Mobil versiya
Şuşa Azərbaycanın döyünən ürəyidir!
Tarix: 07-01-2021 | Saat: 14:00
Bölmə:Siyasət | çapa göndər

Şuşa Azərbaycanın döyünən ürəyidir!


Cənab Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması Şuşanın tarixi missiyasını özünə qaytarmış oldu. Tarix boyu Şuşa dünya mədəni irsinə böyük töhfələr verib. Şuşa qalası və bir vaxtlar öz möhtəşəmliyi ilə seçilən Yuxarı Gövhər ağa məscidi burada yerləşir. Azərbaycanın mədəniyyət tarixində mühüm rol oynayan şəxsiyyətlər – müsəlman Şərqində ilk operanın müəllifi, Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəyli və sonuncu Qarabağ xanının qızı, şairə Xurşidbanu Natəvan bu şəhərdə anadan olmuşlar.

Şuşa XVIII əsrin II yarısından musiqi mərkəzinə çevrilmiş və Azərbaycan musiqisinin yüksəlişinə səbəb olub. Öz məlahətli səsləri və böyük sənətləri ilə bütün Yaxın Şərqdə məşhur olan xanəndələrdən Hacı Hüsü, Məşədi İsi, Keştazlı Həşim, Əbdülbaği Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Segah İslam, Zabul Qasım, Malıbəyli Həmid, Musa Şuşinski, Məcid Behbudov, Mütəllim Mütəllimov və bir çox başqaları Şuşanın yetirdiyi məşhur sənətkarlardır. Şuşa Azərbaycanın bir çox görkəmli bəstəkarlarının vətənidir. Fikrət Əmirov, Zülfüqar bəy Hacıbəyov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Süleyman Ələsgərov və bir çox başqaları gənclik illərini Şuşada - "Qız qayası"nda, "Üç mıx"da, "Cıdır düzü"ndə, "Çanaqqala"da keçirmişlər.


Şuşa eyni zamanda görkəmli memarların, xəttatların, nəqqaşların, istedadlı rəssamların Vətəni kimi də məşhurdur. Müasir şuşalı rəssamlardan Cəlal Qaryağdını, Əmir Hacıyevi, Nadir Əbdürrəhmanovu və Toğrul Nərimanbəyovu göstərmək olar. Azərbaycan milli xalça sənətinin inkişafında, dünyaya tanıdılmasında şuşalı sənətkar Lətif Kərimovun müstəsna xidmətləri olub...


Bəli Şuşa Azərbaycanın döyünən ürəyi, vuran əlidir. Yağı düşmən tapdağı altındandan azad olunan Şuşamız artıq yeni dövrünü yaşayır. Qısa zamanda Şuşada həyat öz axarına düşəcək. Və inanırıq ki, yenə də Şuşamızda mədəni irsimizə böyük töhfələr verəcək şəxsiyyətlər dünyaya gələcək.

Bütün bunların fonunda onu da qeyd etmək istəyirəm ki, Şuşa şəhərinin mədəniyyət paytaxtı adının özünə qaytarılması məhz Ali Baş Komandanın güclü iradəsi, yüksək əzmkarlığı və Rəşadətli Ordumuzun şücaəti ilə bağlıdır. Biz qürur duyuruq ki, artıq Şuşamızda Xarı Bülbüllər açacaq və mədəni irsimiz Şuşada daha da inkişaf edəcək.




Əminə Ağazadə,

Milli Məclisin deputatı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024