Mobil versiya
Ulu Öndərin bizi zirvələrə aparan dühası
Tarix: 14-06-2020 | Saat: 15:49
Bölmə:Gündəm | çapa göndər

Ulu Öndərin bizi zirvələrə aparan dühası




Azərbaycan tarixində elə məqamlar olmuşdur ki, həmin məqamlar mühüm mərhələnin başlanğıcı kimi tariximizə həkk olunmuşdur. Belə məqamlardan biri də ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıtması ilə tarixə düşən hadisədir. Xalqımız hər il 15 iyun gününü Azərbaycan xalqının Milli Qurtuluş günü kimi bayram edir. Tarixdə şəxsiyyətin rolu danılmazdır. Müasir tariximizin bir qərinəlik dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Lakin Heydər Əliyevin 1987-ci ilin oktyabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov. İKP MK Siyasi Bürosunun üzvü vəzifəsindən istefaya göndərilməsindən, 1993-cü ilin iyununda yenidən Azərbaycanda hakimiyyətə qayıdışınadək olan dövrdə müxtəlif səviyyələrdə, müxtəlif yollarla onun siyasi səhnədən sıxışdırılıb çıxarılmasına cəhdlər göstərilmişdir. Heydər Əliyevin 1990-cı ilin yayında Moskvadan Azərbaycana qayıtması, lakin ona Bakıda qalmağa imkan verilməməsi səbəbindən doğulub boya-başa çatdığı Naxçıvana getməsi anından hakimiyyətdə olan qüvvələr daim onun yenidən böyük siyasətə qayıdışına hər cür maneçilik törətmiş, hətta onu fiziki cəhətdən məhv etməyə cəhd göstərmişdilər. Heydər Əliyevin 1990-ci ilin iyununda Moskvadan Vətənə qayıtmasından başlamış, 1993-cü ilin iyununda xilaskar missiyası ilə Naxçıvandan Bakıya qayıtmasınadək olan dövrü bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması dövründən, 1992-ci ilin iyun ayına qədər olan dövrü əhatə edir. Həmin dövrdə Heydər Əliyev Naxçıvanda xalq hərəkatının şəriksiz lideri kimi yenidən böyük siyasətə qayıtmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinə deputat seçilmişdi. Ayaz Mütəllibovun hər cür təzyiqlərinə baxmayaraq, Naxçıvanın sosial-iqtisadi problemlərinin həllini təkbaşına öz çiyinlərinə götürmüşdü. Həmin dövrdə Heydər Əliyev kimi təcrübəli bir dövlət xadiminin Naxçıvana rəhbərlik etməsi Xalq Cəbhəsinə də sərf edirdi. Onlar məhz Heydər Əliyevin sayəsində A. Mütəllibov qaragüruhuna qarşı müqavimət göstərə bilirdilər. İkinci mərhələ Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi dövründən, 1992-ci ilin noyabr ayınadək olan dövrü əhatə edir. Xalq Cəbhəsinin neobolşevikcəsinə həyata keçirdiyi kadr siyasətinin Naxçıvanda tətbiq edilməsinə qarşı çıxan Heydər Əliyev, AXC-Müsavat iqtidarının bir nömrəli düşməninə çevrildi. Oktyabrın 24-də Naxçıvan Xalq Cəbhəsinin yerli qurumlarına məxsus olan silahlı dəstələr Daxili İşlər Nazirliyinin binasını və televiziya studiyasını ələ keçirdilər. Lakin naxçıvanlılar onları müdafiə etmədilər və silahlı çevriliş cəhdi baş tutmadı. Xalq qətiyyətlə görkəmli siyasi xadim Heydər Əliyevi dəstəklədi. Üçüncü mərhələni "soyuq müharibə" dövrü adlandırmaq olar. Bu mərhələ 1992-ci ilin oktyabrından 1993-cü ilin fevral ayınadək olan dövrü əhatə edir. Bu dövrdə AXC-Müsavat iqtidarı sözün həqiqi mənasında Naxçıvanın blokadasını daha da sərtləşdirmişdi. Ali Məclisin sədri Heydər Əliyev bir tərəfdən genişlənən erməni təcavüzünün qarşısını alır, digər tərəfdən isə İran və Türkiyə ilə şəxsi əlaqələri hesabına Muxtar Respublikanın ərzaq və yanacaq problemlərini həll edirdi. AXC-Müsavat iqtidarı isə İran və Türkiyəyə təsir göstərməyə çalışırdı ki, Naxçıvana edilən yardımlar dayandırılsın. Bu mərhələ AXC-Müsavat iqtidarının əsl simasının açıldığı, onun anarxist siyasətbazlıqdan başqa bir şeyə yaramadığının aşkarlandığı dövr oldu. 1993-cü ilin fevralında keçmiş iqtidarın ölkəni hərbi, siyasi və iqtisadi cəhətdən fəlakətə yuvarladığı hamıya bəlli oldu. 2 Dördüncü mərhələ 1993-cü ilin fevralından AXC-Müsavat iqtidarının süqutuna qədər olan dövrü əhatə edir. Fevralın əvvəlində Əbülfəz Elçibəy dərk etmişdi ki, onun komandası ölkəni fəlakətə sürükləyir. Məhz bundan sonra Ə. Elçibəy Heydər Əliyevin dövlətçilik təcrübəsindən, idarəetmə məharətindən faydalanmağı zəruri hesab etmişdi. Fevralın 12-də Prezident İqamətgahında Ə. Elçibəy Heydər Əliyevlə görüşmüş, onunla 8 saat fasiləsiz məsləhətləşmə aparmışdı. Lakin artıq ölkə idarəolunmaz hala gəlmişdi. Güc strukturları hakimiyyətin nəzarətindən çıxmışdı. Ayrı-ayrı silahlı dəstələr hakimiyyət uğrunda mübarizəyə cəlb edilmişdilər. Nizami ordu əvəzinə könüllü batalyonlar yaradıldığından, bütün cəbhə boyu məğlubiyyət məğlubiyyətin ardınca gəlirdi. Ölkənin idarəolunmaz vəziyyətə düşdüyünü görən Ə. Elçibəy fövqəladə vəziyyət tətbiq edilməsi haqqında fərman imzalamışdı. Gəncəbasarda qanuni hakimiyyəti bərqərar etmək, qiyamçı 709 nömrəli briqadanı tərksilah etmək məqsədilə iyunun 4-də olduqca səriştəsiz bir əməliyyat həyata keçirilmişdi. Gəncəyə 3 minədək canlı qüvvə və texnika yeridilmişdi. Qardaş qanı tökülmüş, 35 nəfər həlak olmuş, 135 nəfər yaralanmışdı. 1200 döyüşçü, habelə respublikanın baş prokuroru İxtiyar Şirinov və milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbərov girov götürülmüşdülər. Hökumət qüvvələri biabırcasına məğlub olmuşdu. Surət Hüseynovun dəstələri Bakı üzərinə hərəkətə başlamışdılar. Prezidentin, Ali Sovetin sədrinin, baş nazirin və güc strukturlarının rəhbərlərinin istefası tələb edilirdi. Gəncədə baş qaldıran qiyam AXC-Müsavat iqtidarının süqutunu sürətləndirdi. Belə bir məqamda keçmiş iqtidar yetkililəri yenə Naxçıvana - Heydər Əliyevə üz tutdular. Onu böyük dövlət xadimi kimi, alovlanan vətəndaş müharibəsini yatırmaq üçün təkidlə Bakıya dəvət etdilər. AXC-Müsavat iqtidarının ayrı-ayrı yüksək vəzifəli şəxslərinin, nüfuzlu ziyalıların, ağsaqqalların təkidli tələbi ilə iyunun 9-da Heydər Əliyev Bakıya qayıtdı. O, alovlanan vətəndaş müharibəsini söndürmək üçün iyunun 13-də Gəncəyə getdi. Qardaş qırğınının qarşısını aldı. AXC-Müsavat iqtidarı pərən-pərən düşdü. İstefalar başladı. Bəzi nazirlər isə vəzifələrini "dondurdular". Belə ağır bir məqamda - iyunun 15-də Milli Məclis Heydər Əliyevi Ali Sovetin sədri seçdi. Müasir tariximizdə yeni mərhələnin başlanğıcına qədəm qoyuldu. Heydər Əliyev parlamentin sədri seçiləndən iki gün sonra prezident Ə. Elçibəy Kələkiyə getdi və qayıtmadı. Bundan sonra Heydər Əliyev prezident səlahiyyətlərini də icra etməli oldu. Məhz Heydər Əliyevin qətiyyəti, gecəli-gündüzlü gərgin fəaliyyəti sayəsində vətəndaş müharibəsinin, ölkənin parçalanmasının və separatizmin qarşısı alındı. Azərbaycan xalqı xaos və anarxiyadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin hakimiyyətə qayıdışı əsaslı dönüş nöqtəsi oldu. Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itirilmiş inammı özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı. Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz böyük oğlunu ölkənin prezidenti seçdi. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan Heydər Əliyev böyük çətinlikləri dəf etməli oldu. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplaşmalar cəmiyyətdən təcrid edildilər. İctimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edildi. Nizami ordu quruculuğuna başlanıldı. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs sazişi imzalandı. Ölkənin ictimaisiyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin genişlənməsində əsl dönüş yarandı. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı və yeni neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırılmasına imkan yaratdı. İqtisadi islahatların həyata keçirilməsi istiqamətində böyük addımlar atıldı. Torpaqlar kəndlilərin mülkiyyətinə verildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısı olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaratdı. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün onun siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin iqtisadi, siyasi, mədəni həyatında mühüm və gələcəyə yönəlmiş sanballı addımlar atılır. Azərbaycan yüksək sürətlə inkişaf edir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasəti yaşayır və uğurla həyata keçirilir O dövrdə baş verən hadisələrin təhlili göstərir ki, əgər 1993-cü ilin iyununda xalqın dəvəti ilə ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı. Ona görə də 15 iyun 1993-cü il müasir tariximizdə mühüm mərhələnin başlanğıcı kimi xarakterizə edilir.
Bu gün isə Azərbaycan daha işıqlı və firavan gələcəyə doğru inamla addımlamaqdadır. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əlindədir. Heç bir şübhə yoxdur ki, Ulu Öndər Heydər Əliyev ideyalarının işığında müstəqil Azərbaycanımız Prezidenti İlham Əliyevlə daha yüksək zirvələr fəth edəcək.

Azər İsmayılov
AŞAĞI MUĞAN MELİORATİV SİSTEMLƏRİNİN İSTİSMARI İDARƏSİNİN RƏİSİ

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024