Mobil versiya
Mahir Abbaszadə: “Artıq bütün dünya Cənubi Qafqaz regionunda yaranan yeni reallıqları qəbul etməlidir”
Tarix: 02-11-2020 | Saat: 17:55
Bölmə:Manşet / Siyasət | çapa göndər

Mahir Abbaszadə: “Artıq bütün dünya Cənubi Qafqaz regionunda yaranan yeni reallıqları qəbul etməlidir”






“Bu gün həqiqətən də Cənubi Qafqaz regionunda yeni və tamamilə fərqli reallıqlar ortaya çıxmaqdadır. Həm də bu reallıqlar sadəcə regionun deyil, eyni zamanda bütün dünyanın hərbi-siyasi nizamına yeni bir düzəm vermək üzrədir.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində Milli Məclisin deputatı Mahir Abbaszadə demişdir. Millət vəkili ortaya çıxan yeni reallıqların birbaşa yaradıcısının Azərbaycan xalqı və Azərbaycan Prezidenti olduğunu vurğulayaraq, regionda formalaşmaqda olan yeni siyasi situasiyanın dünya ictimaiyyəti, xüsusilə də məlum siyasi qüvvələr tərəfindən qəbul edilməsinin özünün də kifayət qədər mürəkkəb və gərgin şəraitdə keçən bir proses olduğunu qeyd etmişdir. Bu barədə öz fikirlərini bölüşən deputat əməkdaşımızla söhbət əsnasında bunları demişdir: “Təbii ki, bu gün Azərbaycanda bəlkə də özünün ən pik səviyyəsinə çatmış xalq – dövlət vəhdəti ölkəmizin hərb meydanında uğurlarını şərtləndirən ən vacib amillərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə hakimiyyətə gəldiyi ilk gündən bəri bu birliyi getdikcə möhkəmləndirmək və ən nəhayətdə heç bir halda sarsılmayacaq bir nöqtəyə çatdırmaq üçün bütün lazımi tədbirləri görmüşdür. Və nəticə göz qabağındadır. Bu gün Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya malik olan bir dövlətdir. Əgər biz hələ bir neçə il bundan öncə Azərbaycanı tamamilə haqlı olaraq regionun lider dövləti kimi təqdim edirdiksə, bu gün bu dövlət artıq mövcud olduğu regionun və dolayısı ilə dünyanın hərbi-siyasi düzəminə müəyyən düzəlişlər etmək iqtidarında olduğunu nümayiş etdirir. Bu gün Azərbaycan ordusunun ölkəmizin ərazi bütövlüyü uğrunda həyata keçirməkdə olduğu son dərəcə uğurlu hərbi əməliyyatlar təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində yeni bir səhifə açır və bu səhifənin də müəllifi məhz Azərbaycan xalqıdır. Lakin regionda yeni reallıqların yaranması dünyada mövcud olan bir çox siyasi qüvvələrin ciddi narahatlığına səbəb olur. Həmin qüvvələr bu reallıqların formalaşmasına var gücləri ilə müqavimət göstərir və onların dünya ictimaiyyəti tərəfindən qəbul olunmasını əngəlləməyə çalışırlar. Məhz elə bu məqamda da Cənab Ali Baş Komandanımızın diplomatik müstəvidə apardığı mücadiləsi ən mühüm və həlledici amil kimi çıxış edir.”

Daha sonra Mahir Abbaszadə dövlət başçımızın xüsusilə son günlər dünyanın aparıcı informasiya vasitələrinə ardıcıl olaraq verdiyi müsahibələrində səsləndirdiyi fikirlərin önəmini vurğulayamış və bu çıxışların ölkəmizin siyasi-diplomatik müstəvidə də qələbəsini təmin edən ən mühüm amil olduğunu bildirmişdir: “Hamımız bilirik ki, Azərbaycan bu gün öz əzəli hüquqlarının, ərazi bütövlüyünün bərpası üçün sadəcə hərb meydanında savaşmır. Bu gün Azərbaycan həm də olduqca mürəkkəb bir informasiya savaşının içərisindədir. Əlbəttə ki, bu savaşın da bütün yükünü ilk növbədə Ölkə Prezidenti cənab İlham Əliyevin öz çiyinlərində daşıyır. Dövlət başçımızın son günlər ardıcıl olaraq dünyanın aparıcı informasiya vasitələrinə verdiyi müsahibələri hamımız diqqətlə və əlbəttə ki, böyük ruh yüksəkliyi ilə izləyirik. Təəssüflər olsun ki, bu müsahibələləri alan şəxslərdən bir çoxları həqiqətləri ortaya çıxarmaqdan daha çox Azərbaycanı nədəsə ittiham etməyə cəhd göstərməklə öz qərəzli mövqeylərini açıq-aşkar ortaya qoyurlar. Lakin belələri yəqin ki, kiminlə həmsöhbət olduqlarını tam olaraq dərk etmirlər. Əks halda, məsələn biz efirdən Almaniyanın ARD televiziya kanalının əməkdaşı tərəfindən verilmiş “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir?”kimi gülünc və absurd sualları eşitməzdik. Lakin Ölkə Prezidenti cənab İlham Əliyev döyüş meydanında olduğu kimi, kamera qarşısında da Azərbaycanın bütün düşmənlərinə layiqli cavab vermək iqtidarında olduğunu hamıya çox asanlıqla nümayiş etdirir. Beləliklə də müzəffər Ali Baş Komandanımız bütün xarici qüvvələrin təzyiqini böyük uğurla dəf edir və Cənubi Qafqaz regionunda yaranan yeni reallıqların artıq bütün dünya tərəfindən qəbul edilməli olacaq bir məfhum olduğunu ortaya qoyur.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2025