Mobil versiya
Xocalı soyqırımı bəşəri cinayətidir
Tarix: 23-02-2021 | Saat: 10:42
Bölmə:Siyasət | çapa göndər

Xocalı soyqırımı bəşəri cinayətidir

Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış, 1992-ci ilin 26 fevral gecəsində erməni silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı işlənmiş tarixi bir cinayət hesab olunur. Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik insan tərəfindən törədilmiş, XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermişdir.

Fevralın 25-dən 26-na keçən gecə Erməni silahlı qüvvələri SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini işğal etmişlər. Sonra Ermənistan silahlı qüvvələri sağ qalmış sakinlərə vəhşicəsinə divan tutmuşlar. Bu müdhiş soyqırım zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. 1993-cü ildə xalqın təkidilə hakimiyyətə gətirilən Ulu Öndər Heydər Əliyev daxili sabitliyin təmin olunması, siyasi, iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində fəaliyyətə başladı. Dövlətin həm daxili, həm də xarici siyasətində Xocalı soyqırımı, onun obyektiv şəkildə bəyan olunması, tanınması ön plana keçdi. Ümummilli Lider Heydər Əliyev Prezident səlahiyyətlərini həyata keçirərkən erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir.1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı «Xocalı soyqırımı günü» kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu. Xocalı soyqırımına siyasi qiymətin verilməsi göründüyü kimi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xocalı Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan Ümummilli Lider Heydər Əliyevin başladığı və Cənab Prezident İlham Əliyevin davam etdirdiyi məqsədyönlü, ardıcıl siyasət nəticəsində Azərbaycan dövləti az bir vaxtda ermənilərin anti-Azərbaycan təbliğatının zəiflədilməsinə, bəzi məqamlarda isə ifşa edilməsinə nail oldu. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində töhfələri böyükdür.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Xocalı soyqırımının, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədi daşıyır. Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə, irqi və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə istiqamətlənib. Artıq bu təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir.

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu sahədə görülən işləri daha da sürətləndirib, səmərəsini artırıb. Aparılan ümumi işin nəticəsi olaraq bu gün dünyanın bir çox ölkə və təşkilatları hadisəni soyqırımı kimi tanıyıb. Meksika Senatı Xocalı faciəsini soyqırımı adlandırıb, Pakistan soyqırımı pisləyən qətnamə qəbul edib, Kolumbiya Parlamenti hadisəni soyqırımı kimi tanıyıb, Çexiya, Bosniya və Herseqovina parlamentləri Xocalı soyqırımını rəsmən tanıyıb, Peru, Honduras, Cibuti parlamenti, ABŞ-ın 21 ştatı Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı da Xocalı qətliamını soyqırımı və insanlığa qarşı cinayət kimi tanıyıb. Türkiyənin bütün ictimai təşkilatları, QHT və siyasi partiyaları, türk ictimai rəyi Xocalı faciəsini soyqırımı kimi tanıyır, hər il Türkiyə Böyük Millət Məclisində qətliamla bağlı dinləmələr keçirilir.

Dövlətmizin apardığı uğurlu xarici siyasət nəticəsində ABŞ-ın Florida ştatının Aventura şəhərinin meri Enid Veisman öz adından və Aventura Şəhər Komissiyası adından “26 fevral 2021-ci il tarixinin Xocalı faciəsinin anım günü” kimi qeyd edilməsinə dair bəyanat yayıb. Bəyanatda 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin sakinlərinin – qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 600-dən artıq günahsız dinc əhalinin qətliama məruz qaldığı qeyd edilir. Bildirilir ki, Human Rights Watch və digər beynəlxalq insan hüquqları təşkilatları bu faciəni böyük qətliam adlandırıb. Florida ştatında, Aventura şəhərində və bütün dünyada yaşayan azərbaycanlıların 26 fevral tarixini Xocalı faciəsi qurbanlarının xatirəsinin anım günü kimi qeyd etdiyi vurğulanır.

Həmçinin, Estoniya parlamentinin - Riyqikoqunun Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat qəbul edib. Qrupun üzvləri Azərbaycan xalqına Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dərin hüznlə başsağlığı veriblər. Azərbaycan və Ermənistan arasında Qarabağ bölgəsindəki bütün hərbi fəaliyyətlərin dayandırılmasını alqışlayırıq. Azərbaycan Respublikasının davamlı sülh, inteqrasiya və azad edilmiş ərazilərin inkişafı istiqamətindəki səylərinə dəstəyimizi bildiririk”, - deyə bəyanatda vurğulanır.

Cənab Prezidentin də, dəfələrlə qeyd etdiyi kimi, bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişmişdir: “ Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu Türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi .Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəkdir. O gün gələcəkdir ”.

Və o gün gəldi, Dövlət Başçısının uğurlu siyasi və hərbi strategiyasının nəticəsində 44 günlük qısa müddət ərzində rəşadətli Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Ermənistan ordusuna sarsıdıcı zərbə vuraraq, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpağlarımızı işğaldan azad etdi və şanlı zəfər münasibətilə Azadlıq Meydanında “Zəfər Paradı” təşkil edərək Azərbaycan Dövlətinin gücünü, qüdrətini nümayiş etdirdi. Vətən müharibəsində xalq–iqtidar birliyimiz bütün dünyaya sübut etdi ki Azərbaycan Dövləti güclüdür, qüdrətlidir və Azərbaycan xalqı daima Dövlət Başçısını dəstəkləyərək ətrafında sıx birləşir.


Aydın Şixəliyev
YAP Saatlı rayon təşkilatının məsul işçisi
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024