Mobil versiya
Bir sıra dövlət rəhbərləri və siyasi xadimlər Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər
Tarix: 23-12-2020 | Saat: 15:36
Bölmə:Siyasət | çapa göndər

Bir sıra dövlət rəhbərləri və siyasi xadimlər Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər



Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

aia.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Müasir Azərbaycanın davamlı inkişaf və firavanlaşma yolunda nailiyyətləri Sizin dövlət başçısı vəzifəsində konstruktiv və uzaqgörən siyasətinizin nəticəsidir. Siz yüksək peşəkarlığınız və qazandığınız həyat təcrübəsi sayəsində bizə dost Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə verirsiniz, xalqınızın rifahının və ölkənizin beynəlxalq arenada nüfuzunun artmasını təmin edirsiniz.

Biz ölkələrimizin xalqlarını bir-birinə bağlayan tarixi dostluq, qarşılıqlı anlaşma və dəstək ənənələrinə əsaslanan çoxplanlı Tacikistan-Azərbaycan əlaqələrinin inkişafı üçün Sizin mühüm səylərinizi yüksək qiymətləndiririk.

Yüksək səviyyədə müntəzəm siyasi dialoq iki ölkənin dövlətlərarası əməkdaşlıq münasibətlərinin ardıcıl olaraq möhkəmlənməsinin mühüm amilidir. Əminəm ki, biz xalqlarımızın rifahı naminə bu münasibətləri bundan sonra da dərinləşdirəcəyik.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram".

XXX

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçdən:

"Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulamaqdan şərəf duyuram.

Cənab Prezident, xalqınızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizin vətəndaşlarının rifahı üçün qarşılıqlı maraq doğuran hər bir sahədə dostluq münasibətlərinin möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyimizə ümidvaram.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqadan:

"Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə həyat yoldaşım İmantsın adından və öz adımdan ən xoş təbriklərimizi və arzularımızı qəbul etməyinizi xahiş edirəm. Sizə daim möhkəm cansağlığı, xoşbəxtlik, xoş əhval-ruhiyyə arzu edir, xalqınızın sevgisi və dəstəyindən zövq almağı diləyirəm.

Sizin builki doğum gününüz doğma vətəniniz Azərbaycanın uzun müddət işğal altında qalan torpaqlarının azad olunması ilə eyni dövrə təsadüf edir. Fürsətdən istifadə edərək, ali rəhbərliyiniz və Silahlı Qüvvələrinizin şücaəti sayəsində qazandığınız şanlı Qələbə münasibətilə Sizi bir daha təbrik edirəm. İşğaldan azad etdiyiniz şəhər və kəndlərin yenidən qurulması, torpaqların istifadəyə hazırlanması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması kimi qarşınızda duran vəzifələrin də uğurla yerinə yetirilməsində Sizə nailiyyətlər diləyirəm. Əminik ki, dağıdılmış tarixi və mədəni abidələr Sizin fədakar səyləriniz sayəsində bərpa olunaraq bütün dünyaya nümayiş etdiriləcək.

Həmsədrimiz İsmayıl Serageldinin və Qəyyumlar Şurasının üzvlərinin təbriklərinə qoşularaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə şəxsən Sizə minnətdarlığımı bildirirəm. Məhz Sizin bizə və missiyamıza etimadınız sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi pandemiya şəraitində yaşadığımız 2020-ci ildə sanballı nailiyyətlər əldə edib. Beynəlxalq səfərlərin və üzbəüz görüşlərin qeyri-mümkün olduğu bir zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi əvvəlki illərdən fərqli olaraq çoxlu sayda həm yüksək səviyyəli onlayn görüşlərin təşkilatçısı, həm də iştirakçısı olub. BMT, Ümumdünya Elm və İncəsənət Akademiyası kimi nüfuzlu təşkilatlardan tutmuş Avropa İttifaqı ölkələri və Çinlə, eləcə də onların aparıcı institutları ilə fəal tərəfdaşlıq etmişik. Şəxsən mən bu il Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə əvvəlki illərlə müqayisədə daha çox vaxt sərf etmişəm. Əmin ola bilərsiniz ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin getdikcə daha da artan səmərəli fəaliyyəti Azərbaycanın mühüm ölkə kimi nüfuzunun yüksəlməsinə və onun dünyada maraq doğuran məsələlərdə daim yeni dostlar və tərəfdaşlar qazanmasına töhfə verməkdədir.

Cənab Prezident, bir daha Sizə ən yüksək ehtiramımı bildirirəm".

XXX

Qırğızıstanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Comart Otorbayevdən:

"Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Zati-alinizi təbrik edirəm, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, Azərbaycan xalqının daha firavan gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Həmçinin bütün Azərbaycan xalqını uzun müddət can atdığı hədəfinə çatmasını mümkün edən və Azərbaycan Respublikasının beynəlxalq hüququn normalarına və ədalət prinsiplərinə sadiqliyini möhkəmləndirən böyük tarixi Qələbə münasibətilə təbrik edirəm.

Bu tarixi anda Azərbaycan xalqının və bizim hamımızın xatirəsini daim yad etdiyimiz dahi Heydər Əliyevi xatırlamaq istəyirəm. Hörmətli cənab Prezident, Siz Ali Baş Komandan olaraq bu taleyüklü dönəmdə tarix yazdınız və ətrafınızda sıx birləşən Azərbaycan xalqı üçün böyük bir qəhrəmana çevrildiniz. Cənab Prezident, dünyada bənzəri olmayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə görə Sizə minnətdarlığımı bildirirəm.

Qırğızıstan və Azərbaycan xalqlarını bir-birinə ortaq tarix, dil, din və ortaq mədəniyyətə əsaslanan xüsusi bağlar birləşdirir. Hazırda Qırğızıstanda öz adət-ənənələrini və dilini qoruyub saxlayan 20 mindən çox azərbaycanlı yaşayır və burada onlar özlərini evlərindəki kimi hiss edirlər.

Əminəm ki, Sizin səylərinizlə ölkələrimiz arasında münasibətlər daha da inkişaf edəcək və möhkəmlənəcək".

XXX

“Komsomolskaya pravda” qəzetinin baş redaktoru Vladimir Sunqorkindən:

"Əziz İlham Heydər oğlu, doğum gününüz mübarək. Bu əlamətdar gündə dostluğunuza və xoş ənənələrə sədaqətinizə görə Sizə xüsusi minnətdarlığımızı bildirmək istəyirik. Belə ənənələrdən biri hər günü “Komsomolka” ilə birgə başlamaqdır.

Sizi səmimi qəlbdən təbrik edir, cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram".

XXX

2016-2018-ci illərdə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rəşid Alimovdan

"Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Sizin müdrik rəhbərliyinizlə ölkə həyatının bütün sahələrində sanballı uğurlar qazanıb və beynəlxalq arenada layiqli nüfuza malikdir.

Siz çoxtərəfli mədəni və humanitar əməkdaşlığın gücləndirilməsi və inkişafına, o cümlədən dünya ictimaiyyətinin də böyük ehtiyac duyduğu Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin fəaliyyətinə yüksək diqqət göstərirsiniz.

Zati-aliləri, icazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və Azərbaycanın suverenliyinin və dövlətçiliyinin daha da möhkəmlənməsi naminə fəaliyyətinizdə uğurlar, istedadlı və əməksevər Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayım".

XXX

İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğludan:

"Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə, ilk növbədə, Zati-alinizə, həmçinin möhtərəm xanımınıza və qardaş Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik diləyirəm.

Bu il çox xoşbəxtik, belə ki, Sizin Ali Baş Komandanlığınızla qəhrəman Azərbaycan Ordusu türk millətinin və dostlarının mənəvi dəstəyi ilə işğal altındakı torpaqlarını azad etmiş və hər kəsin təqdirinə layiq böyük hərbi zəfər və siyasi uğur qazanmışdır.

Bu münasibətlə əziz Azərbaycan xalqına rəhbərliyiniz ilə daha firavan gələcək və əmin-amanlıq diləyir, Sizin himayənizlə fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin uğurlarının davamlı olmasını arzulayır, ehtiramlarımı bildirirəm".

XXX

2014-2016-cı illərdə Latviyanın Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Laimdota Strauyumadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə təbrik edir, Zati-alinizə və ailənizə möhkəm cansağlığı və rifah arzulayıram.

Zati-aliləri, Siz görkəmli dövlət başçısısınız. Bütün dünya Azərbaycan xalqının ölkənizin ərazi bütövlüyü uğrunda Sizin rəhbərliyinizlə apardığı mübarizəni izlədi. Bu dövr, həmçinin insanların həyatını təhlükə altına qoyan və ənənəvi iqtisadiyyatda, eləcə də bir çox sosial proseslərdə dəyişikliklərə səbəb olan COVID-19 virusunun geniş yayıldığı dönəmə təsadüf edib.

Mən Sizə ölkənizin ərazi bütövlüyünün qorunub saxlanılması üçün mexanizmlərin yaradılması məqsədilə gələcəkdə dialoqun aparılması istiqamətində bütün çağırışların öhdəsindən gəlməyi və davamlı uğurlar əldə etməyi arzulayıram. Mən Sizin gözəl ölkənizə sülh, Azərbaycan xalqına isə firavanlıq diləyirəm.

Biz Beynəlxalq Nizami Gəncəvi Mərkəzində etibarlı dostunuz olaraq Sizin daim yanınızdayıq".

XXX

Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Raymonds Veyonisdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Hörmətli Prezident.

Doğum gününüz münasibətilə təbriklərimi qəbul edin.

Latviya və Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və yaxın əlaqələri yüksək dəyərləndirirəm.

Arzu edirəm ki, növbəti il ölkəniz və şəxsən Sizin üçün xoş hadisələrlə zəngin olsun.

Qarşıdan gələn ildə Sizə ən xoş arzularla,

Raymonds Veyonis

Latviya Respublikasının sabiq Prezidenti (2015-2019),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü".

XXX

İsrailin sabiq xarici işlər naziri Tzipi Livnidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub gəlib.

Məktubda deyilri:

"Hörmətli Prezident Əliyev.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizin həyatınız qədirbilən Azərbaycan xalqının həyatı ilə sıx bağlıdır. Xalqınıza sadiqliyiniz, milli və beynəlxalq təhdidlərə qarşı mübarizədə xalqınıza və ölkənizə uğurla rəhbərlik etməyiniz, qazandığınız böyük nailiyyətlər hamı tərəfindən hörmətlə qarşılanır.

Sizin rəhbərliyiniz həmişə xatırlanacaq və gələcək nəsillər tərəfindən öyrəniləcəkdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşviq etdiyi tolerantlıq dəyərləri bir çox insanlar üçün ilham mənbəyidir.

Bu əlamətdar gündə Sizi təbrik edir və gələcək işlərinizdə yeni uğurlar diləyirəm.

Ən xoş arzularla".

XXX

2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti İvo Yosipoviçdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri, hörmətli Prezident Əliyev.

Sizi doğum gününüz münasibətilə təbrik edir və ən xoş arzularımı çatdırıram.

Prezidentliyim dövründə Sizinlə bir neçə dəfə görüşümüz olub. Sizin Xorvatiyaya rəsmi səfəriniz və mənim Azərbaycana rəsmi səfərimlə bağlı ən xoş xatirələrim var. Bir sıra beynəlxalq görüşlərdə Sizinlə ikitərəfli və qlobal məsələləri müzakirə etmək imkanımız olub. Sizin beynəlxalq münasibətlərdəki çox əhəmiyyətli rolunuzu yüksək qiymətləndirirəm. Xorvatiya ilə Azərbaycanın çoxillik səmimi münasibətlərinin xələfim Zati-aliləri Kolinda Qrabar-Kitaroviçin prezidentliyi dövründə də davam etməsi ölkələrimiz arasında mövcud olan qarşılıqlı hörmət və dostluğu təcəssüm etdirir. Ümidvaram ki, bu əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcək. Sizin prezidentliyiniz dövründə Azərbaycanın sürətli inkişafı həqiqətən də heyranlıq doğurur. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan işğaldan azad olunmuş ərazilərini tezliklə yenidən quracaq və uğurlu inkişaf yoluna davam edəcəkdir.

Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü olmağımdan qürur duyuram. Bu Mərkəz məhz Sizin böyük dəstəyiniz sayəsində beynəlxalq aləmdə mühüm rol oynayan nüfuzlu təşkilatlardan birinə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti Azərbaycanın dünyada tanınmasına və mövqeyinin möhkəmlənməsinə töhfə verməkdə davam edir. Dəyərli dəstəyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Sizə uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayıram".

XXX

Macarıstan Respublikasının sabiq Baş naziri Peter Meddyeşidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident, əziz dostum.

Azərbaycanın dostu olan Macarıstanın sabiq baş naziri, eyni zamanda, Bakı Forumunun daimi iştirakçısı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü kimi Sizə doğum gününüz münasibətilə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulamaqdan böyük məmnunluq hissi duyuram.

Daha yaxşı dünya qurmaq üçün həyata keçirdiyiniz təşəbbüsləri və qarşıya qoyduğunuz hədəfləri yüksək qiymətləndirir, bu məqsədlərə çatmaq istiqamətindəki vacib töhfənizi təqdirəlayiq hesab edirəm. Son illər ərzində Azərbaycan Sizin rəhbərliyinizlə çoxtərəfliliyin və tolerantlığın inkişafı, ayrı-seçkiliyin aradan qaldırılması kimi bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı beynəlxalq arenada böyük nailiyyətlər qazanıb.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Zati-alinizə və ailənizə qarşıdan gələn 2021-ci ildə yeni-yeni uğurlar və xoşbəxtlik diləyirəm".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024