Mobil versiya
“190 gülləyə tuş gəlsinlər!” – ƏƏSMN-də xeyli işsiz vətəndaşı iyun ayı üçün birdəfəlik yardımdan məhrum edən ciddi bürokratik problem üzə çıxıb
Tarix: 16-07-2020 | Saat: 12:27
Bölmə:Manşet / Ölkə / Seçilənlər-6 | çapa göndər

“190 gülləyə tuş gəlsinlər!” – ƏƏSMN-də xeyli işsiz vətəndaşı iyun ayı üçün birdəfəlik yardımdan məhrum edən ciddi bürokratik problem üzə çıxıb




Məlum olduğu kimi, işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara 190 manatlıq birdəfəlik ödəmələrin karantin tətbiq olunan bütün rayonlara şamil olunması barədə Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli Qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı və sonradan əlavə olunan daha bir neçə rayon üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra iyun ayı üçün də həmin məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilməkdədir. Ödəmənin həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcəyi bildirilmişdi. Həmçinin, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə zamanı vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanının əsas götürüləcəyi, birdəfəlik ödəmə üçün təkrar müraciətə ehtiyac olmayacağı deyilmişdi.

Ancaq “narıncı zona”da yaşayan işsiz vətəndaşların heç də hamısı iyun ayı üçün birdəfəlik ödəməni ala bilməyib. Belə naçar vəziyyətdə qalan vətəndaşlardan biri redaksiyamıza müraciət edərək bildirmişdir ki, onun qeydiyyatda olduğu rayonda sərt karantin rejimi tətbiq olunmasa da, faktiki yaşadığı rayon “narıncı zona” hesab olunur. Vətəndaşın sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayaraq səbəbi öyrənə bilib: “Mənə bildirildi ki, birdəfəlik ödəmə verilməsi xahişi ilə ilk dəfə “e-sosial.az” saytına elektron müraciətimdə yaşayış yerimi göstərərkən sistemin xüsusi pəncərəsində əlifba sırası ilə sərgilənən şəhər, rayon adları arasından (kursoru həmin şəhər-rayonun adının üstündə saxlayıb tıklama yolu ilə) seçməliymişəm. Mən isə qeydiyyatda olduğum və yaşadığım ünvanları uyğun qrafalarda müfəssəl formada, hətta küçənin adını, evin nömrəsini belə tam yazmışam. İndi deyirlər ki, o cür (klaviaturada hərfləri yığmaq yolu ilə) təqdim olunan məlumat sistemə düşməyib, daha doğrusu, yaşayış yerimi sistem özü istədiyi kimi, yəni, qeydiyyatda olduğum yeri əsas götürməklə rəsmiləşdirib”.

Məyus olmuş vətəndaş haqlı sual ortaya qoyur: “Əgər ilkin müraciətimdə qeydiyyatda olduğum və faktiki yaşadığım ünvanlar barədə məlumatları düzgün, yaxud, tələb olunan qaydada daxil etməmişdimsə, sistem onları niyə qəbul edirdi? Niyə bildirmirdi ki, daxil etdiyim məlumat yanlışdır? Axı, sistemə məlumatı qəbul etməyin qaydası heç rəsmi kütləvi informasiya vasitələrində də qabaqcadan əyani, məsələn, video-çarx vasitəsilə nümayiş etdirilməmişdi. İlk baxışdan xüsusi izahata lüzum da yox idi, hər şey aydın idi – eynən kağız anketdə olduğu kimi qrafalarda soruşulan sualları cavablandırırsan, vəssəlam. O sistem əgər işimizi asanlaşdırmağa hesablanmışdısa, elə seçici siyahısındakı adam adlarını da sərgiləyəydi, hərə özününkünü tapıb təsdiqləyəydi də”.

Olduqca çətin durumda qaldığını bildirən vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə nifrin yağdırdı: “Pandemiya səngiyəndən sonra işimə davam edəcəyim ümidilə kirayədə yaşadığım yerdə ilişib qalmışam. Ev yiyəsinə və başqa adamlara xeyli borcum var, nəzərdə tutmuşdum ki, 190 manatı alıb heç olmasa bir hissəsini qaytararam. İndi neyləyəcəyəm? – Daha borc verən də yoxdur. Ailə-uşağımla, əşyalarımla küçəyə atılsam, bizi virusdan kim qoruyacaq? Görüm onları 190 gülləyə tuş gəlsinlər! Bilmirsən bu ərəfədə cəbhədən gələn qara xəbərlərin dərdini çəkəsən, virusdan qorunasan, yoxsa, acından ölməməyi fikirləşəsən. Bu bürokratlar ermənidən də betərdirlər”.



Mövcudluğunun mahiyyətində, fəaliyyətinin mərkəzində insan amili duran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünün qabaqcadan nəzərə almadığı texniki problemə görə vətəndaşları aclıqla üz-üzə qoymamalıdır. Bir də axı, hökumət vətəndaşın ona uzaqdan-uzağa onlayn formada verdiyi məlumata niyə kor-koranə inanmalıdır, pandemiyanın ötən dövründə harada yaşadığını dəqiqləşdirməyə niyə əlavə cəhd eləməməlidir? Hökumət belə tənbəldirsə, bəs birdəfəlik ödəmə almaq üçün müraciət edən şəxsin adına VÖEN, torpaq sahəsi olduğunu nə tez tapa bilirdi? Bəlkə eyni yanlışlığa görə “narıncı zona”da qeydiyyatda olub de-fakto “yaşıl zona”da yaşayan başqalarına haqq etmədikləri halda birdəfəlik ödəmə təyin olunubsa, onda necə olacaq?

Ehtimal böyükdür ki, belə vicdanlı yanlışlığa yol vermiş vətəndaşların sayının çox olduğu üzə çıxacaq. Ona görə də bu problem mütləq ictimailəşdirilməlidir.

P.S. İntrnet üzərindən axtarış elan edib “Youtube” kanalında “e-sosial.az” saytında birdəfəlik ödənişdən ötrü müraciət edənlərin qeydiyyatdan keçmək üçün etməli olduqları ardıcıl hərəkətləri nümayiş etdirən bir video-çarxa rast gəldik. Həmin video-materialda yaşayış yeri haqda məlumat qrafasında şəhər-rayon adlarını sərgiləyən “ox ucluğu” işarəsi yox idi. Bu isə o deməkdir ki, “e-sosial.az” saytında faktiki yaşayış yerinin düzgün qeydə alınmamasına müraciət edən şəxs özü səbəbkar deyildir.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Pünhan Şükür
AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

82 863 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-08-2020
07-08-2020