Mobil versiya
Heydər Əliyev zəkası
Tarix: 14-06-2020 | Saat: 17:52
Bölmə:Gündəm | çapa göndər

Heydər Əliyev zəkası



1993-cü ilin əvvəlində AXC-Müsavat iqtidarının apardığı səriştəsiz siyasət Azərbaycanı böyük uçurumla üzləşdirmişdi. Yaranmış vəziyyətdən istifadə edən bəzi separatçı qüvvələr ölkəni parçalamaq üçün çirkin oyunlara qoşularaq xarici düşmən qüvvələrin səyləri ilə antidövlət siyasəti həyata keçirirdilər. Cənubda “Talış Muğan Respublikası”, Şimalda Sadval təşkilatı, Gəncədə Sürət Hüseynovun pozucu qüvvələrinin açıq-aşkar dövlətlə hesablaşmaması - bunlar hamısı ölkəni fəlakətə sürükləyirdi. Vətəndaş müharibəsinin qığılcımları artıq alova çevrilirdi. Nəhayət, 1993-cü ilin iyun ayında Azərbaycanda dövlət idarə olunmaz vəziyyətə gəlib çıxdı. Gəncə sindromu respublikanın həyatında gedən dağıdıcı proseslərin kulminasiya nöqtəsi oldu. Respublikanın “olum, ya ölüm” dilemması qarşısında qaldığı bir şəraitdə, çıxılmaz vəziyyətdə olan o vaxtkı rəhbərləri Naxçıvana üz tutdular. Naxçıvan MR-nın Ali Məclisinin sədri Heydər Əliyevə Bakıya gəlməsi üçün dəfələrlə müraciət edərək, Naxçıvana xüsusi təyyarə göndərdilər. Ulu Öndərin Bakıya gəlişini bütün respublika həyəcanla gözləyirdi. Xalqın iradəsinin qələbəsi olaraq 15 İyun Milli Qurtuluş Günü kimi yaddaşlara həkk olundu. Beləliklə, Azərbaycan xalqı öz taleyini təcrübəli, vətənini və xalqını sevən, onun arzu və istəkləri ilə yaşayan bir liderə etibar etdi. Bəli, Heydər Əliyev dühası Azərbaycan tarixində həm də xilaskar və qurucu lider statusunda yer almış yeganə şəxsiyyətdir. Ümummilli Lider qısa zamanda qiyamçı dəstənin zərərsizləşməsinə nail oldu. Hakimiyyət boşluğunu aradan qaldırdı, ictimai-siyasi sabitliyin, qanunçuluğun gücləndirilməsi istiqamətində real addımlar atdı. Qanunsuz silahlı birləşmələri tez bir zamanda aradan qaldıran Ulu Öndər eyni zamanda cəmiyyətdə milli həmrəyliyin əldə olunmasına, sabitliyin möhkəmləndirilməsinə, iqtisadi tənəzzülün qarşısının alınmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirdi. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu özünün rəhbəri seçdi. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də xilaskarlıq və quruculuq missiyası ilə xalqının yeganə ümid, nicat yeri oldu. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ilk mühüm addımlarından biri də cəmiyyətinin vahidliyinin təmin olunması, milli ideologiyanın sistem halında təqdimatı oldu. Dünya Azərbaycanlılarının I Qurultayında “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” - deyən Ulu Öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında səfərbər etdi. Tarixdən yaxşı bilirik ki, təbii sərvətlərinin bolluğu hələ xalqın xoşbəxtliyi demək deyil. Əsas olanı bu təbii sərvətləri xalqın mənafeyinə uyğun səmərəli realizə edən liderin, hökumət komandasının mövcudluğudur. Bu mənada, Heydər Əliyev həm də xalqın öz təbii sərvətləri üzərində həqiqi sahiblik hüququnu təmin edən rəhbər kimi tariximizə möhürünü vurub. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyanın aparıcı dövlətlərinin neft şirkətlərinin Xəzər hövzəsində külli miqdarda investisiya yatırması Azərbaycana həm də ən müasir innovasiya və informasiya texnologiyalarını gətirdi. Yeni neft strategiyasının əsas hədəflərindən biri də hərtərəfli iqtisadi inkişaf üçün zəruri maliyyə mənbələri formalaşdırmaq, iqtisadi dividendləri qeyri-neft sektoruna yönəltmək idi. Əminliklə demək olar ki, ötən 27 ildə bu məqsədə tam nail olundu. Yeni neft strategiyası ölkənin bütün həyati əhəmiyyətli sahələrində yüksəliş və tərəqqini təmin etdi. Ulu Öndər Heydər Əliyevin ədaləti və müdrikliyi sayəsində Azərbaycan keçmiş postsovet məkanında torpaq islahatlarını da uğurla həyata keçirən ilk respublika oldu. Ulu Öndərin səyi nəticəsində Azərbaycan kəndlisi bazar iqtisadiyyatı dövründə sahibkarlıq təfəkkürünə yiyələndi. Torpağına sahibliyi ilə öz ruzisini halallıqla əldə etməyi öyrəndi. Eyni zamanda respublikamız aqrar sektor üzrə islahatlarda postsovet məkanı ölkələri üçün model dövlətə çevrildi. Bir sözlə ifadə etsək, 1993-2003-cü illərdə Azərbaycan uçurumun kandarından dinamik inkişafın astanasına gətirildi. Respublikamız, sözün həqiqi mənasında, müstəqil siyasət yürüdən ölkə kimi maraq və mənafeyini təmin edə, strateji məqsədlərinə doğru inamla irəliləyə bildi. Milli dövlətçilik ənənələri möhkəmləndi. İctimai-siyasi sabitlik amili vətəndaşla dövlət arasında mənəvi körpüləri daha da gücləndirdi. Ulu Öndərin Azərbaycan xalqının mənafeyi naminə bir müdrik, uzaqgörən addımı da var. Heydər Əliyevin özündən sonra Azərbaycanı uğurla irəli apara biləcək qətiyyətli və təcrübəli siyasi varis, layiqli idarəçi yetişdirməsi onun xalq qarşısında ən böyük xidmətlərindən biridir.
Bu gün Azərbaycan cəmiyyətində həlledici mütləq çoxluq Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı olan cənab İlham Əliyevə tam ürəkdən inanır, onun yürütdüyü siyasətini birmənalı dəstəkləyir. Bu inam tarixi sınaqlardan keçməklə, dövlət başçısının son 17 ildə yürütdüyü alternativsiz siyasətə və bu siyasətin möhtəşəm nəticələrinə söykənir. Bu inam Prezident İlham Əliyevin Azərbaycanda idarəçilik fəlsəfəsinə yeni məna çalarları gətirmiş “Mən hər bir azərbaycanlının prezidenti olacağam” çağırışından rişələnir. İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu çoxşaxəli siyasəti ən müxtəlif sahələrdə uğurla davam etdirməyə qadir siyasi lider olduğunu ötən 17 illik fəaliyyəti dövründə tam sübuta yetirdi. Hökumətin xalq qarşısında hesabat verməsini idarəçilikdə xoş ənənə kimi formalaşdırdı. Xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətəndaşlarla görüşdü, onlarla səmimi söhbət edərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul etdi. Cənab İlham Əliyevin xarakter etibarilə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında daha qabarıq şəkildə üzə çıxdı. Dövlət başçısı bütün müdrik dövlət adamlarına xas olan qabiliyyətlə hər kəslə dil tapmağı, Prezident-vətəndaş arasındakı psixoloji səddi aradan götürməyi bacardı. Ümumilikdə möhtərəm Prezidentimizin yürütdüyü siyasətin bir ali hədəfi də var: xalqa layiqli xidmət göstərmək, vətəndaşın etimadını qazanmaq, insanların layiqli həyat səviyyəsini təmin etmək! Ötən illərdə ictimai həyatın bütün sahələrində həyata keçirilən islahatlar məhz bu məqsədə xidmət edib. İnsan amili aparılan islahatların əsas qayəsini, məramını təşkil edib. Bu gün müstəqil Azərbaycan dünyada etibarlı, sözünə sadiq strateji tərəfdaş kimi tanınır, heç bir ölkənin daxili işlərinə qarışmır və eyni münasibəti də istisnasız olaraq bütün ölkələrdən tələb edir

İlham Əzimov
Bərdə 28 saylı Yol İstismarı İdarəsinin rəisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024