Mobil versiya
Aqiyə Naxçıvanlı: “Fransa Senatı öz hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik edir”
Tarix: 27-11-2020 | Saat: 15:37
Bölmə:Manşet / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Fransa Senatı öz hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik edir”




“Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi hüquqa və məntiqə zidd qətnamə erməni lobbisinin Azərbaycana qarşı həyata keçirmək istədiyi növbəti təxribat cəhdindən başqa bir şey deyil” – bu sözləri saytımıza verdiyi müsahibəsində Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı demişdir.


Millət vəkili ilk növbədə bu sənədin əslində Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmədiyini də vurğulayaraq bildirmişdir ki, belə bir addımı atmaqla Fransa Senatı bir daha bütün dünyaya özünün ermənipərəst mövqeyini nümayiş etdirmiş oldu: “Birmənalı olaraq deməliyəm ki, Fransa Senatının noyabrı 25-də qəbul etdiyi “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə nəinki heç bir hüquqi qüvvəyə malik deyil, həmçinin bu sənəd bütün beynəlxalq hüquq normalarına daban-dabana ziddir. Aydındır ki, bu sənədin ölkəmiz üçün də heç bir önəmi yoxdur və ola da bilməz. İlk növbədə bu sənədin qəbul olunmasına səs verənlər bilməli idilər ki, işğalçı Ermənistan tərəfindən Azərbaycan Respublikasının 1988–1994-cü illərdə işğal edilmiş ərazilərində qeyri-qanuni yaradılan və heç bir dövlət tərəfindən tanınmayan “Dağlıq Qarabağ respublikası” adlı oyuncaq qurumun mövcudluğuna 2020-ci ilin noyabr ayında artıq son qoyulmuşdur. Azərbaycan öz torpaqlarının azad edilməsi uğrunda apardığı Vətən müharibəsini tarixi qələbə ilə başa çatdırmışdır və süni şəkildə yaradılaraq, otuz ildən bəri uzadılan Azərbaycan-Ermənistan dağlıq Qarabağ münaqişəsi öz həllini birdəfəlik tapmışdır. Əlbəttə ki, Fransa Hökumətinin bir zamanlar qondarma, bu gün isə artıq ümumiyyətlə mövcud olmayan bir qurumu tanıyacağı qətiyyən inandırıcı deyil. Bununla belə, Fransa Senatı öz hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etməkdənsə, yaxşı olardı ki, Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyasına, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərlə tamamilə zidd olan belə bir sənədi qəbul etməklə atdığı bu addımın sonrakı mümkün nəticələri barədə düşünsün.”

Daha sonra millət vəkili əməkdaşımızın bu qətnamənin Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi mövqeyinə və ölkələrimiz arasında mövcud ikitərəfli münasibətlərə necə təsir göstərə biləcəyinə dair sualını cavablandıraraq bildirmişdir ki, Fransa onsuz da indiyədək Azərbaycana qarşı qərəzli mövqedə olduğunu və münaqişənin həllində bitərəflik saxlaya bilmədiyini dəfələrlə nümayiş etdirmişdir. Bu səbəbdən senatın sözügedən bədnam qətnaməsi artıq bu ölkənin Minsk qrupunun həmsədrliyindən geri çağrılması üçün kifayət qədər yetərli əsas ola bilər: “İlk növbədə qəbul etmək lazımdır ki, qondarma dağlıq Qarabağ probleminin 30 il ərzində öz həllini tapa bilməməsində məhz Fransanın rolu çox böyük olmuşdur. Öz ölkəsində qondarma erməni soyqırımını tanımayan vətəndaşları məsuliyyətə cəlb edən Fransa hökuməti, özünü insan hüquqlarına və demokratik dəyərlərə hörmətin “nümunəsi” sayan Fransa Respublikası XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına və ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri digər ağır cinayətlərə qarşı hər zaman səssiz qalmağa üstünlük vermişdir. Bütün bu illər ərzində Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaması Ermənisatanı arxayınlaşdırmış və onu yeni təxribatlara sövq etmişdir. Təbii ki, bütün bunlar Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olaraq gözləməli olduğu bitərəflik mövqeyinə qətiyyən uyğun deyil. Fransa Senatının qəbul etdiyi son qətnamə isə artıq açıq-aşkar bu ölkənin Azərbaycana qarşı qərəzli mövqeyinin və Cənubi Qafqazda hərbi-siyasi destabillik yaradılmasında maraqlı olmasının nümayişidir. Məhz buna görə də Milli Məclis noyabrın 26-da keçirdiyi plenar iclasında qəbul etdiyi bəyanatda Cənubi Qafqaz bölgəsində Azərbaycanın hərtərəfli səyləri nəticəsində yaradılmış yeni reallıqların bütün beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Fransa Respublikası tərəfindən qəbul edilməli olduğunu vurğulayaraq, həmçinin bu reallıqların bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə tərəfindən dəstəkləndiyini və Ermənistan tərəfindən qəbul edildiyini xatırladaraq Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilməsi, ölkələrimiz arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılması və iqtisadi əlaqələrin dərindən təhlil edilərək lazımi tədbirlər görülməsi ilə bağlı Azərbaycan Respublikası Hökumətinə çağırış etmişdir.”

Həmçinin öz müsahibəsində Aqiyə Naxçıvanlı Fransa Senatı tərəfindən qəbul edilmiş bu qətnamədə qardaş Türkiyənin Cənubi Qafqaz regionunda mövqeyinin güclənməsindən doğan ciddi narahatlığın da öz əksini tapdığını qeyd etmişdir: “Sözügedən qətnamənin mətnində Azərbaycanla yanaşı qardaş Türkiyənin də ünvanına saxta ittiham və böhtanlar yer almışdır. Münaqişənin tarixi, siyasi və hüquqi aspektlərini tamamilə təhrif edilmişdir. O cümlədən hərbi əməliyyatlar zamanı Türkiyə və Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi ilə bağlı indiyə qədər heç bir sübutla təsdiq olunmamış əsassız, cəfəng iddialar ortaya atılmışdır. Halbuki, Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsi barədə kifayət qədər faktlar və dəlillər mövcuddur. Fransa Senatı döyüşlərin davam etdiyi 44 gün ərzində münaqişə bölgəsinə yaxın və oradan uzaqda olan dinc sakinlər, mülki obyektlər, enerji və nəqliyyat infrastrukturuna qarşı Ermənistan hərbi təxribatlarını qınamaqdan çəkinir, daha çox sayda mülki əhalisi qətlə yetirilmiş, kəndləri, qəsəbələri və şəhərləri raket atəşinə tutulmuş Azərbaycanı vicdansızcasına ittiham edir. Aydındır ki, Fransanı ən çox narahat edən məqam məhz qardaş Türkiyənin regionda nüfuzunun daha da artmasıdır. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistan baş naziri tərəfindən imzalanmış birgə bəyanatla Ermənistan və Azərbaycan arasında hərbi eskalasiyaya son qoyulmuş və regionda sülhün bərqərar olunmasına başlanmışdır. Hələ də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa isə, sırf erməni lobbisinin ambisiyalarını təmin etmək üçün bu razılaşmanı pozmağa və münaqişəni yenidən alovlandırmağa çalışır. Lakin ermənipərəst Fransa siyasi dairələrində də artıq anlamalıdırlar ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilər bizim beynəlxalq hüquqda tanınan suveren ərazilərimizdir və artıq heç bir qüvvə nə bizi buna görə ittiham edə, nə də Azərbaycandan öz hərbi birləşmələrinin bu ərazilərdən çıxarmağı tələb edə bilməz.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024