Mobil versiya
Fermerdən generala şok ittiham: "Şərif Əsədullayevə 40 min manat verdik”
Tarix: 17-03-2016 | Saat: 10:47
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Fermerdən generala şok ittiham: "Şərif Əsədullayevə 40 min manat verdik”

”General Şərif Əsədullayevə 40 min manat verdik”Fermer Prezidentə şikayət ünvanladı, qarşı tərəf təzminatı artıracağını dedi

"Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayev məndən 40 min manat istəyir”.
Bunu Şamaxı rayonunun Təklə kənd sakini, 1941-ci il təvəllüdlü Ağanəzər Atan oğlu Kərimov deyir. O, Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova şikayət məktubu ilə müraciət edib.

"Yeni işçiyə ehtiyac vardı”

Ağanəzər Kərimov müraciətində qeyd edib ki, hazırda Abşeron rayonunun ərazisində "Xanqulu” qış otlaq sahəsində icarəyə götürdüyü fermada maldarlıqla məşğuldur:
"Hər il 65-70 ton ət, 6 tona yaxın yun, 4-5 ton süd məhsulu istehsal edib, satırıq. Fermada ailə birliyi yaratmışıq. 18-20 ildir ki, Şabran rayonundan Bəylər Məhərrəmov, qardaşı Bəhlul Məhərrəmov, Quba rayonu Pirvahid kəndindən Teyyub Məmmədov, oğlu Urfan Məmmədov, Qobustan rayonu Ərəbşahverdi kəndindən olan Firidun Mehrəliyev, onun oğlu Cəsarət, əmim oğlu Əlfağa Kərimov, qardaşım Seyidqulu Kərimov ailələri ilə birlikdə bizimlə mal-qoyuna baxırlar. Heyvanlarımız artdığından işçi qüvvəsinə ehtiyac olub. Soraqlaşmışıq, qohumum Qismət bizə zəng edib ki, Altağac yaylağında maldar Hacı Mübarizin yanında bir ailə var – bir anadır, 2 oğlu, 2 qızı. Mübarizin yanından getmək istəyirlər, amma ona 1000 ABŞ dolları borcları var, Mübariz onları buraxmır. 2007-ci ilin sentyabrında oğlum Seyran Kərimov Altağaca gedib, Hacı Mübarizlə görüşüb, ailə ilə görüşüb, onların Hacı Mübarizə olan 1000 ABŞ dolları borclarını ödəyərək, ailəni yatağımıza gətirib. Ailəni yataqda yerləşdirmişik, məlum olub ki, anaları Dilarədən başqa uşaqların heç birinin doğum haqqında şəhadətnamələri yoxdur. Uşaqlardan Cəmil və Rəfail çobanlığa başlayıblar, anaları Dilarə, qızlar Aygün və Aysel də mala baxıblar. Ailəyə hər ay 300 manat əmək haqqı və 3 kisə un vermişik”.

"Dedilər ki, 20 min manat borcunuz var”

Ağanəzər Kərimovun sözlərinə görə, bir müddətdən sonra onlar xahiş ediblər ki, hər ay 150 manat pul və bir baş qoyun verilsin. Bu minvalla 2013-cü ilin yayına qədər 55-60 baş qoyunları və 3 baş inəkləri olub: "2013-cü ilin yayında qızları Aygünə toy etmişik. Qobustan rayonu Bədəlli kəndinə gəlin köçürmüşük. Həmin vaxt qoyunların bir qismini satıb 2500 manata yataq mebeli, 2500 manat məbləğində cehiz alıblar. Ferma əhli ona bir soyuducu hədiyyə edib, yun yorgan-döşək vermişik. Həmin toydan sonra Cəmil fermadan çıxıb Müşfiq qəsəbəsinə gəlib və daş karxanasında işləməyə başlayıb. 2015-ci ilin aprel ayında Rəfail 15-20 baş qoyun satdı ki, pul lazımdır, vəkil tutmuşuq, özümüzə metrika və şəxsiyyət vəsiqəsi düzəltdiririk. Mayın 19-da Rəfail icazə aldı ki, Müşfiq qəsəbəsinə qardaşı Cəmilə dəymək istəyir. Mayın 20-də səhər tezdən saat 11 radələrində oğlum Seyrana Vasif adlı vəkil zəng edib ki, bunlar mənim yerlilərimdir, sizin bunlara 20 min manat borcunuz var, onu da verin, heyvanlarını da. Bununla bağlı vəkillə oğlum Seyranın mübahisəsi düşüb”.

"Guya ailəni məcburi əməyə cəlb etmişik”

Ağanəzər Kərimov müraciətində yazır: "20 may 2015-ci ildə saat 15 radələrində 7 ədəd CİP markalı maşın fermaya gələrək təsərrüfatı mühasirəyə aldı. Rəfaili müxtəlif yerlərdə kameraya çəkiblər. Gələnlər özlərini Daxili İşlər Nazirliyin Baş İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim ediblər və əməliyyata həmin idarənin rəisi general Şərif Əsədullayevin göstəriş verdiyini söyləyiblər. Məni bir maşına, oğlum Əzizi bir maşına, çoban Bəylər Məhərrəmovu da başqa bir maşına basaraq, Bakıya İnsan Alveri ilə Mübarizə İdarəsinə gətirdilər. Məni xeyli sorğu-suala tutdular. 21 mayda, saat 01 radələrində buraxdılar, oğlum Əziz və çoban Bəyləri saxladılar. Ora-bura əl atdıq ki, Şərif Əsədullayevə adam tapaq. Məlum oldu ki, mənimlə yaxın tanışım, maldarlıqla məşğul olan, Hökməlili Qoç Şərif Əsədullayevlə yaxındır. Qoçla əlaqə saxladım, dedi ki, sabah saat 12-də ol Bakıda, mən gedib Şəriflə danışaram. Mayın 21-də gəldim Bakıya, Qoçla görüşdüm, getdik Şərifin yanına. Mən gözlədim, Qoç girib Şəriflə danışdı, saat 15-16 radələrində oğlum Əzizi və çoban Bəyləri buraxdılar. Məndən heç nə istəmədilər. İyul ayında eşitdik ki, mənə, oğlanlarım Seyran və Əzizə qarşı cinayət işi qaldırıblar ki, guya biz həmin ailəni məcburi əməyə cəlb etmişik”.
"40 min manat istədi…”

Məktubda qeyd edilib ki, bu il 26 yanvar tarixində Seyran, dostu Nəriman Dibirovla idarəyə, müstəntiqin çağırışına gedib: "Saat 17-də müstəntiq Tərlan onu həbs etdi. Bu barədə Nəriman Dibirov mənə məlumat verdi, mən də Qoçla əlaqə saxladım, bildirdim ki, oğlum Seyranı müstəntiq saxlayıb. Qoçla görüşüb, Bakıya, Şərifin yanına gəldik. Mən gözlədim, Qoç girdi Şərifin yanına. Xeyli sonra çıxdı ki, Şərif 60 min manat istəyirdi, yalvar-yaxar 40 minə saldırmışam. Dedim ki, mən o pulu tez düzəldə bilmərəm, sən zamin dur, oğlum Seyranı buraxdır və vaxt al, nəyimiz var sataq, düzəldib gətirək. Qoç zamin durdu, oğlum Seyranı 30 saatdan sonra yanvarın 28-də, gecə 1-in yarısında buraxaraq, 1 həftə vaxt verdilər”.

"Pulu verdik müstəntiqə”

Ağanəzər Kərimov daha sonra yazır:
"Hörmətli Prezident! 2014-cü ilin noyabrın 14-də illik 6 faiz olmaqla Sahibkarlığa Yardım Fondundan 40 min manat kredit götürərək, 350 baş qoyun almışdıq. Qoyunları 500 başa çatdırmışdıq. Şərif Əsədullayevə vermək üçün 400 baş qoyun, 25 baş inək satdıq. Bizi necə qısnadılarsa, hər biri 110-120 manata gedəsi qoyunları orta hesabla 77 manata satdıq, bir az da borc tapdıq. Fevralın 8-də 10 min ABŞ dolları, 24 min manat pul düzəldib oğlum Seyran, mən və oğlumun dostu Dilbar saat 11 radələrində müstəntiq Tərlanın yanına gəldik. Oğlum Seyran pulu apardı Tərlana. Tərlan Şərifə məruzə edib ki, deyilən məbləği gətiriblər. Şərif soruşub ki, Seyran kiminlə gəlib, Tərlan deyib təkdir. Ş. Əsədullayev göstəriş verib ki, pulu qaytar ona, kim zamin durubsa, o gətirsin. Seyran pulu gətirdi, biz Qoça zəng etdik ki, pulu götürmürlər, general deyir, Qoç özü gətirsin. Qoç soruşdu: "Yanınızda kim var?” Dedim, oğlumun dostu. Dedi ki, indi mən Şəriflə danışacam, deyəcəm, o, mənim adamımdır, pulu gətirəcək, mən uzaqdayam. Bir azdan Qoç zəng etdi, oğlumun dostu Dilbar pulu aparıb Tərlana verdi ki, məni Qoç gondərib. Tərlan pulu alandan sonra oğluma zəng etdi ki, çatdı. Fevralın 12-də axşam müstəntiq Tərlan oğlum Seyrana zəng etdi ki, təcili gedin zərərçəkənlərlə razılaşın, həm də qərara gəlin ki, məhkəməyə hansınızı verim. Üçünüzü də qurtara bilmərəm, biriniz Ağır Cinayətlər Məhkəməsinə getməlisiniz. Fevralın 16-da mən, oğlum Seyran, dostları Dilbar və Kamran getdik Bakıya. "20 yanvar” metrostansiyasının yanında çayxanada vəkil Vasif, şikayətçilər Rəfail, Cəlil və anaları Dilarə ilə görüşdük. Vəkil Vasif dedi ki, 20 min manat verəcəksiz, məhkəmədə şikayətçi olmayacağıq. Başa saldıq ki, nəyimiz var satmışıq, vermişik Şərifə, o pulu verə bilmərik. Son danışıqları belə oldu ki, 15 min manatdan bir qəpik aşağı olmaz. Cənab Prezident, cənab Baş Prakuror, cənab Nazir! İndi biz bu Şərif alan 40 mindən başqa 15 min şikayətçilərə verməliyik və birimiz də məhkəmə məsuliyyətinə verilməliyik. İndiyə kimi də müstəntiqdən xahiş edirik ki, fermada bizimlə çalışan çoban ailələrini dindirsin ki, biz onlardan hansını işlədib pulunu verməmişik? 60 başa yaxın qoyun və 3 baş inəyi şikayətçilərə zəhmət haqqı kimi biz verməmişikmi? Hazırda fermada onların 16 baş qoyunu, 3 baş inəkləri var. Müstəntiqvə vəkil qoymurlar ki, gəlib heyvanlarını aparsınlar. Deyirlər, 15 min manatı alandan sonra gedib gətirərsiniz. Bu minvalla Şərif bizi və çobanları zəlil gününə qoyub. Bu ilin mayından aldığımız 40 min manat kreditin hər ay 2200 manatını ödəməliyik.
İndi Allahı, İmanı, İnsafı, haqqı, ədaləti, qanunu, nəhayət, vicdanı nəzərə alaraq bizə yol göstərin ki, biz neyləyək? Bizi Şərif Əsədullayevin əlindən almağa gücünüz çatarsa, yazığıq, kömək edin, tədbir görün”.

"Təzminatı artıracağıq”

Meydan TV məsələyə münasibət öyrənmək üçün işi araşdıran müstəntiqlə əlaqə saxlayıb. Müstəntiq Tərlan Zeynalov deyib ki, istintaq sirri olduğundan ətraflı məlumat verə bilməz: "Vətəndaş məsuliyyətdən yayınmaq üçün şər atmaqla məşğuldur. Bundan başqa, heç nə deyə bilmərəm”.
Qarşı tərəfin vəkili Vasif İsrafilov da Meydan TV-yə Ağanəzər Kərimovun yalan danışdığını deyib:
"Biz onlardan 55 min təzminat istəmişik. 5 nəfər ailə üzvünü istismar ediblər, məcburi əməyə cəlb ediblər. 8-9 il yetkinlik yaşına çatmayan uşaqları işlədiblər. Ailəni məcbur ediblər, deyiblər, getsəniz, sizi oğurluqda günahlandıracağıq, əsgərliyə getməmisiz, sizi tutduracağıq və s. Müxtəlif bəhanələrlə saxlayıblar. Sonradan uşaqlar qaçıb gəliblər Bakıya, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə şikayət ediblər”.
Vəkil deyib ki, Ağanzər Kərimovun şikayəti qarşılığında təzminatı daha da artıracaqlar: "Şikayət edib, çox gözəl. Eybi yoxdur, biz də 55 mini vuracağıq orta aylıq əmək haqqına, təzminat keçəcək 100 mindən yuxarı.
Hər nə deyiblərsə, yalandı. Adamları istismar ediblər, barələrində şikayət olunub. Generalın pul almağı boş, yalan söhbətdi. Pul almışdılarsa, bunları niyə buraxmırdılar? Pulu alınan adamı buraxırlar də.
Deyir, qızını köçürmüşük. Qızının heç toyu olmayıb. Oğlan evi toy edib, gəlib aparıb. Köçürmək-filan boş söhbətdi. Əlimizdə onlarla bağlı başqa faktlar da var. Digər işlərlə bağlı, bu işdən daha ağır. Fikirləşirik ki, ola bilsin onlarla da bağlı şikayətlər etdik, hüquq-mühafizə orqanlarına məlumat verdik”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024