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba Gənclər Mərkəzində bir qrup psixoloq və psixiatrın iştirakı ilə 44 günlük Vətən müharibəsi nəticəsində doğmalarını itirmiş şəhid ailələrinin üzvlərinə, o cümlədən psixoloji problemlər yaşayan qazilərimizə psixoloji yardım göstərilmişdir.

Şəhər və kənd yollarının yenidən qurulması işləri davam edir

Əlbəttə ki, rayon rəhbərliyinin ümdə vəzifələrindən biri də ümumi iqtisadi inkişaf fonunda bölgədə abadlıq-quruculuq işlərini həyata keçirilməkdən, infrastukturun yenilənməsini və müasirləşdirilməsini təmin etməkdən ibarətdir. Məhz bu baxımdan da Qubada görülən işlər diqqətəlayiqdir. O cümlədən bu ilin əvvəlindən Quba şəhərinin ən böyük yaşayış massivlərindən biri olan, “Aeroport ərazisi” adlanan, 32-33-cü məhəllədəki küçələrin yollarında yenidənqurma işləri həyata keçirilir.



Fevralın 9-da isə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayonun Amsarqışlaq və Bağbanlı kəndlərində olmuşdur. İcra başçısı Amsarqışlaq kəndinin bir qrup sakini ilə görüşmüş, kəndin problemləri ilə tanış olmuş, kənd yolunun yaxın vaxtlarda yenidən qurulması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Bağbanlı kəndində isə Ziyəddin Əliyev burada əsaslı təmir olunan 16 saylı körpələr evi-uşaq bağçasında aparılan işlərlə tanış olmuş, kəndin yolunun yaxın vaxtlarda təmir və yenidənqurulması ilə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini vermişdir.

Vaksinasiya prosesi xüsusi diqqət mərkəzindədir

Qeyd etmək lazımdır ki, COVİD-19 pandemiyası ilə mübarizənin ən gərgin dönəmlərində də rayon iqtisadiyyatının bu böhrandan minimal itkilərlə çıxması, eləcə də karantin rejimi ilə bağlı yaranmış vəziyyətə görə vətəndaşların yaşam səviyyələrinin düşməməsi və zəruri tələbatlarının dövlət hesabına ödənilməsi kimi məsələlər Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılıb, bütün zəruri tədbirlər vaxtında və yüksək səmərəliliklə həyata keçirilib. Bu gün də rayonda postpandemiya dövrünə hazırlıq işləri tam ciddiliyi ilə aparılır. Elə 2 fevral 2021-ci il tarixdə keçirilmiş növbəti videomüşavirə də bu məsələlərə həsr olunmuşdu. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev keçirdiyi və İnzibati Ərazi Dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin və bir sıra idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirak etdikləri videomüşavirədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixli Qərarından irəli gələn vəzifələr, eləcə də rayonda görülmüş işlər, hazırda həyata keçirilən və həyata keçirilmməsi nəzərdə tutulan layihələr barədə ətraflı danışılmış, cari məsələlər müzakirə olunmuş, aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələr verilmişdir.



Təbii ki, COVİD-19 infeksiyası ilə mübarizədə ən mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də vaksinasiyadır. Məlum olduğu kimi 19 yanvar 2021-ci il tarixdən etibarən ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vaksinləşmə prosesi başlamışdır. Bu gündən yəni 08 fevral 2021-ci il tarixdən başlayaraq isə yaşı 65 və 65-dən yuxarı olan vətəndaşlara peyvəndlərin vurulmasına başlanmışdır. O cümlədən hazırda Qubada vaksinasiya Rayon Mərkəzi Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsində xüsusi olaraq yaradılmış vaksinasiya məntəqəsində aparılır. Rayon İcra Hakimiyyətinin saytında isə əhaliyə təbliğat xarakterli müraciət və vaksinasiya ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “covid peyvəndi üçün randevu götürülməsi təlimatı” yerləşdirilmişdir.

Beləliklə, qubalılar 2020-ci ilin bütün dünyaya yaşatdığı COVİD-19 kabusunun törətdiyi bütün fəsadları ən qısa zamanda aradan qaldırmaqda və həyatı yenidən öz axarına qaytarmaqda tam qərarlıdırlar. Əlbəttə ki, rayonun böhranlı vəziyyətdən minimal itkilərlə çıxa bilməsi, eləcə də sərt karantin rejimi dövründə vətəndaşların yaşam səviyyələrinin düşməməsi və zəruri tələbatlarının dövlət hesabına təmin olunması istiqamətində Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən bütün lazımi tədbirlərin vaxtında və yüksək səmərəliklə həyata keçirilməsi xüsusi olaraq vurğulanmalıdır. Lakin bütün bunların müqabilində bəzi saytlarda hansısa qüvvələrin sifarişləri əsasında Quba RİH-nin fəaliyyətinə dair qərəzli məlumatların dərc olunması isə tamamilə yolverilməz bir haldır.

Abbas Abbasov
Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi

8281 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-02-2021
23-02-2021