Mobil versiya
Dövlətimizin Heydər Əliyev erası
Tarix: 15-06-2020 | Saat: 16:13
Bölmə:Manşet / Siyasət | çapa göndər

Dövlətimizin Heydər Əliyev erası



Ağlı və hünəri ilə tarixin gedişini dəyişmək, onun yaddaşında iz qoymaq hər adama qismət olmur. Uca Tanrı yalnız seçilmiş bəndələrinə belə bir tale yazır, onları ən çətin sınaqlardan keçirərək şan-şöhrətə çatdırır. Ulu öndərimiz Heydər Əliyevin timsalında Azərbaycan xalqı da dünyaya bəşəriyyətin ən yeni tarixinə öz imzasını yazan dahi bir övlad bəxş etmişdir.
Ulu öndərin dühasının işığı ilə xalqımız milli oyanış və dirçəliş yolu keçmiş, öz müstəqil dövlətçiliyini bərpa edərək möhkəmləndirmiş, bir millət kimi yetkinləşmiş, birliyə, həmrəyliyə qovuşmuşdur.
Azərbaycanın müasir tarixinin otuz ildən artıq bir dövrü ulu öndərimizin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi bütün nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı bütün uğurlarda onun imzası vardır. Xoş gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi doğma millətinin önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev müasir dövlətçiliyimizin banisi və qurucusu, böyük öndəri kimi yüksək bir zirvəyə ucalmışdır. Onun təkcə vətən və xalq qarşısında deyil, həm də bəşəriyyət qarşısında xidmətləri unudulmazdır.
1960-cı illərin sonunda ilk dəfə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev təşəbbüskarlığı və işgüzarlığı ilə respublika həyatının bütün sahələrində dirçəlişə nail oldu ki, bu da milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqi üçün güclü təkan idi. Onun uzaqgörən, müdrik siyasəti Azərbaycanı keçmiş İttifaqın ən inkişaf etmiş respublikaları sırasına çıxardı.
Ulu öndərimiz özünəməxsus fəhm və məntiqlə elə həmin dövrdə Azərbaycanın gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikamızın iqtisadi potensilını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan necə sürətlə gerilikdən çıxaraq, bütün sahələrdə sıçrayışa nail olmuşdu. Sonralar müstəqil dövlət quruculuğuna açılan yol, əslində 1969-cu ildən-Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlanmışdır. 1969-1982-ci illərdə respublikamızda gedən irimiqyaslı tikinti-quruculuq işləri, vüsətli iqtisadi tərəqqi nəticəsində Azərbaycanın nüfuzu yüksəldi, paytaxtımız Bakı dünyanın tanınmış şəhərləri sırasında özünə möhkəm yer tutdu. Milli memarlıq irsimizin dərin bilicisi olan Heydər Əliyev Bakıda tarixi ənənələri qoruyub saxlamaqla yanaşı, onun ərazisində dövrün tələblərinə cavab verən yeni çoxsaylı yaşayış massivlərinin, sənaye müəssisələrinin, xidmət və idman komplekslərinin, təhsil və mədəniyyət obyektlərinin inşasına nail oldu. Həmin dövrdə yalnız paytaxtda və nisbətən iri şəhərlərdə deyil, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılırdı. Böyük fərəh hissi ilə deyə bilərik ki, Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində məqsədyönlü şəkildə apardığı tikinti-quruculuq işləri sayəsində Azərbaycan çoxlu maddi sərvətlər əldə etmiş, xalqımızın rifahı yüksəlmişdir. Bütün bunlarla yanaşı Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri dövlət müstəqilliyimizin qorunub saxlanması, Azərbaycanın parçalanmaqdan xilası olmuşdur. Məlum olduğu kimi, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənin bu ağır dövründə həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Ulu öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Bu gün müstəqil Azərbaycan Ümummilli liderin ideyaları – Heydər Əliyev yolu əsasında inkişaf edir. Azərbaycanda Heydər Əliyev yolunun alternativi yoxdur. Çünki bu yol uğurludur, xalqımızı işıqlı gələcəyə aparan  yoldur. Məhz Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan bugünkü inkişaf səviyyəsinə gəlib çatıb. Möhtərəm Prezidentimiz İlham Əliyev Heydər Əliyev siyasətini inkişaf etdirərək ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır. Bu gün Azərbaycan dünyada nüfuzlu dövlətlər sırasındadır. Təbii ki, bu nailiyyət Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qazanılıb. Dövlətimizin başçısının siyasəti xalqımızın mənafeyinə, xoş sabahına xidmət edir. Təsadüfi deyil ki, Azərbaycan dünya dövlətləri  ilə, işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə iqtisadi, siyasi, mədəni, mənəvi əlaqələri  inkişaf etdirir və öz sülhpərvər siyasəti ilə onlara nümunə göstərir. Müstəqil Azərbaycan bir çox beynəlxalq səviyyəli qlobal tədbirlərə ev sahibliyi edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurlu islahatlar həyata keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu islahatlara öz dərin töhfələrini və davamlı dəstəyini verməklə xalqımızın və dövlətimizi ali mənafeyi uğruna öz fəliyyətini uğurla və fədakarlıqla davam etdirir. Dövlətçiliyə xidmət edən bu yanaşma və fəaliyyət dünya üçün bir örnəkdir – parlaq nümunədir.  
Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün bu işləri təqdir etməklə öz dəstəyini nümayiş etdirir.  Bu isə ölkəmizdə xalq-iqtidar həmrəyliyinin sarsılmazlığını əks etdirir. 

Səkinə Babayeva
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024