Mobil versiya
Deputat Milli Məclisdə Şirvan şəhərinin ictimai nəqliyyat problemindən danışdı
Tarix: 30-12-2020 | Saat: 11:27
Bölmə:Siyasət | çapa göndər

Deputat Milli Məclisdə Şirvan şəhərinin ictimai nəqliyyat problemindən danışdı


Şirvan şəhərində ictimai nəqliyyatla bağlı vəziyyət hamıya bəllidir. Bu gün Şirvan şəhərində demək olar ki ictimai nəqliyyat yox səviyyəsindədir. Mənim yaxşı yadımdadır ki, Sovetlər vaxtı, ötən əsrin 70-ci illərində biz məktəbli olan vaxt Əli-Bayramlıda (indiki Şirvan şəhəri) müasir, ayaqüstü 75-106 sərnişin tutumu olan, 3 giriş –çıxış qapısı olan, Macarıstanda istehsal olunmüş dünyaca məşhur "İKARUS-260.50 " markalı avtobuslar işləyirdi. İri tutumlu, çox təmiz, rahat və dövrü üçün olduqca müasir avtobuslar idi.

Bu gün isə şəhərdə keçən əsrin 60-cı illərinin modeli olan, 90 –cı illərində istehsaldan çıxarılmış, yükdaşıma üçün nəzərdə tutulmuş mersedes-207/208 və s. modellərindən istifadə olunur. Mənə verilən məlumata görə şəhərdə sərnişin daşımada istismar edilən avtonəqliyyat vasitəsinin ən yaxşısının azı 25 yaşı var.

Bəs niyə vəziyyət bu gün bu cürdür ?

Bu məsələ məni çox narahat edir. Məni yaxşı tanıyanlar bilirlər ki, həmişə xidməti və şəxsi avtomobilim olsa da bu gün də lazım olanda Bakı şəhərində ictimai nəqliyyatdan istifadə edirəm. Çox təəssüf ki, Şirvan şəhərində bunu etmək mümkün deyil. Bunun çox səbəbləri var. Ən əsası bu sahədə Qanunvericilik bazasının mükəmməl olmaması və aidiyyatı qurumların bu işi lazımi səviyyədə təşkil etməməsidir.

Bu məsələni Dövlətin üstünə də atmaq olmaz: Yəni Dövlət pul ayırsın, avtobus alaq gətirək və məsələ həll olunmuş olsun. Müasir dövrdə, liberal iqtisadiyyat şəraitində bu düzgün yanaşma deyil.

Məsələnin həlli yolları:

1. Bu məsələ ilə ya Dövlət Avtomobil Nəqliyyatı Xidməti Agentliyi məşğul olmalıdır (bu gün bu məsələ həmin qurumun kompetensiyasındadır), tender əsasında bu işi müasir səviyyədə təşkil edə biləcək bir hüquqi şəxsə və ya sahibkara verməlidir,

2. Ya da Şəhər İcra və ya Bələdiyyə strukturları bu işi öz üzərinə götürüb hüquqi şəxs yaratmaq və s. variantlarla ictimai nəqliyyat sistemini qurmalıdırlar.

Mən hesab edirəm ki, digər sahələrdə olduğu kimi tezliklə Nəqliyyat sahəsində də müvafiq islahatlar gedəcək, Qanunvericilik bazası təkmilləşdiriləcək və Şirvanda da nümunəvi İctimai Şəhər nəqliyyat sistemi qurulacaq.

İltizam Yusifov
Milli Məclisin deputatı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024