“Təəssüf ki, kiçik şirkətlər bəzən müdaxilə ilə üzləşir...” - İlham Əliyev
Tarix: 13-04-2016 | Saat: 13:26
Bölmə:Siyasət | çapa göndər
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib.
"AİA.az" AzərTac-a istinadən prezidentin çıxışının tam mətnini təqdim edir.
Prezident İlham Əliyevin giriş nitqi:
"Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşməkdən çox məmnunam. Bilirəm ki, Palataya daxil olan şirkətlər və üzvlər uzun illərdir Azərbaycanda işləyirlər, ölkəmizin müsbət istiqamətdə iqtisadi inkişafına böyük töhfə verirlər. Əvvəlcə, mən bu cür mühüm töhfələrinə və uzunmüddətli tərəfdaşlığına görə şirkətlərə minnətdarlığımı bildirmək istəyirəm.
Mənə verilən məlumata görə, Palata 20 il öncə təsis edilib. Bu, məhz Azərbaycanın sürətli iqtisadi inkişafının başladığı dövrə təsadüf edir. Çünki həmin vaxtdan əvvəl, vəziyyət çox mürəkkəb idi. Ciddi iqtisadi çətinliklər, iqtisadi tənəzzül, durğunluq müşahidə olunurdu. 1996-cı il iqtisadiyyatımızın inkişafa başladığı il oldu və bu artım 20 ildir ki, davam edir.
Bilirəm ki, nəinki Amerika şirkətləri, o cümlədən yerli şirkətlər və digər ölkələrin şirkətləri Palatanın üzvləridir. Lakin əlbəttə ki, Palata məhz ABŞ şirkətləri tərəfindən təsis edilib. Buna görə, o, Amerika Ticarət Palatası adlanır.
Bildiyiniz kimi, bu yaxınlarda mənim Birləşmiş Ştatlara olduqca uğurlu səfərim baş tutub. Mən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etdim və eyni zamanda, ABŞ-ın siyasi rəhbərliyi, vitse-Prezidenti, dövlət katibi ilə görüşlər oldu. Biz ikitərəfli gündəliyimizə aid mühüm məsələləri, siyasi, təhlükəsizlik, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlığı müzakirə etdik. İqtisadi əməkdaşlığımız əsasən ticarət naziri ilə görüşüm zamanı müzakirə olundu. Əslində, biz sizin də Azərbaycanda fəaliyyətinizi müzakirə etdik və razılığa gəldik ki, ölkələrimiz arasında iqtisadi iş birliyi respublikamızın, regionumuzun inkişafına, ABŞ-ın Azərbaycandakı maraqlarına və ölkəni inkişaf etdirmək, Azərbaycanda davamlı inkişafı yaratmaq planlarımıza uyğun olan eyni ölçüyə malik olmalıdır.
Siz ölkəmizdə uzun illərdir ki, çalışırsınız. Reallığı, vəziyyəti və nailiyyətləri bilirsiniz. Ona görə də, bu barədə çox danışmaq istəməzdim. Planlarımız haqqında bir neçə söz söyləsəm daha yaxşı olar. Bu planlarımız ictimaiyyətə, həmçinin biznes dairələrinə yaxşı məlumdur. Çünki bildiyiniz kimi, mən Azərbaycanın işgüzar dairələri ilə tez-tez görüşlər keçirirəm. İldə bir dəfə geniş konfransımız olur. Həmin tədbirdə il ərzində əldə olunmuş nailiyyətlər, o cümlədən rayonların inkişafı müzakirə edilir, bütün mühüm məsələlər nəzərdən keçirilir. Həmçinin Nazirlər Kabinetinin toplantılarında görülmüş işlərə, nailiyyətlərə, çatışmazlıqlara və gələn rüb üçün planlara nəzər salırıq.
Bu səbəbdən, indi söyləyəcəyim bəlkə də sizin üçün sirr deyil. Lakin hesab edirəm ki, sizin özünüz bunu birbaşa eşitsəniz daha yaxşı olar. Bu gün dünyadakı iqtisadi vəziyyəti və regiondakı siyasi durumu nəzərə alsaq aydın olur ki, heç bir ölkə uzun perspektivdə yalnız öz resurslarına əsaslana bilməz. Müxtəlif ölkələrdə fərqli resurslar var. Keçmiş sovet məkanındakı ölkələrə gəldikdə, onlar əsasən resurslara əsaslanır. Bəzi hallarda, söhbət neft və qazdan, digər hallarda başqa resurslardan gedir. Lakin ola bilər ki, başlanğıcda bu, təbii hal idi, çünki həmin vaxt biz iqtisadiyyatı dəyişməli, ilkin kapitalı yaratmalı və əsas iqtisadiyyatlara hansı şəkildə inteqrasiya haqqında düşünməli idik.
Hazırda həmin dövr artıq sona çatıb. Bu, əsasən neft qiymətlərinin sürətlə, üç–dörd dəfə aşağı düşməsi ilə bağlıdır. Bu, bir növ siqnal oldu ki, biz islahatlar sahəsində daha çox işlər görməliyik. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların təxminən hamısı neft və qazla zəngin olmayan ölkələrdir. Lakin innovasiya, biznes mühiti, texnologiya - bunlar inkişafa səbəb oldu və bu gün dünya iqtisadiyyatının aparıcı qüvvəsidir. Bunun qarşımızda yaxşı nümunələri var və biz olduqca dərin, ciddi islahatlara sadiqik.
Bizim üçün bir nömrəli məsələ neft və qazdan asılılığı azaltmaqdır. Baxmayaraq, neft və qaz iqtisadiyyatımız, region, enerji təhlükəsizliyi üçün mühüm rolunu davam etdirəcək. Bildiyiniz kimi, Azərbaycan tərəfdaşlarımızın enerji təhlükəsizliyində çox önəmli rol oynayır. Neft və qaz sahəsinə yatırılan sərmayələr ölkəmizin, eləcə də digər ölkələrin gələcəyinə yönələn sərmayələrdir. Lakin iqtisadiyyatımız üçün bu, artıq prioritet deyil. Mən Nazirlər Kabinetinə nefti yaddan çıxarmağı tövsiyə etmişəm. Hasilat, nəql etmək, geniş həcmdə qaz hasilatına başlamaq yalnız Neft Fondumuzda daha çox vəsaitlərin toplanması üçün zəruridir. Ümid edirəm ki, vaxt gələcək biz Neft Fondundan büdcəyə vəsaitlərin köçürülməsini kəskin şəkildə azaldacağıq. Bu köçürmələr hazırda baş verir və bu, neftin qiymətləri ilə bağlıdır. Lakin hesab edirəm ki, bu vəziyyət də iqtisadiyyatımızı şaxələndirmək üçün yaxşı fürsətdir. Bir nömrəli vəzifə neftdən, qazdan asılılığı azaltmaq və şaxələndirmədir. Biz bunun üzərində çalışırıq və son on ildən artıq dövrdə bir milyondan çox daimi iş yeri açmağa, regional infrastrukturun, xidmətlərin inkişafına müvəffəq olduq.
Həmçinin sənaye potensialı yaradılmışdır. Lakin bu, kifayət deyil, çünki bizə iqtisadiyyatımızın qeyri-neft sektorunda daha surətli artım lazımdır. Bu səbəbdən, şaxələndirmə bir nömrəli məsələdir. Bununla yanaşı, yeni iş yerləri açılmalıdır. Çünki Azərbaycanın müsbət demoqrafik vəziyyəti ilə əlaqədar, biz hər il minlərlə, hətta on minlərlə iş yeri yaratmalıyıq, belə ki, əhali iş yerlərinin açılmasına nisbətdə daha sürətlə artır. Əhali artımı isə birmənalı olaraq, iqtisadi inkişafla bağlıdır. Əgər siz əhali artımının dinamikasına baxsanız, görərsiniz ki, o, Azərbaycanın iqtisadi vəziyyətinə tam uyğundur. Əlbəttə ki, gələcəkdə daha sürətli iqtisadi inkişafı planlaşdırırıq. Bu səbəbdən, iş yerlərinin açılması da təhsil islahatları ilə əlaqələndirilməlidir. Çünki hökumətin daha çox iqtisadi fəaliyyəti planlaşdırdığı sahələrdə bizə mütəxəssislər lazım olacaq. Bu vaxta qədər bizdə həmin əlaqələndirmə olmayıb. Bu səbəbdən müəyyən qeyri-tarazlıq müşahidə olunur. Bəzi sektorlarda mütəxəssislərimizin sayı lazım olmayan dərəcədə çoxdur və bizə lazım olan sahələrdə isə onlar çatışmır.
İdxaldan asılılığın azaldılması, həmçinin prioritetlərdən biridir. Biz əsas istehlak sahələri üzrə asılılığı azaltmağa nail olmuşuq. Lakin yenə də asılı vəziyyətdəyik. Bu səbəbdən milli valyutamızın neftin qiymətləri və qonşuluqda baş verənlər baxımından qaçılmaz olan devalvasiyası inflyasiyaya, əlbəttə ki, təsir göstərdi. Əgər biz bütün istehlak sahələri üzrə özümüzü 100 faiz təmin etsəydik, devalvasiyanın mənfi təsiri daha az olardı. Lakin, bu, eyni zamanda, daha rəqabətcil olan yerli istehsalı stimullaşdırmaq üçün fürsətdir.
İxrac təmayüllü istehsal hazırda əsas prioritetlərdən biridir. Bu, əvvəlcə prioritet deyildi, çünki açıq desək, neftdən əldə edilən nağd vəsaitlərin həcmi büdcə profisitini və gözəçarpan valyuta ehtiyatlarını təmin etmək üçün kifayət idi. Hazırda neftin qiyməti aşağı düşdükdən sonra biz onu digər ixrac təmayüllü məhsullarla kompensasiya etməliyik. Bunu etmək üçün biz düzgün marketinq, fəal diplomatiya aparmalıyıq. Beynəlxalq bazarlara yeni məhsullarla daxil olmaq asan deyil. Xüsusən də indiki dövrdə, cari geosiyasi vəziyyətdə. Bu halda ənənəvi istehsalçılar ənənəvi bazarlara daxil olmaqda çətinlik çəkirlər.
Bir sözlə, biz xarici bazarlara nəyi təqdim edə bilərik? Söhbət əsasən asan satıla bilən məhsullardan gedir. Bu səbəbdən iqtisadiyyatın həmin sektorlarına diqqətin yönəldilməsi, xüsusən də infrastruktur sahəsinə diqqət hazırda bir nömrəli məsələ olmalıdır. Biz ixracın stimullaşdırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atmışıq. Odur ki, ixraca yönəlmiş iqtisadiyyatı yaratmaq üçün bu sahədə hansı işlərin görülməsini sizdən eşitsək yaxşı olar. Biznes mühitinin yaxşılaşdırılması, əlbəttə ki, əsas prioritetlərdən biridir. Sərmayə mühitinin də təkmilləşdirilməsi bu məqsədlə bağlıdır. Enerji sektorunda çox münbit investisiya mühiti var, çünki bütün pay bölgüsü sazişləri parlament tərəfindən təsdiqlənir və qanun formasını alır. Lakin, əlbəttə, biz eyni vəziyyəti iqtisadiyyatımızın bütün digər sektorlarında da təmin etməliyik ki, investorlar sərmayələrinin qorunmasına tam əmin olsunlar, şərtlərin dəyişdirilməsi, müdaxilələr olmasın. Proqnozlaşdırılan investisiya mühiti mövcud olmalıdır. Biz yalnız bu halda hazırkı şəraitlər əsasında investisiyaları cəlb edə bilərik. Bu, bizə lazımdır. Lakin bunu etmək üçün, - siz daha yaxşı bilirsiniz, – müvafiq şəraitlər olmalıdır. Qanunverici əsaslar, qanunun aliliyi, sərmayələrin qorunması, bürokratik maneələrin, istər yerli, istərsə də xarici şirkətlərin fəaliyyətinə hər hansı qeyri-qanuni müdaxilələrin aradan qaldırılması vacibdir. Fikrimcə, xarici şirkətlər daha yaxşı şəraitdədirlər, çünki bəzən qeyri-qanuni müdaxilə olan halda, onlar birbaşa və ya hökumətləri vasitəsilə məlumat verə bilir və həmin məsələlər öz həllini tapır.
Lakin bəzən yerli şirkətlər ümidsiz, köməksiz qalır. Bu, davamlı iqtisadi inkişafa ən böyük maneələrdən biridir. Bir sözlə, biz islahatlara, yaxşı idarəçiliyə, biznes üçün daha çox imkanların yaradılmasına, o cümlədən investisiya mühitinə, ixrac potensialının stimullaşdırılmasına və sərmayələrin cəlb edilməsinə olduqca bağlıyıq. Görüləcək iş çoxdur. Fikrimcə, biz məqsədlərimizə nail olacağıq. Eyni zamanda, iqtisadiyyatın elə sektorları var ki, bizim üçün prioritet təşkil edir. Əlbəttə, investisiyaların həmin sektorlara cəlb edilməsi yaxşı olar. Onlardan biri əlavə potensialı, o cümlədən ixrac məhsullarını yarada biləcək kənd təsərrüfatıdır. O, həmçinin məşğulluq məsələlərinə də yardım edə bilər, çünki əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Biz kənd yerlərində artıq müvafiq infrastrukturu yaratmışıq. Qaz, elektrik enerjisi və su ilə təchizatı təmin etmişik. Yollar çəkmişik. Bütün bu layihələr ya tam reallaşıb, yaxud da başa çatmaq üzrədir.
Həmçinin yüksək texnologiyalar sektoru bizim üçün prioritetdir. Bu sahədə də Azərbaycan və ABŞ şirkətləri arasında yaxşı əməkdaşlıq var. Kənd təsərrüfatı sahəsində, həmçinin sizin texnologiyadan istifadə edərək biz eyni torpaq sahəsində daha çox məhsul becərə bilərik.
Turizmə gəldikdə, biz bu sahəyə fəal şəkildə sərmayələr yatırırıq. Hazırda əlavə addımlar atılır ki, xarici turistlər Azərbaycana daha asan səfər etsinlər. Xüsusən, coğrafi mövqeyi, xalqımızın qonaqpərvərliyini, təhlükəsizliyi, dostluq mühitini və istər Bakıda, istərsə də rayonlarda artıq mövcud infrastrukturu, o cümlədən müxtəlif iqlim şəraitlərini nəzərə alsaq, turistləri daha çox cəlb edə bilərik. Əfsuslar olsun ki, hazırkı vəziyyət bizi qane etmir. Biz turizm sənayesini yaratmalıyıq. Bu, bizdə yoxdur. Turizmin, əgər belə demək olarsa, əlavə həcmini təmin etmək üçün müəyyən addımlar atılıb, lakin turizm sənayesi mövcud deyil. Biz bunu etməliyik. Hazırda, dünyada tanınan otellər ölkəmizdə var. Fikrimcə, şirkətlər bu işdə bizə yardım edə bilərlər.
Əlbəttə, əvvəldə qeyd etdiyim kimi, məşğulluq hər zaman gündəliyimizdə olacaq. Bu sahədə heç vaxt işimizi bitirmiş kimi hesab etmirik. Bu səbəbdən iqtisadiyyatın sənaye sektorlarının, ağır sənayenin, toxuculuq sənayesinin yaradılması da resurslarımızla bağlıdır. Böyük dəmir filizi ehtiyatlarını nəzərə alsaq, poladəritmə sənayesinin böyük potensialı var. Pambığın yetişdirilməsi üçün müvafiq olan iqlim şəraitini nəzərə alsaq, toxuculuq sənayesinin imkanları da mövcuddur və sair.
Bu haqda çox danışa bilərəm və bütün vaxtımızı şərhlər üçün istifadə etmək istəməzdim. Lakin sizə planlaşdırdığımız işlər barədə məlumat vermək istədim və nəyin edilməsi ilə əlaqədar fikir söyləyə bilərsiniz. Daha fəal sərmayələr, yerli və xarici şirkətlərin fəaliyyəti üçün maneələr nədən ibarətdir? Fikrinizcə, hökumət çalışdığımız vəziyyəti yaratmaq üçün hansı əlavə işləri görməlidir? Bunları nəzərə alaraq, sizi çıxış etməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun".
Prezident İlham Əliyevin yekun nitqi:
"Bildiyimə görə, Palatanın bəzi üzvləri artıq mənim iqtisadi islahatlar üzrə köməkçimlə bir yerdə çalışır və buna görə öz minnətdarlığımı bildirmək istərdim. Son zamanlar tətbiq edilmiş islahatların bir hissəsi sizin dəyərli fikirləriniz sayəsində ərsəyə gəlmişdir.
Burada səsləndirilən bəzi fikirlərə münasibət bildirmək istərdim. Sizin təklif etdiyiniz bütün məsələlərlə razılaşıram və arzu edirəm ki, bütün bu təkliflər ən qısa zamanda həyata keçirilsin. Tamamilə razıyam ki, kiçik və orta müəssisələr hər bir iqtisadiyyatın aparıcı qüvvəsidir. Böyük iqtisadiyyata malik olan ölkələrin təcrübəsindən də məlumdur ki, bu, belədir.
Bizim də məhz buna ehtiyacımız var. İyirmi beş il öncə bu, belə deyildi, çünki biz siyasi sistemimizi transformasiya etməli, dövlət qurmalı və eyni zamanda, iqtisadi sistemimizi də transformasiya etməli idik. Bu səbəbdən biz hələ də həmin prosesin başlanğıcındayıq. Lakin hesab edirəm ki, kiçik və orta müəssisələrin dəstəklənməsinə diqqətin yönəldilməsi burada üstünlük təşkil edən amil olacaqdır.
Biz bu istiqamətdə müəyyən addımlar atır, daxili istehsalı təşviq edir, daha çox iqtisadi artıma ehtiyac duyulan sahələrdə özəl sektora kreditlər ayırırıq. Ancaq düşünürəm ki, bu sahədə diqqət vergi rejimi ilə bağlı qanunvericilik və sərmayə mühitinə yönəldilməlidir. Müvafiq sərmayə mühiti, kiçik və orta müəssisələr üçün imkanlar yarandığı halda onların özləri inkişaf edəcəkdir. Dövlət qurumları isə onların gündəlik fəaliyyətinə müdaxilə deyil, yalnız lazımi şərait yaratmalıdır.
Burada kiçik və orta şirkətlər ən həssas vəziyyətdədir. Çünki böyük şirkətlər özlərini müdafiə edə, öz mövqelərini ortaya qoya bilirlər. Təəssüf ki, kiçik şirkətlər bəzən müdaxilə ilə üzləşir və hesab edirəm ki, bu sahədə onlar üçün şəraitin yaradılması məqsədilə inzibati və institusional tədbirlər görülməlidir.
Sizin də qeyd etdiyiniz kimi, lisenziyaların azaldılması daha bir vacib addım olmuşdur. Nazirlər Kabinetinin sonuncu iclasında dediyim kimi, biz yoxlama və təftişlərin sayının kəskin şəkildə azalmasına nail olmuşuq. Bu, yalnız başlanğıcdır. Düşünürəm ki, özəl sektor da yeni vəziyyətə uyğunlaşacaqdır. Biz işimizi davam etdirməliyik. Bu, hər hansı bir kampaniya deyil. Bu, bizim siyasətimizdir və o, davam etməlidir.
Ancaq bu, o qədər də asan məsələ deyildir və siz də bundan xəbərdarsınız. Burada çoxsaylı əks-arqumentlər mövcud idi və mən hələ də onları eşidirəm. Lakin hesab edirəm ki, nəticələri gözləmək lazımdır. Ola bilsin ki, nəzarəti daha da gücləndirmək lazım gələcək. Gəlin ilin sonunadək gözləyək və görək hansı nəticələr əldə olunur. Əminəm ki, nəticələr bugünkülərdən də yaxşı olacaqdır.
Maliyyə və bank sektorunda nəzarət sizin də qeyd etdiyiniz kimi, çox vacibdir. Yaxın keçmişdə şahidi olduğumuz kimi, bu sektorda nəzarətin lazımi səviyyədə olmaması bizim maliyyə sistemimiz üçün çoxsaylı problemlər yaratmışdır. Bank və maliyyə sektorunun daha da güclü nəzarətə ehtiyacı var. Bildiyiniz kimi, milli valyutaya etimadın artırılması üçün addımlar atılmışdır. Əmanətlərin yüz faiz sığortalanması təmin edilmişdir. Bütün bu addımlar maliyyə sisteminin sabitləşməsi üçün atılmışdır. Bank sektoru üzərində lazımi nəzarət olsa idi, bəlkə də biz bu gün daha münasib mövqeyə malik olardıq.
Bununla belə, tərəfimizdən atılmış və sizin də yüksək qiymətləndirdiyiniz addımlar hesab edirəm ki, bizə inkişaf etmiş dövlətlərə məxsus sistemin yaradılmasında yardım edəcək.
İş icazəsi kimi məsələlər həll olunandır. Biz bürokratiyanı azaltmalı və mövcud qayda-qanunlarımızda yeni elementlər tətbiq etməliyik. Bunlar Palatanın vitse-prezidenti tərəfindən səsləndirilən fikirlər idi. “Holcim” şirkətinin nümayəndəsi də vacib fikir bildirdi. Sizin şirkətə gəldikdə, istərdim bir nümunəni diqqətinizə çatdırım. “Holcim” şirkəti Azərbaycana gələndə İsveçrə hökuməti müraciət etmişdi ki, bu şirkət Azərbaycanda fəaliyyət göstərmək və sərmayə yatırmaq arzusundadır. Xatırlayıram ki, bu, ilk iqtisadi böhran dönəminə, 2008-ci ilə təsadüf etmişdir.
Mən dərhal bu fikri dəstəklədim və daha sonra “Holcim” ölkəmizə sərmayə yatırdı. Yanılmıramsa, bu, təqribən 300 milyon ABŞ dollarına bərabər sərmayə olmuşdur. Dünyanın hər yerində sərmayə qıtlığı yaşanan bir vaxtda həmin yatırım yaxşı siqnal idi. Eyni zamanda, bu, digər şirkətlər üçün imkan yaratmış oldu və onlar da sement sektoruna sərmayə qoymaq qərarına gəldilər.
Bu gün biz bu sahədə özümüzü tam təmin etmişik, ixrac potensialımız var və əlbəttə, yerli istehsalın, istehsalçıların müdafiəsi çox vacib məsələdir. Mən hər zaman bunu əsas prioritet hesab etmişəm. Bununla yanaşı, biz yaxşı balans yaratmalıyıq ki, yerli istehsalçılar nəticədə inhisarçılara çevrilməsin. Təbii ki, rəqabətin gücləndirilməsi baxımından idxal vacibdir. Lakin diqqət yetirməli olacağımız məsələ yerli istehsalın qorunması ilə yanaşı, digərləri üçün imkanların yaradılmasından ibarət olacaqdır.
Demək istədiyim budur, biz Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, heç bir hökumətin hər hansı şirkətin Azərbaycana sərmayə qoyuluşu ilə bağlı zəruri şəraitin yaradılması üçün ölkə Prezidentinə müraciət etməsinə ehtiyac olmasın. Bizim hədəfimiz budur - “Holcim” və digərləri bunu özləri edə bilsin. Qayda, qanun və prosedurlar olsun ki, onlar gəlib asan şəkildə, bürokratiyasız sərmayə qoya bilsinlər. Arada bir çox şəxsin razılığa gəlib-gəlməməsinə, Prezidentə zəng etməyə ehtiyac qalmasın.
Mənim arzum belə bir şəraiti görməkdir və düşünürəm ki, sizin köməyinizlə bu, baş verəcək. Bu, baş verən kimi, biznes inkişaf edəcək və sərmayə qoyulacaqdır. Bu da yaxşı mexanizmdir, səmərəlidir. Əks təqdirdə, həmişə Prezident, Baş nazir və ya nazirlərdən kömək göstərmək xahiş ediləcək. Ancaq mən ümid edirəm ki, gələcəkdə bu, daha da avtonom şəkildə həyata keçiriləcəkdir.
Siz həm də infrastruktur və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərə toxundunuz. Biz bununla məşğul oluruq, qovşaq yaratmağa çalışırıq. Coğrafi yerləşməmizi və regional əlaqə istiqamətlərini nəzərə alsaq, artıq Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələri həyata keçirilməkdədir.
Bununla yanaşı, artıq elan edilmişdir ki, bizdə dəniz limanımızın yaxınlığında, Ələtdə azad ticarət zonasının yaradılmasına ehtiyac var. Beləliklə, Yaxın Şərq və Şərqi Asiya dövlətlərinin müsbət təcrübəsindən istifadə olunacaq.
Gömrük və vergi sistemlərində müsbət dəyişikliklərlə bağlı fikirlərinizə görə minnətdaram. Burada hər şey çox sadədir. Biz beynəlxalq standartlara uyğun vergi və gömrük idarəetməsinə malik olmalıyıq - biznes üçün şəffaf, açıq, proqnozlaşdırılan və dost yanaşması ilə fərqlənən sistem. Müdaxiləsiz, qeyri-qanuni tələblərsiz, gecikməsiz, inhisarçılıqsız, azad rəqabətə malik şəffaf şərait. Biz bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, ilkin nailiyyətlərimiz var və bu, uzunmüddətli siyasət olacaqdır.
Vergi auditi və Sosial Müdafiə Fondu tərəfindən aparılan yoxlamalar və işlərin asanlaşdırılması baxımından onların birləşdirilməsinin nəzərdən keçirilməsi məsələsinə toxundunuz. Bununla yanaşı, Cinayət Məcəlləsinə dair məsələlər də qeyd edilmişdir. Ümumiyyətlə, mən hesab edirəm ki, biz Cinayət Məcəlləsinin dekriminalizasiyası üzərində çalışmalıyıq. Kiçik qanun pozuntularına, məsələn, 2 min manat həcmində olan pozuntulara görə cəzaları nəzərdə tutan maddələr aradan qaldırılmalıdır. Hətta devalvasiyadan öncə 2 min manat o qədər də böyük pul deyildi. Düşünürəm ki, biz mütləq qaydada bunun üzərində çalışacağıq. Sizə bu təkliflərə görə təşəkkür edirəm.
Dövlətə məxsus müəssisələr məsələsi. Razıyam ki, burada korporativ idarəetmə özəl şirkətlərdəki kimi olmalıdır. Mən bununla bağlı artıq belə müəssisələrin rəhbərlərinə göstərişlər vermişəm və bəzilərində artıq transformasiya prosesi başlamışdır. SOCAR-da, Xəzər Dəniz Gəmiçiliyi şirkətində müsbət dəyişikliklər var və ümid edirəm ki, digər şirkətlər də bu istiqamətdə işləyəcək. Onlar ilə özəl şirkətlər arasında yeganə fərq sadəcə səhmlərinin dövlətə məxsusluğu olacaqdır.
Bu, başadüşüləndir, çünki həmin müəssisələr strateji əhəmiyyətlidir. Bəlkə vaxt gələcək ki, onların səhmləri satışa çıxarılacaq və mən bunu ehtimal edirəm. Ancaq keçmişi və deyərdim, təfəkkürü nəzərə alsaq, onlar hazırda dövlətə məxsus olaraq qalmalıdır. Hansısa bir kənddə qaz olmayanda insanlar dövlət müəssisəsinin qapısını döyürlər. Yəni, vaxt gələcək və həmin şirkətlərin bir hissəsi satışa çıxarılacaq, ancaq hazırda korporativ idarəetmə çox vacib məsələdir. Eyni zamanda, hesab edirəm ki, sistemin daha səmərəli olması ilə bağlı sizin tərəfinizdən də müəyyən istiqamət təqdim edilməlidir. O zaman onlar daha səmərəli, şəffaf və açıq fəaliyyət göstərəcək, maliyyələşdirmə, yaxud digər formada daha fəal işləyəcəklər.
Şəffaflıq məsələsinə gəldikdə, mən dəfələrlə bununla bağlı fikirlərimi bildirmişəm. Bu, hər bir ölkə və şirkət üçün vacibdir. Biz bu sahədə işləri davam etdirəcəyik.
Qordon, fikirlərinizə görə təşəkkür edirəm. Digər iştirakçılardan fərqli olaraq, biz sizinlə tez-tez görüşürük. Bu isə bizim strateji əməkdaşlığımızdan irəli gəlir. Şadam ki, iyirmi ildən artıq müddət ərzində BP Azərbaycanda fəal çalışır və sərmayə, xüsusilə yerli şirkətlər üçün imkanların yaradılması sahəsində, təhsil sahəsində gözəl işləyirsiniz. Dediyiniz kimi, əməkdaşlarınızın təqribən 90 faizi azərbaycanlılardır. Bu, yaxşı haldır və bizim yaxşı tərəfdaş olmağımızın göstəricisidir.
Ancaq BP-nin Azərbaycan iqtisadiyyatında xüsusi mövqeyə malik olmasına baxmayaraq, bizim gündəlik fəaliyyətimizdə problemlərimiz də olur və onların hamısı nəzərə alınmalıdır. Bildiyimə görə, sizin SOCAR ilə çox yaxşı işgüzar əlaqələriniz, digər dövlət təsisatları ilə də təmaslarınız var.
Problemlərin həll edilməsi siyasi mədəniyyəti çox vacib məsələdir. Ümumiyyətlə, siyasi mədəniyyət olduqca vacibdir. Biz gənc dövlətik. Hüquqi və siyasi sistemin sabitliyi, proqnozlaşdırılma istənilən sərmayəni şərtləndirən amillərdir. Sərmayələr yalnız sabit, proqnozlaşdırılan və sabit təsisatlara malik ölkəyə yatırıla bilər. Hesab edirəm ki, siyasi sabitlik Azərbaycanın üstün cəhətlərindəndir. İqtisadi və maliyyə sabitliyi də təmin olunur. Cəmiyyətimizdə xarici siyasət prioritetləri, iqtisadi və daxili siyasət, habelə ölkəmizin inkişaf istiqamətləri ilə bağlı yekdillik vardır.
Düşünürəm ki, sizin demək olar, bütün fikirlərinizə münasibət bildirdim. Bir neçə məsələni əlavə etmək istərdim. Burada elektron hökumət məsələsi qeyd edildi. Biz bu sahədə çalışırıq. “ASAN xidmət” yaxşı nümunədir. İki il ərzində oraya 7 milyon müraciət olunmuşdur və bu rəqəm böyük ehtimalla artmışdır. Bu, dövlət qulluğunda bir inqilab oldu. Bu, nəinki dövlət qulluğunda, zənnimcə, xalqımız üçün böyük yenilik oldu. Əvvəllər, onlar bunun mümkün olmasına inanmırdılar. Yəni, adamlar üçün almaq istədiklərini hər hansı tələb olmadan əldə etmələri mümkün oldu. Bir sözlə, həmin iş bunun mümkünlüyünü göstərdi. Göstərdi ki, biz buna nail ola bilərik. Hazırda isə məqsəd həmin fəaliyyəti genişləndirməkdir. Söhbət onun təkcə coğrafi baxımdan genişləndirilməsindən getmir. Hazırda rayonlarda iki mərkəz tikilmək üzrədir. Həmçinin orada göstərilən xidmətlərin sayı da artacaq. Biz daha çox xidmət növlərini əlavə edəcəyik.
Öncə söylədiyim kimi, “ASAN” hər yerdə olacaq. “ASAN” şəffaflıq, mədəniyyət, xidmət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir. Ölkəmizdə biz məhz bunlara nail olmalıyıq ki, insanlar rahat həyat sürsünlər. İnsanlar nə istəyirlər? Onlar öz hüquqlarının təmin edilməsini arzulayırlar. Onlar hər hansı qeyri-qanuni yanaşmaya məruz qalmalı deyillər. Buna görə, “ASAN” genişlənəcək və ola bilsin, siz daha hansı xidmətlərin oraya əlavə edilməsi ilə bağlı məsləhətlər verə bilərsiniz. Bu, artıq bizim brendimizdir – Made in Azerbaijan. Şadam ki, artıq əqli məhsullarla da fəxr edə bilərik.
Korrupsiya üzləşdiyimiz ciddi problemlərdən biridir. İslahatlar korrupsiyanın nəzərəçarpan dərəcədə azaldılmasına yönəldilib. Əfsuslar olsun ki, inzibati tədbirlər, eləcə də cəza tədbirləri istədiyimiz effekti vermir. Onların müvəqqəti təsiri var, çünki vaxt keçir və digər insanlar gəlir. Bu, yenə də təkrarlanır. Biz nə etməliyik? Bunun üçün təsisati tədbirlərlə şəraiti daraltmalıyıq ki, bu, mümkün olmasın. “ASAN xidmət”dəki kimi, digər sektorlarda da etməliyik. Buna görə, korrupsiyaya qarşı mübarizə davam edəcək və biz imkanları daraldacağıq. Bu bəlaya qarşı uğurlu mübarizə aparacağıq. Həmçinin bunun bir hissəsi olan bürokratiyaya da qarşı gedəcəyik. Bürokratiya korrupsiyaya bağlıdır, çünki bəzi dövlət məmurları nəyisə əldə etmək üçün bürokratik əngəllərdən istifadə edir və sahibkarların, insanların işini çətinliyə salırlar. Onlar bunu öz maraqlarını təmin etmək üçün edirlər.
Bildirmək istəyirəm ki, biz genişmiqyaslı özəlləşdirmə proqramına başlamaq fikrindəyik. Bu, artıq elan edilib. Hazırda hökumət bir sıra sektorlar üzərində çalışır. Ümid edirəm ki, biz Azərbaycanı yeni yanaşma və islahatlarla xarici şirkətlər üçün çox cəlbedici edəcəyik. Bütün bunlar, fikrimcə, qaldırılmış əsas məsələlərdir.
Şərhlərinizə görə çox minnətdaram. Əminəm ki, yenidən görüşəcəyik və bunu bir növ dövri iclas formasına salacağıq. Sizdən heç kim hökumətimizi tənqid etmədi və bu, məni təəccübləndirdi. Siz çox nəzakətli oldunuz. Sağ olun buna görə. Lakin mən bu görüşü tənqidsiz tərk edə bilmərəm. Bu səbəbdən, mən sizi tənqid etmək istərdim. Bu isə gender bərabərsizliyi ilə bağlıdır. Palata üzvləri arasında yalnız iki qadın var. Ümid edirəm ki, növbəti görüşdə işgüzar qadınları daha çox görəcəyik. Çox sağ olun, sizə böyük uğurlar arzulayıram".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024