Mobil versiya
MİLLİ VARLIĞIMIZ SAYILAN ANA DİLİ BÖYÜK ORKESTRİN SİMFONİYALARI, ŞƏRQİLƏRİDİR
Tarix: 21-07-2020 | Saat: 15:08
Bölmə:Yazar2 | çapa göndər

MİLLİ VARLIĞIMIZ SAYILAN ANA DİLİ BÖYÜK ORKESTRİN SİMFONİYALARI, ŞƏRQİLƏRİDİR





(Bəxtiyar Vahabzadə yaradıcılığından)

Hər bir xalqın ruhu, psixologiyası, mənəviyyatının əsas təzahür əlaməti onun dilidir. Vətən torpağı kiçilib genişlənə bilər, tamamilə əldən çıxa bilər, sərhədləri tükənə bilər. Hətta inam və şərəfi tapdana bilər. Lakin bir şey dəyişmir. Qalan bu tək varlıq Ana dilidir. Bu mənada milli mənliyin qorunub saxlanmasında başlıca vasitə, amil ana dilidir. Bəxtiyar Vahabzadə yazır: «Hər xalqın dili o xalqın ruhudur, psixologiyasıdır, mənəviyyatıdır, tarixidir, tarix boyu keçib gəldiyi yollardır. Xalqın dilini yaradan sözlər, o sözləri bir-biri ilə birləşdirən şəkilçilər, feillər, sifətlər, təyinlər, quru rəqəmlər deyil, hecalarında xalqın nəbzi atan canlı ürəkdir, düşünən beyindir. Onlar bizimlə birgə yaşayır, düşünür, bizi də yaşadır və düşündürür. Hər xalqın övladı o xalqın yaratdığı dillə düşünür və həmin dillə öz ürəyinin yanğısı, beyninin fikrini ifadə edir». Sonra şair fikrini davam etdirərək ana dilinin hansı mənada xalqın psixologiyasını ifadə etdiyi haqda yazır ki, «Mənim torpağa «xak» deyil, məhz torpaq deməyim, suya «ab» deyil, məhz su deməyim mənim psixologiyam, mənim dünya baxışım, mənim ruhumdur».

Dilin yaşamağı, diriliyi o dildə «Ana» deyən, «torpaq» deyən, «Vətən» deyən insanların, millətin olmasındadır. Dilin yaşamağı «Vətən» deyilən bir damın altında o dildə danışanların olmasıdır. İnsanın, əgər «Mən azadam, mən xoşbəxtəm» sözlərini öz doğma ana dilində deməyə ixtiyarı yoxdursa, onun azadlığı və müstəqilliyi də yoxdur. Şairin məşhur «Latın dili» şeirində izlənilən əsas ideya budur. Şeirin birinci böyük bir hissəsində şair sözün müstəqim mənasında «Ölü dil» sayılan latın dilinin müasir dünyanın bütün məmləkətlərində yaşamaq hüququ qazandığını, onun sivilizasiya dünyasındakı yeri və mövqeyini göstərir. Bu dildə danışan xalq yer üzündən silinib getmişdir. Lakin bu dil dünya elminin və mədəniyyətinin dili kimi əbədi olmaq hüququnu əldə etdiyinə görə «dirilərin dili» kimi qiymətləndirilməlidir. Cəmiyyətin bütün təbəqələrində hörmət və etiram bəslənilən B.Vahabzadənin ana dili haqqında fikirlərinə onun məşhur «Ana dili» şeiri ilə başlamaq lazımdır. Bu şeiri şairin gənclik dövründə yaratdığı etiraslar kimi yox, bəlkə də daha artıq onun bütün həyat devizi kimi qiymətləndirmək lazımdır. «Ana dili» şeiri bütöv bir xalqın mənəvi siması, pasportudur. Şeir, ümumiyyətlə, ana dili, onun xüsusiyyətləri, keyfiyyətləri barədə böyük orkestrin simfoniyaları, şərqiləridir. Şeirin bir neçə misrasına diqqət yetirək:

Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız – laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.


Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi

Qiymətli xəzinədir ... onu gözlərimiztək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
... Ey öz doğma dilində danışmağı ar bilən,
fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar, qoy, mənim olsun,
Ancaq vətən çörəyi sizlərə qənim olsun.

B.Vahabzadə məqalələrinin birində Cəlil Məmmədquluzadədən danışarkən yazır ki, Mirzə Cəlilin yaradıcılığı üç amilin üzərində qurulur: Vətən, xalq və onun dili! Müəllif belə hesab edir ki, bunlarsız (bu üç amilsiz) nə böyük ədibin özü var, nə də sözü. Mübaliğəsiz demək olar ki, Bəxtiyar Vahabzadənin də yaradıcılığını bu üç amilin üzərində qurmaq olar. Onun şairlik istedadının, şəxsiyyət bütövlüyünün əsasında Vətən, xalq və onun dili durur. Şairin əqidə və inamı bu üç amilə söykənir, onun bütün varlığı, bu varlığın mayəsı Azərbaycan dilidir. Bu dil haqqında şairin fikir və düşüncələrini öyrənmək onun ədəbi, ictimai-siyasi, pedaqoji görüşlərini öyrənmək baxımından çox əhəmiyyətlidir. B.Vahabzadənin Azərbaycan dilinə münasibəti şair-vətəndaş, pedaqoq-alim və ictimai xadim baxışlarının vəhdəti şəklində təzahürüdür. Bir sözlə, mənəvi sərvətimiz olan dilimizə ehtiram, məhəbbət və həssaslıq göstərmək, qayğı ilə yanaşmaq çağırışı B.Vahabzadənin yaradıcılığında çox vacib və böyük faktordur.

B.Vahabzadənin ana dili konsepsiyası bütün əsərlərinin canına, qanına hopmuşdur. O, bu məsələ ilə bağlı silsilə məqalələr yazmış, «Ana dili», «Latın dili» kimi monumental bədii nümunələr yaratmışdır. Görkəmli sənətkarımızın bəzi məqalələrində («Tarix nə deyir» və s.) dilçiliyin ümumi-nəzəri problemlərinə aid mülahizələr irəli sürməklə bu sahə üzrə tanınmış mütəxəssis – alim səviyyəsinə belə yüksəlir. Dil və onun işlənmə dairəsi, tədrisi metodikası və s. problemlərlə bağlı şairin düşüncələri bu günümüz üçün də çox əhəmiyyətli fikir və mülahizələrdir. Ona görə də B.Vahabzadənin ana dili və onun tədrisi haqqında fikirlərini öyrənmək və ondan istifadə imkanlarını araşdırmaq çox vacibdir.

Müəllifin qeyd etdiyi kimi bu dildə «Ana», «Vətən», «torpaq» deyən insan – millət yoxdur. Bu təəssüf ediləcək qaçılmaz, acı həqiqətdir. Lakin bu dilin dünya elmi, mədəniyyətində yaşam haqqını qazanması da bir həqiqətdir. XX əsrdə və müasir şəraitdə belə elmi terminologiyada məhz bu dildən istifadə edilir. Bu mənada, latın dilinin yaşayan və ya ölü dil olması sualı düşündürücüdür.

Aydın həqiqətdir ki, latın dili danışıq dili kimi bir heçlikdir. Bu dildə nə «Ana», nə «Torpaq», nə də «Vətən» deyən var. Bu dildə danışan millət yer üzündən silinib. Lakin xalqın özü yoxsa da, dili min illərin sınağından keçib gəlmişdir. Bəşər elminin, mədəniyyətinin böyük nailiyyətləri, nadir inciləri bu dildə yazılmış, nəsildən-nəslə ötürülərək zəmanəmizə qədər gəlib çatmışdır. Şair haqlı olaraq göstərir ki, sabah bizim əsrimizin sərhədlərini də aşa biləcək bu dil elmlərin təməlidir.

Həkimlərin, alimlərin
Loğmanların dilidir bu.
Fələklərin
Adlarını yazır alim
ölü dildə
Kim deyir ki, ölübdür bu?
Ölülərin dili deyil,
Dirilərin dilidir.

Şeirin ikinci hissəsi kimi uca kürsülərdə mən azadam, xoşbəxtəm, mən müstəqiləm deyən bir natiqin sözlərinə qarşı şairin münasibəti durur. Bir dil ki, xalqın bütün təbəqələri arasında yaşamır, dövlət səviyyəsində – rəsmi idarə və kürsülərdə işlədilmir, nə o dildə danışan adamların azadlığı və müstəqilliyindən, nə də ki, həmin dilin həqiqi yaşamından söhbət gedə bilər. Şair şeirin sonunda oxucunun çıxardığı bu məntiqi nəticə üzərində düşündürür: xalqı ölən, lakin özü yaşayan bir dilə, yoxsa xalqı yaşayan, lakin dustaq olan, uca kürsülərdə işlənməyən, yalnız komalarda, alaçıqlarda işlənən bir diləmi ölü dil deyək:

Atlantika sahilində
coşa-coşa
daşa-daşa
– Mən azadam, mən xoşbəxtəm, –
Deyir natiq yad dilində,
Söylə, natiq,
İndi nəyə inanaq biz –
Qulağamı
Ya gözəmi?
Əmələmi
Ya sözəmi?
«Mən azadam, müstəqiləm» sözlərini
Öz dilində deməyə də
İxtiyarın yoxsa əgər,
De, kim sənə azad deyər?...

Göründüyü kimi, şair məntiqin gücünə əsaslanır: öz doğma ana dilində danışa bilməyən, yad dildə müstəqilliyini, azadlığını bəyan edən insan hansı mənada, necə azad və müstəqil ola bilər. Ana dilinə qadağa qoyulmuş bir insanın azad düşüncə sahibi ola biləcəyi absurd deyilmi?
Söylə necə azadsan ki, komalarda dustaq olub
ana dilin?

Böyük-böyük məclislərdən
İtirilib ilim-ilim?...
İclaslarda bir kəlməsi, sözü yoxdur.
Bəlkə... onun böyük, rəsmi məclislərə
Çıxmaq üçün üzü yoxdur?
Söylə bəlkə bic doğulub.
Atasından yox xəbəri?
Bəlkə bu dil çox kasıbdır
Qucağına sıxışmayır...
Sən dərdə bax,
Vətən də var,
Millət də var.
Ancaq onun dili yoxdur.
Elə bil ki,
Güzgü kimi, hamar, şəffaf royalım var
dili yoxdur...

Millətin dili alaçıqlar, komalar üçün deyil, uca-uca kürsülər, rəsmi danışıqlar üçün yaranmışdır. Vətən də, millət də var. Ancaq onun dili yoxdur. Belə bir «azadlığa» nə ad vermək olar. Millət dili ilə tanınar. Millət dil və Vətən birliyindən ibarətdir. Əgər belə deyilsə, bu dil qarşısında qalmırıqmı?

İndi söylə,
Hansı dilə ölü deyək?
Vətən varkən
Millət varkən
Kiçik, yoxsul komalarda
dustaq olan bir diləmi?
Yoxsa, uzun əsrlərdən
keçib gələn,
Xalqı ölən,
Özü qalan bir diləmi?

Rus-sovet ideologiyasının tüğyan etdiyi bir dövrdə (1967-ci ildə) yazılmış bu şeir əslində Azərbaycan - Ana dilinin (həmçinin, o zamankı turk dilli «müttəfiq» respublikaların» dillərinin) düşdüyü ağır vəziyyəti, acınacaqlı taleyi haqqında rekviyemdir. Sadəcə, burada şair tərəfindən məkan və zaman dəyişdirilmişdir. Sonralar B.Vahabzadə yenidənqurma dövründə də bu məsələ ilə bağlı silsilə məqalələrinin birində göstərirdi ki, ana dili barədə «dəfələrlə yüksək kürsülərdən deməyimizə baxmayaraq, yenə də konstitusiyamızda dövlət dili kimi təsbit edilən Azərbaycan dili dövlət səviyyəsinə qaldırılmamışdır».

Yekun olaraq qeyd edək ki, ana dili xalqın milli varlığının əsas göstəricilərindən biridir. Görkəmli sənətkarımız B.Vahabzadə ana dilinin saflığı, geniş kütlələr tərəfindən işlənməsi, onun hüquqlarının tam mənada bərpası uğrunda fədakarcasına mübarizə aparmış, dilin dirçəlişi və inkişafı qayğısına qalmağı vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın borclu olduğunu israrla, dönə-dönə xatırlatmışdır.

KAMAL CAMALOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə