Mobil versiya
Böyük Xilaskar missiyası
Tarix: 11-06-2020 | Saat: 15:25
Bölmə:Gündəm | çapa göndər

Böyük Xilaskar missiyası




Azərbaycanın 29 illik müstəqillik tarixində ölkəmizin, xalqımızın bu günü və gələcəyi üçün müstəsna əhəmiyyət daşıyan bir neçə əlamətdar günü xüsusi qeyd etmək lazımdır. Bunlardan biri və bəlkə də birincisi 15 iyun-Milli Qurtuluş Günüdür. İllər ötdükcə, respublikamız inkişaf edib müstəqilliyini möhkəmləndirdikcə Qurtuluş Gününün tarixi önəmi daha aydın dərk olunur. Bu gün ölkəmizin hər bir vətəndaşı, bütün cəmiyyət 1993-cü ilin 15 iyununu – bir neçə onillik ərzində uzaqgörənliyi, iti zəkası, ölçüyəgəlməz milli təəssübkeşliyi və fədakar fəaliyyəti sayəsində Azərbaycanın inkişafı üçün bütün sahələrdə fundamental əsaslar yaradan Ulu Öndər Heydər Əliyevin respublikamızda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının rəsmiləşdiyi tarixi sonsuz minnətdarlıq hissi ilə xatırlamağı özünə mənəvi borc hesab edir. Çünki təkzibolunmaz həqiqət ortadadır. Hər birimizə aydındır ki, 15 iyun-Milli Qurtuluş Günü olmasaydı müstəqilliyimiz, həyatımızın bugünkü firavanlığı da olmayacaqdı. Ulu öndər böyük qayıdışı ilə Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsinin qarşısını aldı, ölkəmizi sabitliyə, davamlı inkişafa, sosial rifaha istiqamətləndirdi.

Dövlət müstəqilliyinə nail olmaq hər bir xalqın müqayisəyəgəlməz tarixi nailiyyətidir. Azərbaycan da keçmiş İttifaq məkanında gedən məlum proseslər nəticəsində 1991-ci ildə XX əsrdə ikinci dəfə müstəqillik qazanmağa müvəffəq oldu. Ancaq müstəqilliyimizin ilk illərində xalqımız bir sıra məhrumiyyətlərə qatlaşmaq məcburiyyətində qaldı. 1992-ci il may ayının 14-də hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz və bütövlükdə ölkənin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı. Problemlər getdikcə artırdı. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Ölkənin bir sıra regionlarında silahlı birliklər seperatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-Müsavat hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalanması isə Gəncədə böyük miqyaslı qarşıdurmaya rəvac verdi. Ölkədə ilk qardaş qanının axıdılması vətəndaş müharibəsinin, necə deyərlər, evin astanasında olmasından xəbər verirdi.

Belə ağır məqamda insanların ümid dolu gözləri Naxçıvana, hətta düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran ümummilli lider Heydər Əliyevə dikilmişdi. AXC-Müsavat iqtidarının yarıtmaz rəhbərliyindən cana doyan xalq Vətənin bu ağır günündə öz sınanmış dahi oğlu Heydər Əliyevin Bakıya-Azərbbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə tələb edirdi. Yaranmış vəziyyətdə hakimiyyətə gəlməyin çox böyük riskləri olmasına baxmayaraq, həmişə Azərbaycanın taleyini öz taleyi bilən Heydər Əliyev ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı və iyunun 9-da Bakıya gəldi. Ulu Öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, respublikamız diletant, naşı və həris insanların hakimiyyətindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Sınanmış oğlu Heydər Əliyevin timsalında özünün layiqli rəhbərini tapan xalq onu ilk dəfə 1993-cü il oktyabrın 3-də, ikinci dəfə isə 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçdi.

Çiyinlərində uzun illərin dövlət idarəçiliyi təcrübəsi olan Ulu Öndər özünəxas müdrikliklə, verdiyi əsaslandırılmış qərarlarla ölkənin parçalanması təhlükəsinin, regional separatçılığın qarşısını qətiyyətlə almağa müvəffəq oldu. Ölkədə qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, orduda vahid komandanlıq bərqərar edildi, cəmiyyətdə konsensus yardıldı. Onun siyasi iradəsi ilə respublikada ilk parlament seçkiləri keçirildi. Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyamız Azərbaycanda hüquqi dövlət quruculuğu üçün bu gün də fundamental baza rolunu oynayır.

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdəki fəaliyyəti, heç şübhəsiz ki, dövlət quruculuğunun bütün istiqamətlərini əhatə edirdi. Ölkənin qarşısında dayanan çoxsaylı prioritetlər sırasında əsas məsələlərdən biri də milli iqtisadiyyatın gücləndirilməsi idi. Ulu Öndər xüsusi olaraq vurğulayırdı ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Heydər Əliyevə AXC-Müsavat iqtidarından dağıdılmış, təchizat-satış əlaqələri pozulmuş iqtisadiyyat miras qalmışdı. Belə vəziyyətdə Heydər Əliyev iqtisadiyyatın dirçəldilməsinə yönələn müdrik qərarlar qəbul etdi, o cümlədən 100-dən çox Fərman və Sərəncam imzaladı. Ulu Öndərin təşəbbüsü əsasında parlamentdə yeni qanunlar qəbul edildi. Nəticədə 1995-ci ildən milli iqtisadiyyatımızda bərpa, 1996-cı ildən isə artım dövrü başladı.

Ən vacib məqamlardan biri o oldu ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyinə hesablanan yeni neft strategiyasını işləyib hazırladı və Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayələri cəlb etməyə nail oldu. Azərbaycan hökuməti ilə xarici şirkətlərin nümayəndələri arasında təxminən bir il gedən danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də Bakıda 11 beynəlxalq neft şirkəti ilə sonralar “Əsrin müqaviləsi” adını alan müqavilə imzalandı. Sonrakı illərdə neft gəlirlərinin artması hesabına ölkənin iqtisadi inkişafı üçün böyük imkanlar yarandı.

Azərbaycanın xoşbəxtliyi ondadır ki, respublikamızda ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sabitlik və davamlı inkişaf kursunun ardıcıllığı bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə təmin edilir. Bunun da sayəsində respublikamız bütün sahələrdə uğurlara nail olub. Bu gün ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Son illərdə dünyada ən yaxşı iqtisadi inkişaf göstəricilərindən biri məhz Azərbaycanda qeydə alınıb. Qlobal reytinq agentlikləri, o cümlədən Davos İqtisadi Forumu, Dünya Bankı milli iqtisadiyyatımızın durumu və perspektivləri ilə bağlı müsbət rəylər ifadə ediblər. Respublikamızın iqtisadi, maliyyə potensialının genişlənməsi ilə paralel şəkildə, beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə artıb. Qısa müstəqillik tarixində Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Hazırda respublikamız Cənubi Qafqazın lider dövləti statusunu inamla daşıyır. Bu gün Azərbaycan yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində bölgənin enerji xəritəsini tamamilə dəyişməyə nail olub, həmçinin Avropanın enerji təhlükəsizliyində böyük çəkiyə malik bir ölkəyə çevrilib.

Ölkəmizin müasir mənzərəsini göz önündə canlandıran uğurların sayı kifayət qədər çoxdur. Azərbaycanı sabitlik və rifah adasına çevirən, ölkəmizə bütün dünyada böyük hörmət qazandıran siyasətin təməli isə 4 iyun 1993-cü il hadisələrindən sonra Ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı ilə qoyulub.

Rafael Mehrəliyev,
Bakı Şəhər Mənzil-Kommunal Departamentinin rəisi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024