Mobil versiya
“Ermənistan başqa ölkələri də münaqişəyə cəlb etməyə çalışır” – MÜSAHİBƏ
Tarix: 22-07-2020 | Saat: 13:19
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Ermənistan başqa ölkələri də münaqişəyə cəlb etməyə çalışır” –


Məşhur Məmmədov: “Jurnalistikanın ağırlığı vicdanlı qələm adamlarının çiynindədir”

Milli Məclisin deputatı Məşhur Məmmədov TİA.az və SOSİUM.az portallarına müsahibə verib.

Görüşümüz Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyinə təsadüf etdiyindən ilk sualımız elə mətbuatla bağlı oldu.

– Milli Mətbuatın yaranmasından 145 il ötür. Sizcə, Azərbaycan mətbuatının ictimai rəyə təsir yükü hansı səviyyədədir?

– Fürsətdən istifadə edib ilk növbədə, Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illik yubileyi münasibətilə bütün jurnalistlərini təbrik edir, onlara fəaliyyətində uğurlar arzu edirəm. Azərbaycan mətbuatı böyük yol qət edib və bu yolda müxtəlif çətinliklərdən, sınaqlardan, məhrumiyyətlərdən keçib. Bu gün Azərbaycanda kifayət qədər peşəkar, sistemli mətbuat orqanları formalaşıb. Onlar öz uğurlu fəaliyyəti ilə cəmiyyətimizi operativ və qərəzsiz informasiya ilə təmin edirlər. Hesab edirəm ki, jurnalistikanın ağırlığı da məhz vicdanlı qələm adamlarının çiynindədir. Təbii ki, müəyyən neqativ məqamlar da var. Lakin bu gün jurnalistlər günü olduğu üçün bu barədə danışmaq istəməzdim.

– Prezident İlham Əliyev bəyan etmişdi ki, mətbuat mübarizə meydanına çevrilib və bəzi məmurlar mətbuatdan rəqiblərinə qarşı istifadə edirlər?

– Cənab Prezident tamamilə düzgün vurğulamışdı ki, bəzi qüvvələr ictimai rəyi çaşdırmaq, öz xeyrinə dəyişmək üçün mətbuatdan alət kimi istifadə edir. Etiraf etmək lazımdır ki, Azərbaycan mətbuatında problemlər var və bunun əsas səbəbi peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlıdır. Əgər hər hansı mətbu orqan və ya jurnalist öz işinə vicdanla yanaşırsa, əsas missiyasının cəmiyyəti maarifləndirmək, informasiya ilə təmin etmək olduğunu nəzərə alırsa, o zaman bu kimi neqativ hallar da baş verməz. Unutmaq lazım deyil ki, Azərbaycan kifayət qədər həssas regionda yerləşir və ölkəmizin uğurlu inkişafına qısqanclıqla yanaşan, həzm etməyən qüvvələr var. Onlar hər vəchlə öz təxribatçı məqsədlərini həyata keçirmək, daxildə nifaq toxumu səpmək niyyətindədir və mətbuatın ayıq-sayıqlığı bu məsələdə ən vacib şərtlərdən biridir.

– Məşhur müəllim, Tovuz istiqamətində baş verənləri necə dəyərləndirirsiniz? Sizcə, cəbhə xəttində yaranan gərginlik nədən qaynaqlanır?

– Tovuz rayonu istiqamətində baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı Ali Baş Komandanın əmri ilə hər an torpaqlarımızı azad etməyə qadir və qabildir. Azərbaycan xalqı sözün əsl mənasında həmrəylik nümayiş etdirdi. Biz bunu hərbçidə də, tələbədə də, dövləq qulluqçusunda da, sadə vətəndaşda da , hər kəsdə müşahidə etdik. Eyni zamanda xaricdə yaşayan azərbaycanlılar birləşərək, müxtəlif ölkələrdə Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Bu çox qürurverici hadisədir. Unutmayaq ki, biz təkcə mənfur ermənilərlə yox, həm də onun havadarları ilə üz-üzəyik. Onlar o qədər çirkin yollara əl atırlar ki, adam sadəcə dəhşətə gəlir. Əsas məqsədləri Azərbaycanı müxtəlif təxribatlara çəkmək, günahkar obrazında dünyaya təqdim etmək idi. Necə deyərlər, “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Şübhəsiz ki, buna nail ola bilmədilər və Azərbaycan ordusu onlara qətiyyətli və layiqli cavab verdi. Ermənistan çalışır ki, digər dövlətləri də münaqişəyə cəlb etsin və öz işğalçı siyasətini davam etdirsin.

– Bəziləri məqsədli şəkildə, bəziləri sensasiya xatirinə, bəziləri də axına qoşularaq, dezinformasiya tirajlayır, ictimai rəyi çaşdırmağa çalışırdılar?

– Bəli, bəziləri bilərəkdən, yəni şüurlu şəkildə, bəziləri də bilməyərəkdən düşmən dəyirmanına su tökdülər. Onlar cəbhə bölgəsində baş verənləri şişirdərək, saxta məlumatlar paylaşaraq, ictimaiyyəti ruhdan salmağa, ölkəmizin strateji hədəflərinə ziyan vurmağa çalışırdılar. Bunun başlıca səbəbi Azərbaycanda olan “beşinci kolon”un aktivləşməsi, radikal müxalif qüvvələrin baş verənləri öz xeyrinə dəyişmək istəməsi ilə bağlıdır. Misal üçün vətəndaşlar Qarabağa, Azərbaycan ordusuna, Ali Baş Komandana dəstək yürüşü keçirdilər. Yürüşdə iştirak edənlərin əksəriyyəti Azərbaycan dövlətini, millətini, xalqını sevən qüvvələr olsa da, bəzi təxribatçılar da onların arasında idi. Gördüyümüz kimi, onlar Milli Məclisin qarşısında keçirilən dəstək nümayişini pozaraq, təxribatçı ssenarilər həyata keçirməyə çalışdılar. Azərbaycanın regionda artan rolu və dünyanın önəmli dövlətinə çevrilməsi bəzi qüvvələri çox ciddi şəkildə narahat edir və onlar hər fürsətdə bundan öz maraqları naminə istifadə etməyə çalışırlar. Bu mənada bayaq söylədiyim fikrin üzərinə bir daha qayıdaraq yenidən söyləmək istəyirəm ki, Azərbaycan cəmiyyəti, o cümlədən Azərbaycan mətbuatı bu məsələdə xüsusilə həssas olmalıdır.

– Deputatların fəaliyyətində yeni trendlər nəzərə çarpır. Müasir və çağdaş dövrün tələbləri ilə ayaqlaşmaq çətin olmur ki?

– Deputat kimi əsas fəaliyyətim seçicilər arasında düzgün təbliğat aparmaq, onların problemlərini dinləyib dəstək olmaq, seçicilərlə sıx təmasda olmaqdır. Eyni zamanda Milli Məclisin işində yaxından iştirak etmək, beynəlxalq əlaqələrin qurulmasında, qanunvericilik təşəbbüslərinin irəli sürülməsində fəal iştirak etməkdir. Bilirsiniz ki, dünyada, o cümlədən Azərbaycanda koronavirus pandemiyası hökm sürür. Bu səbəbdən seçicilərlə canlı təmaslar yaratmaq, onların arasında olmaq çətinləşib, müəyyən məhdudiyyətlər var. Lakin bu bizim işimizə əngəl törətmir. Müasir dövrdə canlı olmadan da seçicilərlə təmas qurmaq mümkündür və hazırki şəraitdə biz məhz bu şəraitdə fəaliyyətimizi davam etdiririk. Vaxtaşırı olaraq seçicilərdən daxil olan müraciətləri qəbul edir, onların həlli istiqamətində İcra Hakimiyyəti və digər dövlət qurumları ilə birlikdə həll olunmasına çalışırıq.

– Koronavirusdan söz düşmüşkən, bütün bəşəriyyəti təhdid edən, şəhərləri kabus halına gətirən bu virus nə zaman bitəcək?

– Ümümdünya Səhiyyə Təşkilatı bəyan edir ki, koronavirusa qarşı vaksin hələ istehsal edilməyib. Bu istiqamətdə dünyanın aparıcı Elmi-Tədqiqat İnsitutlarında araşdırmalar aparılır, artıq müəyyən müsbət dinamika hiss olunur. Lakin hələ yekun nəticə yoxdur və biz izolyasiya və gigiyenik qaydalara riayət etməklə bu bəladan qoruna bilərik. Hələ pandemiya yeni kütləviləşməyə başladığı dövrdə Cənab Prezident İlham Əliyev müvafiq qərarlar qəbul edərək, önləyici tədbirlər gördü. Eyni zamanda koronavirusun əlamətləri ilə bağlı tibb ictimaiyyəti məlumatlandırıldı. Aidiyyatı üzrə həm Bakı şəhərində, həm də regionlarda koronavirus pandemiyası ilə mübarizə kontekstində xəstəxanalar ayrıldı, modul xəstəxanalar inşa olundu. Yoluxanların sayında müəyyən artım olsa da, son günlərin statistikası ümidvericidir. Əgər biz nə qədər çox karantin qaydalarına əməl etsək, bir o qədər tez yenidən əvvəlki həyata qayıda biləcəyik. Bunun üçün vətəndaşlardan sosial məsuliyyət tələb olunur.

– Azərbaycanda həyata keçirilən islahatlar hakimiyyətin bütün qollarını, icraedici, qanunverici qolları əhatə edir. Sizin bu islahatlardan gözləntiləriniz nədir?

– Təkcə mənim deyil, bütövlükdə Azərbaycan xalqının bu islahatlara münasibəti çox yüksəkdir. Bu islahatların mahiyyətində əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, elektron hökumətə keçidin təmin olunması, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi, peşəkar kadrların yüksək vəzifələrə gətirilməsi və onların potensialından dövlətimizin inkişafında istifadə olunması dayanır. Bu islahatatlar bütün sahələri əhatə edir. İqtisadi sahəni də, sosial sahəni də, eyni zamanda sizin söylədiyiniz kimi, bütün hakimiyyət qollarını da. Heç şübhəsiz bu islahatlar bundan sonra da davam edəcək. Artıq cəmiyyətimiz bu islahatların real nəticəsini öz gündəlik həyatında hiss edir və Cənab Prezident İlham Əliyevə ölkə vətəndaşlarının çoxsaylı müraciətləri bunun bariz nümunəsidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024