Mobil versiya
Bu gün zəfər günüdür
Tarix: 10-11-2020 | Saat: 13:44
Bölmə:Manşet / Siyasət | çapa göndər

Bu gün zəfər günüdür




Ali Baş Komandanın polad iradəsi düşməni diz çökdürdü


Bu gün Azərbaycan Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəsini böyük coşqu ilə qeyd edir. Həqiqətən də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.

Əslində tamamilə Azərbaycanın maraqlarına cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Biz onu məcbur etdik.

Əlbəttə ki, bu bəyanatın imzalanmasının əsas səbəblərindən biri də bir gün əvvəl Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Müzəffər Ordumuz Şuşanı azad etdikdən sonra Erməni tərəfi artıq bütün xülyalarının puç olduğunu daha aydın şəkildə dərk etdi. Bundan dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsinin və strateji əhəmiyyətli yüksəkliklərin ildırım sürətilə azad edilməsi isə düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Artıq vəziyyət elə bir həddə çatmışdı ki, bir çox erməni hərbi ekspertləri müxtəlif xarici informasiya agentliklərinə verdikləri açıqlamalarında hərbi əməliyyatların Ermənistan ərazisinə keçə biləcəyindən qorxduqlarını açıq etiraf edirdilər. Əlbəttə onlar qorxmalıdırlar. Azərbaycanı təhdid edən, Azərbaycan xalqını təhqir etməyə cürət edən hər kəs bunun səbəb ola biləcəyi nəticələrdən qorxmalıdır. Lakin cənab Ali Baş Komandanımızın da dediyi kimi, bizim başqalarının ərazilərində gözümüz yoxdur. Biz sadəcə olaraq öz ərazi bütövlüyümüzü təmin edirik və bunu da şərəflə etdik!

Bu gün imzalanmış üçtərəfli bəyanatın daha bir önəmi də bundan ibarətdir ki, bu sənəd hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən özümüzə qaytarmağa imkan verir. Bu isə bir daha Ölkə Prezidenti cənab İlham Əliyevin insanlarımızın, əsgərlərimizin həyatını hər şeydən daha üstün tutduğunu aydın şəkildə göstərir. Eyni zamanda da cənab Ali Baş Komandan bu sənədi imzalamaqla erməni xalqına daha bir şans – övladlarını hədər yerə qırğına göndərmək məcburiyyətindən qurtulmaq imkanı vermiş oldu. Bununla da möhtərəm dövlət başçımız bütün dünyaya əsil humanistlik nümunəsi göstərdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin möhtəşəm qələbəmizlə başa çatması münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində çox gözəl demişdir: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!
Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024