Mobil versiya
Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında videokonfrans keçirilib
Tarix: 08-10-2020 | Saat: 16:50
Bölmə:Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında videokonfrans keçirilib


Oktyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında birgə videokonfrans keçirilib.

Trend xəbər verir ki, videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərindən danışıb. Bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf edib. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı hər iki ölkədə dillər əzbəridir.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalında azad etmək uğrunda mübarizəyə başladıqdan sonra artıq bütün dünya Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığından danışır. Eyni zamanda, bu dostluq və qardaşlıq Azərbaycanın ədalətli mübarizəsinə çox böyük mənəvi dəstək verir.

YAP sədrinin müavini münaqişənin həlli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin prinsipal mövqeyini bir daha diqqətə çatdırıb və bu məsələdə birmənalı dəstəyinə görə Türkiyə dövlətinə və xalqına təşəkkürünü bildirib.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Numan Kurtulmuş videokonfransda çıxış edərək Türkiyənin haqq mübarizəsində hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb. O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövləti və xalqı Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi uğrunda mübarizəsinə birmənalı olaraq dəstək verir. Dünyada bəzi dairələr tərəfindən əngəl olmağa çalışılsa da, Azərbaycanın haqlı mübarizəsinin zəfər qazanacağı şübhə doğurmur. Bu bölgədə sülhün və sabitliyin təmin olunması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir.

Videokonfransda, həmçinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, TBMM-in Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ədalət və İnkişaf Partiyasının baş katibi, deputat Fatih Şahin, AKP-nin Vətəndaş cəmiyyəti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, deputat Jülide Sarıeroğlu, AKP-nin tanıtım və media şöbəsinin müdiri, deputat Mahir Ünal, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova və Milli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxış ediblər.

Çıxışlarda Azərbaycanla Türkiyənin dostluq və qardaşlığının əhəmiyyətindən bəhs olunub, Azərbaycanın öz doğma torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizəsinə dəstək ifadə edilib və bu məsələdə Türkiyənin mövqeyi yüksək dəyərləndirilib. Eyni zamanda, YAP və AKP arasında əlaqələrin inkişaf prespektivlərinə dair fikir mübadiləsi aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə