Mobil versiya
Zərdabın «zərdabı»nı çıxaran icra başçısı- VİDEO
Tarix: 01-04-2016 | Saat: 12:56
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər



Lütfəli Babayevin «eksperiment»ləri məmurların və sahibkarların başında çatlayır, icra başçısı pul qazanmağın yeni yollarını da tapıb

Zərdab rayonunda bir sıra qanunsuzluqların baş verdiyinə dair mütəmadi olaraq redaksiyamıza məlumatlar daxil olmaqdadır. Ötən günlərdə icra başçısı Lütfəli Babayevin küçədə ailəsini dolandırmaq üçün meyvə satan rayon sakininin başına oyun açdığına dair məlumat vermişdik. Bu gün isə Zərdabda yaşanan daha 5 olayla bağlı bilgi daxil olub.

Tibb işçilərindən «yığım» dövrü

Məlumat verən rayon sakinlərinin dediyinə görə, hazırda Zərdabda vəziyyət günbəgün pisləşir. Onların sözlərinə görə, rayonun mərkəzindəki ağaclar yerli İcra Hakimiyyətinin məmurları tərəfindən heç bir səbəb göstərilmədən kütləvi şəkildə qırılır. Məlumatda vurğulanır ki, bu barədə göstərişi birbaşa icra başçısı Lütfəli Babayev verib.

Amma rayonda vəziyyəti pisləşən zümrələrdən biri də həkimlərdir. JAM.AZ-a məlumat verən oxucuların dediyinə görə, hal hazırda Zərdab Mərkəzi Xəstəxanasının bütün tibb işçilərindən pul yığılır. Xadimələrdən 30 manatdan, həkimlərdən isə 500 manatdan pul alırlar. Və bunun səbəbi kimi, xəstəxananın təmir ediləcəyi göstərilir. «Əvvəlcə dedilər ki, xəstəxana təmir olunacaq. Sonra bildirdilər ki, kanalizasiya çəkiləcək. Hər iki məsələ ilə bağlı pul yığılıb, amma heç biri həyata keçirilməyib».

Şikayət etmək qadağandır

Lütfəli Babayevin Zərdabda çıxardığı oyunlardan, yaratdığı vəziyyətdən narazı düşənlər artıq şikayət etmək hüququndan da məhrum olunublar. Düzdür, icra başçısı ondan şikayət edənləri nə polislə hədələyir, nə həbs etdirir, nə də başqa bir addım atır. Sadəcə, işin ən optimal yolunu tapıb.

Verilən xəbərə görə, Zərdabın Mərkəzi Poçtunda göndərilən bütün məktublar diqqətlə «araşdırılır». Əgər ortada hər hansı bir şikayət varsa, dərhal «ləğv edilir». Yəni, ünvanına çatdırılmasına imkan verilmir. Mərkəzi Poçtun müdiri açıq şəkildə bildirir ki, camaat əziyyət çəkib Lütfəli Babayevdən şikayət etməsin, çünki o, buna imkan verməyəcək.

Mədəniyyət və Turizm şöbəsinin müdiri niyə şoka düşüb?

Zərdabda ilgin olayların sayı bununla bitmir. Bir maraqlı hadisə də Mədəniyyət və Turizm Şöbəsi ətrafında baş verib. Rayondan JAM.AZ-a verilən məlumata görə, şöbənin müdiri Eldəniz Abdullayev ötən ilin dekabrında Mədəniyyət və Turizm naziri tərəfindən yaşı ilə əlaqədar işdənq çıxarılsa da, Lütfəli Babayev bu qərarla razılaşmayıb.

Məlumatlara görə, Babayev həmin vəzifəni hərraca belə çıxarıb. «İcra başçısının məqsədi odur ki, qiyməti qaldırsın. Həmin posta 3 iddialıdan 2-si icra başçısına etibar etmədiklərindən təkliflə razılaşmayıblar. Amma Lütfəli Babayev vaxt darlığını görüb, başqa bir addım atıb. Onda məlumat olub ki, Mədəniyyət və Turizm Şöbəsi ləğv olunacaq. Posta iddialılardan ala biləcəyini sonradan geri qaytaracağı risqinə getməmək uçün Eldəniz Abdullayevi önə verib. Daha doğrusu, onun 20 ildir qanunsuzluqla məşğul olduğunu bildiyindən, müqavimət göstərməyəcəyini düşünərək, həmin vəzifəni elə onun özünə təklif edib».

Mənbə iddia edir ki, Eldəniz Abdullayevin İcra Hakimiyyətinin şura iclasında hamıya təqdim edib ki, şöbənin müdiri odur. Sonradan məlum olub ki, icra başçısı şöbə müdirindən 1 illik müqavilə üçün 30 min manat alıb. «Axşam MTŞ-lərin ləğv olunması xəbəri çıxıb. Eldəniz Abdullayev xəbəri eşidəndən sonra ürəyi tutub. Üstünə həkim çağırıblar, özünə güclə gətiriblər».

İcra başçısı ilə sahibkarların söhbəti

Məlum olduğu kimi, Prezident İlham Əliyevin son tapşırıqları sırasında əsas ağırlıq ölkədə sahibkarlara olan münasibətin tənzimlənməsinin üzərinə qoyulub. Dövlət başçısının göstərişinə əsasən heç bir halda sahibkarlar incidilə bilməz, onlardan hər hansı bir məqsəd və iş üçün pul alınması da qadağan edilib. Amma görünən və bilinən odur ki, Zərdabın icra başçısı Lütfəli Babayevin üçün ölkə rəhbərinin qaydaları, tapşırıqları elə də əhəmiyyətli deyil.

Məlumat verən rayondakı sahibkarlar bildirirlər ki, Lütfəli Babayev artıq onlara qənim kəsilməyə başlayıb. Belə ki, hazırda rayonun mərkəzindəki bəzi küçələrin səkilərinə tamet daşlar vurulur. İcra başçısı isə müavinləri birlikdə gəzintiyə çıxaraq, həmin küçələr boyu fəaliyyət göstərən mağazalara daxil olub, onlarla «unikal» söhbətlər edib.

Sahibkarların dediyinə görə, icra başçısı onlara minnət qoyub ki, bəs, 8 ildə heç kimdən 1 manat da olsa pul almayıb. «Sonra deyir ki, bəlkə, müavinlərə pul vermişik? Müavinlər də bir ağızdan «yox» deyirlər. Ardından «kimsə bilməyib deyib ki, sahibkarlardan pul almaq olmaz, bunlar da inanıb» söyləyir. Axırda da Pərvin adlı müavininə göstəriş verib ki, dükanların qarşısına vurulan tamet daşların qiymətini hesablayıb, 2-yə vuraraq pulunu bizdən alsın».

Şəhid adına hörmətsizlik

Zərdab rayonunda şəhid adına da heç bir sayğı göstərilmir. Rayonun şəhid Elnur Həsənov küsəsinin durumu isə vahiməlidir. Qış aylarında yağış və qar sularının kanalizasiya sularına qarışması səbəbindən üfunət o qədər də hiss olunmur. Amma yayda, Allah göstərməsin, iydən baş çatlayır.

Həmin küçənin sakini Ağabala İbişov göndərdiyi video görüntülərdə durumu açıq şəkildə izah edib. O bildirir ki, Zərdab Şəhər İcra Nümayəndəliyinin rəhbəri Hafiz Kərimovun yaşadığı evin kanalizasiyası birbaşa onların yaşadığı küçəyə axıdılır.

Şəhid adına olan küçənin asfaltının olmaması, qaz xətlərinin bərbad şəkildə çəkilməsi, habelə elektrik xətlərinin təhlükəli olması da görüntülərdə öz əksini tapıb.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024