Mobil versiya
Etibar Heydərov: “Şuşa yenidən dirçələcək və dünyanın ən gözəl mədəniyyət mərkəzlərindən biri kimi hər kəsi heyran qoyacaq”
Tarix: 05-02-2021 | Saat: 14:42
Bölmə:Gündəm | çapa göndər

Etibar Heydərov: “Şuşa yenidən dirçələcək və dünyanın ən gözəl mədəniyyət mərkəzlərindən biri kimi hər kəsi heyran qoyacaq”


“Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müşahidə etdiyimiz dağıntılar, viran qoyulmuş şəhər və kəndlərimiz, dağıdılmış və təhqirə məruz qoyulmuş tarixi, mədəni, dini abidələr erməni faşizminin əslində necə böyük bir təhlükə olduğunu aydın şəkildə göstərir. Beynəlxalq təşkilatlar ermənilər tərəfindən törədilmiş bu vandalizm aktlarına hüquqi qiymət verməli, dünya ictimaiyyəti isə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəsilə bütün Cənubi Qafqazı erməni faşizminin real təhdidindən qurtarması faktını qəbul etməlidir”– bu sözləri saytımıza verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov deyib.

Müsahibimiz ona ünvanlanan sualları cavablandıraraq bildirib ki, bu gün işğaldan azad edilmiş Azərbaycan əraziləri faşizmə və separatizmə yol verilən bölgələrdə hansı fəlakətlərin baş verə biləcəyinə dair ən bariz əyani sübutdur. Etibar Heydərov son 30 il ərzində ermənilərə havadarlıq edən bəzi dövlətlərin və beynəlxalq təşkilatların tarixi qələbəmizə qədər Azərbaycanın işğal altında olan ərazilərində baş verənlərə görə elə ermənilərin özləri qədər məsuliyyət daşıdıqlarını vurğulayıb: “Bu gün işğaldan azad edilmiş torpaqlarımızdan yayımlanan görüntüləri ürək ağrısız izləmək olmur. Erməni qəsbkarları bizim torpaqlarımızı zəbt edərək, həmin ərazilərdə bütün infrastrukturu dağıdıb, rayon və şəhərlərimizi viran qoyub, talayıblar. Bütün bu faktlar bir daha göstərir ki, biz hansı ümumbəşəri bəlaya qarşı mübarizə aparmışıq və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu bütün Cənubi Qafqazı necə böyük bir təhlükədən xilas edib. Möhtərəm Prezidentimizin dediyi kimi, bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Ağdam, Füzuli, Cəbrayıl şəhərləri tamamilə viran qoyulub, Qubadlı və Zəngilanda isə sadəcə olaraq bir neçə ev qalıbdır, özü də yarıdağılmış vəziyyətdə. Bütün bu illər ərzində beynəlxalq təşkilatların həmin bölgələrdə olan nümayəndələri bu vandalizm faktlarını gizlədirdilər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Bu məqsədlə də bu gün işğaldan azad olunmuş ərazilərimizə Prezident İlham Əliyevin təşəbbüsü və təkidilə bütün dünyadan jurnalistlər, diplomatik korpusun nümayəndələri dəvət olunurlar. Bütün dünya erməni faşizminin bəslənməsi kimi təhlükəli təcrübələrin hansı acınacaqlı nəticələrə gətirib çıxardığını bilməli və görməlidir. Son 30 il ərzində erməni separatizminə dəstək verən, onlara havadarlıq edən dövlətlər və təşkilatlar isə bütün bu baş verənlərə görə onların özlərinin də ermənilər qədər məsuliyyət daşıdıqlarını qəbul etməlidirlər.” Ermənilərin işğal etdikləri ərazilərdən azərbaycanlıları birdəfəlik qovmaq niyyətində olduqlarını deyən təşkilat sədri öz fikirlərini davam etdirərək bildirib ki, bizim həmin ərazilərə yenidən qayıda bilməyəcəyimizi düşünən düşmənlərimiz tarixi səhvə yol veriblər: “Ermənilər və onların havadarları Azərbaycan xalqını zəif bilirdilər. Onlar düşünürdülər ki, şəhər və kəndlərimizi dağıtmaqla, evlərimizi viran qoymaqla bizim iradəmizi sındıracaqlar və biz bir daha həmin torpaqlara geri dönməyəcəyik. Lakin onlar bununla böyük tarixi səhvə yol

verdilər. Azərbaycan Prezidentinin polad iradəsi bütün xalqı səfərbər etdi və öz ətrafında sarsılmaz birliyə gətirdi. Azərbaycan yenidən ayağa qalxdı, gücləndi, qüdrətli ordu qurdu və biz tarixi yenidən yazdıq. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan onların belini qırıb, onların başını əzib, onların ordusunu məhv edib, onların ideologiyasını məhv edib, illər boyunca, onilliklər boyunca onların yetişdirdikləri ideoloji əsasları məhv edib. Viran qoyulmuş şəhər və kəndlərimiz isə ən qısa zamanda bərpa olunacaq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz müsahibəsində Şuşanın tezliklə sadəcə Azərbaycanın deyil, həmçinin bütün dünyanın aparıcı mədəniyyət paytaxtlarından birinə çevriləcəyini bəyan etdi. Artıq sadəcə xalqımız deyi, bütün dünya bilir ki, Azərbaycan Prezidenti verdiyi bütün vədlərə hər zaman dəqiqliklə əməl edir. Az bir zaman keçəcək və bütün dünya işğaldan azad edilmiş rayonlarımızın, şəhər və kəndlərimizin möhtəşəm dirçəlişinə heyran qalacaq.”

Daha sonra Etibar Heydərov Azərbaycanda ötən aydan başlanmış koronavirus infeksiyasına qarşı peyvəndləmə prosesinə dair əməkdaşımızın suallarını cavablandıraraq qeyd etdi ki, ölkəmiz pandemiya ilə mübarizə tədbirlərinin həyata keçirilməsində dünyaya yeni bir model təqdim etdiyi kimi, vaksinasiya məsələsində də əksər ölkələr örnək ola bilər. Təşkilat sədri bu xüsusda Prezident İlham Əliyevin dünya dövlətlərinə ünvanladığı bərabərlik və ədalət prinsiplərinin gözlənilməsinə çağırış mesajının bütün bəşəriyyət üçün son dərəcə böyük əhəmiyyət kəsb etdiyini vurğuladı: “Həqiqətən insanların, qlobal miqyasda götürsək, elə dövlətlərin də əsil xisləti, mahiyyəti daha çox məhz böhran vəziyyətində özünü tam çılpaqlığı ilə büruzə verir. Fikir verirsinizsə, COVİD-19-a qarşı peyvəndin tapılması və istehsalına başlanması ilə bir çox ölkələr arasında ciddi narazılıqlar da yarandı. Vaksinasiya Avropada, hətta müttəfiqlər arasında münasibətlərdə ziddiyyətlərə səbəb oldu. Məsələn, Böyük Britaniya ilə Avropa İttifaqı ölkələri arasında böyük qalmaqal yarandı. Materik ölkələri Böyük Britaniyanı ittiham edirlər ki, onların istehsal etdikləri vaksinin qeyri-ədalətli bölünməsi ilə bağlı çox ciddi proseslər gedir. Həmçinin Kanada əhali sayı nəzərə alınmaqla ölkəsinə tələb olunandan 4 dəfə artıq vaksin sifariş etməklə süni şəkildə defisit yaradır. Əlbəttə ki, vaksinlər uğrunda bu mübarizə getdikcə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər. Bu mübarizəyə qatılmağa iqtisadi gücü çatmayan ölkələr isə sadəcə baş verənləri səssiz seyr etməklə kifayətlənirlər. Və bütün bu baş verənlərin fonunda bütün dünya yenidən Azərbaycan Prezidentinin insanpərvərliyə çağırışını eşidir: “Vaksinasiyada da ədalət prinsipinə riayət olunmalıdır... 120 milyon insana vaksin çatmayacaq. Onlar xəstələnəcəklər, öləcəklər... Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr, real ehtiyaclarının 4-5 mislini təmin edirlər. Bu müstəmləkəçiliyin yeni təzahürüdür... Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi buna səssiz qalmayacaq. Azərbaycan bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edir ki, onlar da səsimizə qoşulsunlar və bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr neqativ praktikadan əl çəksinlər...” Bəli, dövlətimizin başçısı bu gün Azərbaycanın BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının lideri kimi sadəcə beynəlxalq konfranslara sədrlik etmək üçün deyil, mövcud imkanlardan həm də qlobal problemlərin həllində yararlanmaq niyyətində olduğunu bütün dünyaya bir daha net şəkildə bəyan etdi.

Özümüzə gəlincə isə, bilirsiniz ki, ölkəmiz Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkə oldu. Azərbaycan COVAKS təşəbbüsünün üzvüdür və COVAKS xətti ilə vaksinlər ölkəmizə gətirilir. Artıq 4 milyon doz vaksin sifariş edib və onların ölkəmizə gətirilməsi təmin edilib. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Əminliklə demək olar ki, nəzərdə tutulmuş müddət ərzində Azərbaycanda vaksinasiya tam olaraq başa çatdırılacaq.”

Sonda Etibar Heydərov ölkəmizdə səhiyyənin inkişafı yönümündə son 17 ildə xüsusilə böyük işlər görüldüyünü qeyd edərək bildirdi ki, Azərbaycan vətəndaşının təhlükəsizliyi, rifahı və əlbəttə ki, ilk növbədə sağlamlığı hər zaman dövlətin diqqət mərkəzində olub: “Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşası da ölkəmizdə vətəndaşların sağlamlığına dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğının növbəti sübutudur. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Əlbəttə ki, bu faktın özü də ölkəmizdə səhiyyə sahəsinin dövlətimiz tərəfindənən yüksək səviyyədə diqqət mərkəzində saxlanıldığını və xüsusi qayğı ilə əhatə olunduğunu bir daha sübut edir. Diqqətəlayiq haldır ki, Azərbaycanda son 17 ildə 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Nəticədə bu gün ölkəmizdə səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu ən yüksək standartlara cavab verir. Artıq bu ilin ilk aylarından müşahidə etdiyimiz proseslər belə deməyə əsas verir ki, Azərbaycan səhiyyəsi bundan sonra da öz inkişafını yüksək dinamika ilə davam etdirəcək.”

Murad Əsədov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024