Mobil versiya
24 saylı Nizami 1-ci seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Könül Nurullayevanın 2020-ci il üçün fəaliyyət hesabatı
Tarix: 29-12-2020 | Saat: 10:57
Bölmə:Manşet / Siyasət | çapa göndər

24 saylı Nizami 1-ci seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Könül Nurullayevanın 2020-ci il üçün fəaliyyət hesabatı




Millət vəkili Könül Nurullayeva ilk gündən fəaliyyətini seçicilərinin etimadını doğrultmaq, vətəndaşları narahat edən məsələləri ali qanunverici orqanda mütəmadi olaraq səsləndirmək, vətəndaşlarla dövlət qurumları arasında əlaqə yaratmaq istiqamətində qurub. K.Nurullayeva təbliğat-təşviqat dövründə seçiciləri ilə görüşdə də vəd etdiyi kimi, qaldırılan bütün məsələlərin həllini diqqətdə saxlayır. Hər bir müraciətə fərdi yanaşaraq, onların həlli istiqamətində konkret addımlar atır. Bu fəaliyyətin səmərəliliyini 2020-ci il ərzində görülən işlərin hesabatından da aydın görmək mümkündür. Belə ki, hesabat dövründə K.Nurullayevanın Deputat Qərargahına 1811 müraciət daxil olub. 1098 müraciət maddi yardım, 245 müraciət işlə təmin olunma, 178 müraciət mənzil-məişət şəraitinin yaxşılaşdırılması, 157 müraciət tibbi müayinə və müalicəyə köməklik, 55 müraciət isə dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətindən şikayətlərlə bağlı olub. Müraciətlər həll edilməsi üçün aidiyyatı üzrə göndərilib.

Hesabat dövründə 34 qəbul zamanı 588 nəfər sakin dinlənilib. Qərargaha birbaşa 479, telefon vasitəsi ilə 638, sosial şəbəkələr vasitəsi ilə 464, yazılı formada 221, Milli Məclis Aparatından isə 9 müraciət daxil olub. Bu müddət ərzində ümumilikdə 6839 nəfərə yardım göndərilib. Belə ki, Novruz bayramı münasibətilə müxtəlif cəmiyyətlərin üzvlərinə ümumilikdə 740 ərzaq yardımı edilib. 2140 aztəminatlı ailəyə pandemiya dövründə zəruri ərzaq məhsulları ilə köməklik göstərilib. Həmçinin pandemiya ilə əlaqədar yataq xəstələrinin və yaşlı əhalinin evdə müayinəsi təşkil olunub, şəhid və qazi ailələrinə yardımlar edilib, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara dəstək məqsədilə sosial mediada təbliğat aparılıb, onlara kömək göndərilməsinə nail olunub.

Hesabat dövründə həyata keçirilən uğurlu sosial layihələrin əhatə dairəsi də geniş olub. Belə ki, “Bir Donor, İki Həyat" qanvermə aksiyası, Modern Hospital klinikası ilə birgə evdə müayinə layihəsi, "Yaradıcılığı evdə öyrən" Mədəniyyət Nazirliyi ilə birgə layihə,

"Ehtiyacı olanlara öz payından pay ver" sosial aksiyası, Gənclər üçün yay təcrübə məktəbi layihəsi çərçivəsində çoxsaylı insanlara dəstək göstərilib. Yardımlar müxtəlif şirkət, iş adamları və dostların dəstəyi ilə formalaşıb.

Nizami rayonu üzrə müvafiq müraciətlər əsasında ehtiyacı olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal məsələlərin həlli, sakinlərin istirahətini təmin etmək məqsədi ilə həyətyanı sahələrin abadlaşdırılması, yol-asfalt çəkilişləri, əlil vətəndaşların əlil arabaları və eşitmə cihazı ilə təmin olunması istiqamətində konkret addımlar atılıb.

K.Nurullayeva qeyd edib ki, “vətəndaşların müraciətlərinə bundan sonra da eyni həssaslıqla yanaşılacaq və onların həlli istiqamətində addımlar atılacaq. Həmçinin Nizami rayonunda yarımçıq qalmış işlərin tamamlanması, eləcə də yeni sosial aksiyaların reallaşdırılması qarşıda duran əsas vəzifələrdən biridir. Bir sözlə, prezident İlham Əliyevin 6-cı çağırış parlamentin ilk iclasında da söylədiyi kimi, biz seçildiyimiz dairələrin problemləri ilə daim maraqlanmalı, seçicilərlə görüşməli, dairələrdə olmalıyıq. Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalı, bunları icra orqanlarının qarşısına çıxarmalı, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalıyıq. Dövlət başçısının bu tövsiyəsi şəxsən mənim fəaliyyətim dövründə sona qədər prioritet olacaq”.

Hesabat dövründə Milli Məclisdəki fəaliyyətə gəlincə, K.Nurullayeva "Təhsil haqqında", "Sosial müavinət haqqında", "Dövlət qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Əmək Məcəlləsi", "Məşğulluq haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Gender bərabərliyinin təminatları haqqında" və digər Qanunlarla bağlı Parlamentdə aparılan müzakirələrdə iştirak edərək, səmərəli təkliflərlə çıxış edib. Həmçinin dövlətin qadın siyasətinin təkmilləşdirilməsi ilə bağlı Milli Məclisin "Ailə, qadın və uşaq məsələləri komitəsinə" təkliflər irəli sürüb.

K.Nurullayeva hesabat dövründə beynəlxalq və yerli təşkilatlar çərçivəsində keçirilən onlayn konfranslarda da fəal iştirak edib. Həmçinin K.Nurullayevanın adından AŞPA, "Qadın Siyasətçi Liderləri" Qlobal Şəbəkəsi, Sülh və Tolerantlıq üzrə Dünya Konsulluğu, İslam Həmrəyliyi İdman Federasiyasına Vətən Müharibəsi və Qarabağ həqiqətləri mövzusunda məktublar ünvanlanıb.

K.Nurullayevanın Azərbaycan-Xorvatiya İşçi Qrupunun rəhbəri kimi fəaliyyəti səmərəli olub. Belə ki, Xorvatiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə Səfiri Branko Zebiçlə rəsmi görüşü, bu ölkənin aparıcı media platformalarında mütəmadi olaraq Qarabağ həqiqətlərini əks etdirən məqalələrin çapını, Xorvatiya Parlamentinin millət vəkili V.Kaytazidən Vətən Müharibəsi ərəfəsində alınmış dəstək məktubunu və Parlamentində Azərbaycana dəstək çıxışını qeyd etmək olar.

Hesabat dövründə K.Nurullayeva istər gündəmdə olan aktual məsələlər barədə, istərsə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə yerli və beynəlxalq mətbuatda məqalə və açıqlamalarla çıxış edib. Bu məqalə və açıqlamalar 237-si yerli, 64-ü isə beynəlxalq (Avropa, Türkiyə və Ərəbdilli mətbuat orqanları) olmaqla ümumilikdə 817 media orqanı tərəfindən işıqlandırılıb. Sosial mediada fəallıq da yüksək səviyyədə olub. Belə ki, K.Nurullayeva sosial mediadakı rəsmi səhifələrində hesabat dövründə ümumilikdə 2002 paylaşım edib.

aia.az


















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024