Mobil versiya
Suraxanı icra başçısı "razborşik" işçiləri vasitəsilə kasıb əhalidən nə istəyir?
Tarix: 01-04-2016 | Saat: 12:43
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər




Aia.az xəbər verir ki, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsi 5-ci döngədə yaşayan Ağayev Seyfəddin Ağabala oğlu azinforum.az-a müraciət edərək rastlaşdığı haqsızlıq barədə danışıb.

Onun sözlərinə görə, bir neçə gündür ki, Suraxanı rayon İcra Hakimiyyətinin saxladığı qoçu dəstəsinin üzvlərindən biri onun ailəsini təhdid edir:
“Mən kasıb adamam. Fəhləliklə ailəmi dolandırıram. Ailə şəraitimiz heç də ürəkaçan deyil. Hazırda mənə məxsus olan və tam ərsəyə gəlməyən evdə 3 ailə məskunlaşıb. Şəraitimiz çox darısqal olduğu üçün, həyətimdə bir yarımtikili inşa etmək qərarına gəldim. Sizə təqdim etdiyim fotolordan da görürsünüz ki, mən ev tikmirəm. Çünki evin qapısı və pəncərəsi olar. Bu yarımtikili mənə artıq əşyalarımızı yığmaq baxımından çox zəruri lazımdır.

İnsafən deyim ki, tikintini apardığım vaxt heç kim mənə mane olmadı. Tikinti başa çatan kimi idman forması geyimində olan bir nəfər cavan oğlan həyətimə soxularaq məndən tikintini dayandırmağı, ya da onu “görməli” olduğumu bildirdi. Mən həmin adamı tanımadım. Özünü İcra Hakimiyyətinin işçisi kimi təqdim etdi. Gördüm ki, bu adamda dövlət qulluqçuluğuna xas olan hansısa əlamət yoxdur. Bizimlə əsl kriminal avtoritet kimi danışırdı. Maraqlandım, dedilər ki, qonşuluğumuzda yaşayır. Mənə məlum oldu ki, həmin 25 yaşlı adamın adı – Musayev Röyal Ehtiram oğludur. Əslən Şərur rayonunun Alışar kəndindən olan bu adam bizimlə qonşu kəndçidir.

İkinci dəfə həmin şəxs ətrafında gətirdiyi bir neçə adamla yenidən həyətimə icazəsiz soxularaq bizi təhqir etməyə başladı. Mən onu nəzakətə dəvət etdimsə də, xeyiri olmadı. Ali təhsilli oğlum da evdən çıxıb ondan özünü nəzakətli aparmağı xahiş etsə də, yenə özünə yığışmadı. Həmin adam təzədən bizi hədələyib getdi və Novruz bayramından sonra başımıza oyun açacağını bildirdi. Mənə bəlli oldu ki, sən demə Röyal bizdən tikintiyə görə pul tələb edir. Bütün ətrafda yaşayan sakinlərlə təsdiq etdilər ki, o, belə işlə məşğul olur. Yəni daşın üstünə daş qoyan mütləq onu görməlidir. Mən iki dəfə Suraxanı rayon İcra Hakimiyyətinə getsəm də, həmin adamı orda tapa bilmədim. Ancaq o, özünü icra hakimiyyətinin işçisi kimi təqdim edirdi. O, bizdən əl çəkməyərək bir neçə dəfə oğlumu teleon vasitəsilə “razborkaya” çağırıb. Onunla oğlum arasında olan telefon yazısını da sizə təqdim edirəm. Qulaq asın və görün, həmin adam oğlumla hansı tonda danışır? Deyir ki, hara şikayət etsək də xeyri olmayacaq. Onun hər yerdə adamı var. Səs yazısından da görünür ki, o, özünü Suraxanı rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edir. Mən başa düşə bilmirəm, bu adam rəsmi işçidirsə niyə oğlumu və ya məni rəsmi dövlət qurumuna deyil, “Xalqlar Dostluğu” bazarının yanına dəvət edir?”

Ağayev Seyfəddin hələlik bu məsələni yerli icra hakimiyyəti ilə araşdırmaq istədiyini dedi:
“Mən bilirəm ki, həmin adamın əməllərində sırf cinayət tərkibi var. Əlimdə bunu sübut edən dəlillər və səs yazısı var. Ancaq hələlik bir faktı aydınlaşdırmaq istəyirəm. Bizim ailəni dövlət qurumunun adı ilə təhdid altında saxlayan məmurdu, yoxsa icra hakimiyyətinin funksiyasını mənimsəmiş qoçu? Buna aydınlıq gətirəndən sonra, əlaqədar qurumlara şikayət edəcəm. Sizin sayt vasitəsilə mən Suraxanı İcra Hakimiyyətinə müraciət edirəm. Necə olur ki, mənim ətrafımda üç mərtəbəli villalar ucaldılır və onlara heç kim bir söz demir, ancaq mən tikditim bir daxmaya görə, mən və ailəm basqına məruz qalır?”

Azinforum.az-ın reportyoru şikayətçinin dediyi ərazidə olub. Ordan çəkilən fotolardan da görünür ki, Ağayev Seyfəddinin inşa etmək istədiyi tikili köməkçi binaya oxşayır və o, bunu öz hasarının içində edir. Şikayətçi tərəfindən bizə həmçinin Musayev Röyal tərəfindən onların necə təhdid olunmasına dair mötəbər sübutlar da təqdim edilib. Təəssüflər olsun ki, mövzu ilə bağlı icra hakimiyyətinə ünvanladığımız sorğu cavabsız qalıb. Yəqin ki, Suraxanı rayon İcra Hakimiyyəti Musayev Röyalın onların işçisi olub-olmamsı ilə bağlı məsələyə aydınlıq gətirmiş olacaq. Qeyd edək ki, məhz sözügedən ərazidə icra hakimiyyətinin qoçusu kimi ad çıxarmış Musayev Röyal özünə üçmərtəbəli ev tikib. Həmin evin də şəkilini təqdim edirik.
Yazıda adları çəkilən bütün tərəflərin mövqeyini dinləməyə hazırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024