Mobil versiya
Vətənə sevgini Heydər Əliyevdən öyrənməliyik
Tarix: 14-06-2020 | Saat: 15:18
Bölmə:Manşet / Siyasət | çapa göndər

Vətənə sevgini Heydər Əliyevdən öyrənməliyik



Heydər Əliyev şəxsiyyəti haqqında söz demək şərəfli olduğu qədər də məsuliyyətli və çətindir. Onun daxili və xarici siyasətimizi düzgün istiqamətləndirməsi sayəsində ölkəmiz bütün sahələrdə inkişaf etdi. Ölkə daxili əminamanlığa və Dağlıq Qarabağ müharibəsinin sülh yolu ilə həllinə çalışan böyük öndərimiz ilk növbədə Azərbaycan torpaqlarına Ermənistanın silahlı qüvvələrinin təcavüzünü və bu dövlətin təcavüzkar və işğalçı siyasət yürütməsini təkzibolunmaz dəlillərlə beynəlxalq təşkilatlara çatdırdı. Erməni lobbisinin mövqeylərinə sarsıdıcı zərbələr vuran böyük siyasətçi Azərbaycanın inkişafı üçün mühüm işlər görərək, Azərbaycanı beynəlxalq aləmdə sülhsevər və sivill ölkə kimi tanıtdı.
Bu gün bütün xalqımız 15 iyun – Milli Qurtuluş Gününün 27-ci ildönümünü böyük coşqu ilə qeyd edir.
Azərbaycan 1991-ci ildə XX əsrdə ikinci dəfə müstəqillik qazanmağa müvəffəq oldu. Ancaq müstəqilliyimizin ilk illərində xalqımız bir sıra məhrumiyyətlərə qatlaşmaq məcburiyyətində qaldı. 1992-ci il may ayının 14-də hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz və bütövlükdə ölkənin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı.  Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.  Ölkənin bir sıra regionlarında silahlı birliklər seperatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Belə ağır məqamda insanların ümid dolu gözləri Naxçıvana, hətta düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran ümummilli lider  Heydər Əliyevə dikilmişdi. AXC-Müsavat iqtidarının yarıtmaz rəhbərliyindən cana doyan xalq Vətənin bu ağır günündə öz sınanmış dahi oğlu Heydər Əliyevin Bakıya-Azərbbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə tələb edirdi. Yaranmış vəziyyətdə Azərbaycanın taleyini öz taleyi bilən Heydər Əliyev ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı və iyunun 9-da Bakıya gəldi. Ulu Öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu.  15 iyunda isə ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, respublikamız diletant, naşı və həris insanların hakimiyyətindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı.  Sınanmış oğlu Heydər Əliyevin timsalında özünün layiqli rəhbərini tapan xalq onu ilk dəfə  1993-cü il oktyabrın 3-də, ikinci dəfə isə 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçdi.
Heydər Əliyevin rəhbərliyi dövrü, dövlət müstəqilliyimizin gerçəkləşməsi dövrüdür. Onun gücü xalqa arxalanmasında və onlarla birgə olmasında idi. öz fəaliyyəti dövründə həmişə xalqına xidməti özünə məqsəd bilən Heydər Əliyev xalqının həyat şəraitinin yaxşılaşdırılması üçün var qüvvəsi ilə çalışırdı. Heydər Əliyevin Azərbaycan dövlətini inkişaf etdirərək onun dünyanın ən qüdrətli və zəngin dövlətləri sırasına çıxarılması istiqamətində apardığı məqsədyönlü işləri əvəzolunmazdır.
Heydər Əliyev zamanın yaddaşında, Azərbaycan tarixində əbədilik hüququ qazanmış, xalqın xilaskarı kimi tükənməz istedadını, zəngin təcrübəsini millətin firəvan həyatına həsr etmişdir. İllər keçsə də Azərbaycan xalqının firəvan yaşamağının səbəbkarı olan Heydər Əliyevi heç vaxt unutmayacaq. “Fenomen” sözünün mənası nadir, müstəsna, xariqüladə, görünməmiş hadisə deməkdir. Fenomen düşüncə tərzi, fenomen insan, fenomen xalq - belə söz birləşməsinə biz heç də tez-tez təsadüf etmirik. Amma Heydər Əliyev şəxsiyyətinə bu deyimin aid edilməsi sübuta ehtiyacı olmayan bir faktdır. Onun fenomenliyi isə göz qabağındadır.
Dünyanın tanınmış siyasi xadimləri, politoloqlar da etiraf edirlər ki, Heydər Əliyev şəxsi nüfuzu, yüksək idarəçilik keyfiyyətləri, harizması, intellekti və peşəkar siyasətçiliyə xas xüsusiyyətləri ilə nəinki Azərbaycana, hətta daha böyük dövlətlərə liderlik etmək imkanına malik fenomen bir şəxsiyyət idi. Bu da təsadüfi deyil. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin həm regional, həm də beynəlxalq siyasətin ayrı-ayrı çalarlarının müəyyənləşdirilməsində aparıcı rol oynayıb. Şərəfli ömür yolunu ölkəmizin inkişafına və tərəqqisinə həsr etmiş bu millət atasının bizimlə olmadığı ağır günlərdə təsəllimizi Heydər Əliyev kimi nəhəng siyasətçi, müdrik dövlət xadimi, unikal hakimiyyət ustası ilə bir dövrdə yaşamaqda tapırıq.
Ümummilli liderimiz, unudulmaz insan Heydər Əliyevin, ümumiyyətlə düşündürməyən və yaddan çıxa biləcək fəaliyyəti olmayıb. Onun dediyi hər bir söz, atdığı hər bir addım, Azərbaycan xalqı, onun rifahının yaxşılaşdırılması naminə göstərdiyi qayğı qlobal xarakter daşımış, onun dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir.
Xalqımızın dahi oğlu Heydər Əliyev öz həyatı və yorulmaz fəaliyyəti ilə xalq üçün, el üçün, vətən üçün yaşamağın, çalışmağın, mübarizə aparmağın əvəzsiz nümunəsini göstərərək nəsillərə örnək ola biləcək bir insan ömrü yaşamışdır. Xoşbəxt o insandır ki, onun həyatının ən mənalı dövrü Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir.
Ümummilli liderimiz Heydər Əliyev dünyanın tarixi perspektivini görməyi bacaran ən nüfuzlu, ən istedadlı, ən böyük siyasi və dövlət xadimlərindin biri idi. Onun rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin əhalisi özünü təhlükəsiz, sosial cəhətdən müdafiə olunmuş hiss edirdi.
Əgər biz bütün bunlardan indi və gələcəkdə də məhrum olmaq istəmiriksə, o zaman müstəqil Azərbaycan Respublikasının vətəndaşı kimi, hər birimiz dinindən, dilindən, irqindən, cinsindən və siyasi mənsubiyyətindən asılı olmayaraq Ümummilli Liderimiz Heydər Əliyevin bizə miras qoyduğu siyasəti davam etdirməyə borcluyuq. Məhz bu baxımdan biz hamımız ümummilli liderimiz Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı, Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşib ona bütün işlərində dəstək olmalıyıq.

Əbdülhüseyin Abdullayev
"EMA" MMC şirkətinin rəhbəri

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024