Mobil versiya
Mirəli Hüseynov: “Humanist və qeyri-standart davranışlardan imtina edilməli və hər kəsin qanun qarşısında bərabər məsuliyyəti təmin edilməlidir...”
Tarix: 15-05-2020 | Saat: 15:46
Bölmə:Siyasət | çapa göndər

Mirəli Hüseynov:


“Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri ölkədə həyata keçirilən korrupsiya ilə mübarizə tədbirlərinin zəruriliyi və effektivliyi mövzusunda əməkdaşımızın suallarını cavablandırmışdır

- Məlum olduğu kimi, son günlər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələri həbs olunmuşlar. Sizcə vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsini zəruri edən hansı səbəblər olmuşdur?

- Əlbəttə cinayət hüquqi tədbirlərin əsasında bu şəxslərin cinayət əməlləri dayanmışdır. Həyata keçirilən operativ və peşəkar əməliyyat nəticəsində bir sıra rayon icra hakimiyyəti başçıları və icra nümayəndələri bilavasitə cinayət başında yaxalanıblar. Ələ keçirilən təkzibedilməz dəlillər fakt üzrə cinayət təqibinin başlanmasına hüquqi əsaslar yaratmışdır. İlkin araşdırmalar rayon icra hakimiyyəti sistemində korrupsiya şəbəkəsinin oldugunu və onların təşkilatlanmış qaydada fəaliyyət göstərdiklərini ortaya çıxarmışdır. Bütün bu əməllər dövlətimizə və xalqımıza qarşı çox ağır cinayət əməlləridir və bu əməllərə görə təqsirkarlar qanunvericiliklə müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar.

- Yüksək vəzifəli dövlət qulluqçuları tərəfindən yol verilən korrupsiya əməllərinin qarşısı qətiyyətlə alınmadığı halda, bu kimi əməllərin cəmiyyətimizdə daha hansı fəsadlara yol aça biləcəyinə dair nə kimi fikirləriniz var?

- Anlamaq lazımdır ki, dövlət qulluqçuları dövlət adından çıxış edirlər və onlar dövlətin təmsilçilridirlər. Təəssüf ki, əksər hallarda yüksək səlahiyyətlərə malik olan vəzifə daşıyıcıları kimi təmsil etdiklərini və bu səlahiyyətlərin mənbəyini anlamaqda çətinlik çəkirlər. Yetərli təhsilin, dövlətçilik təfəkkürünün və idarəçilik təcrübəsi olmayan şəxslərin məsuliyyətsizcəsinə çox böyük vəzifələrə təyin edilməsi bu günün acı nəticələrini doğurub. Yalnız bu şəxslər deyil, həm də bu insanları vəzifələrə təqdim edənlərdə onlar qədər məsuliyyət daşımalıdırlar. Cinayətkarcasına laqeydlik və etinasızlıq dövlətimizə və cəmiyyətimizə çox böyük ziyanlar vurub. Bu ziyanlar yalnız maddi dəyərlərlə ölçülməməlidir. Onların məsuliyyətsiz və cinayətkar davranışları insanların dövlətə etimadını zədələyib və dövlətçiliyimizi təhlükə altına alıb. Məhz bu insanların sayəsində vətəndaşlarla dövlət arasında uçurum yaradır, dövləti xalqın müdafiəsindən məhrum edir və onun çöküşünü qaçılmaz edir. Tarixdə dövlətlərin məhz korrupsiya və rüşvətxorluq amilin təsirlərindən dağılması və ya əhəmiyyətli dərəcədə zəifləməsi təcrübəsi az deyildir. Korrupsiyaya qarşı radikal tədbirlərin aparılmaması halında heç bir xalq belə təcrübələrdən sığortalı deyildir.

- Bu gün biz böyük təəccüb və təəssüf hissi ilə aşkar edirik ki, bir tərəfdən erməni təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizi bir tərəfdən də öz məmurlarımız, həm də əslində bu mədəniyyətin keşiyində durmalı olan məmurlar talan etməklə məşğuldurlar. Sizcə, belələrinə qarşı qanunun ən sərt formada tətbiqini tələb edən cəmiyyətimiz nə dərəcədə haqlıdır?

- Mənsub oldugu xalqının maddi və mənəvi sərvətlərini talan edənlə, onun torpağını işğal edən istilaçı arasında heç bir fərq yoxdur. Hər ikisinin məqsədi xalqa və dövlətə məxsus sərvəti özünün korporativ maraqları üçün mənimsəməkdir. Hər iki halda ziyan çəkən xalq və dövlətdir. Mövqeyindən və statusundan asılı olmayaraq xalqa və dövlətə qarşı yönəlmiş istənilən hüquqzidd əməl qanunun var gücü ilə və ən sərt şəkildə cəzalandırılmalıdır. Torpqalarının 20%-dən artıq hissəsinin işğal oldugu və 1 milyondan artıq məcburi köçkünü olan dövlət yalnız müharibə dövrünün qanunları ilə itirdiklərini geri qaytara bilər. Baş verənlərin təkrarlanmaması üçün humanist və qeyri-standart davranışlardan imtina edilməli və hər kəsin qanun qarşısında bərabər məsuliyyəti təmin edilməlidir.

- Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildən bəri həyata keçirilən hüquqi, institusional və kadr islahatlarının əsas xətlərindən biri kimi korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi yönümündə atılan addımları, fikrinizcə, effektiv hesab etmək olarmı?

- Ölkədə korrupsiyaya qarşı mübarizənin qanunvericilik və institusional əsasları əsasən formalaşıb. Korrupsiyaya qarşı mübarizə üzrə çoxsaylı dövlət proqramları həyata keçirilib və bu gündə həyata keçirilməkdə davam edir. Əlbəttə, bütün bunlar korrupsiyanın qarşısının alınmasına və onun zəiflədilməsinə öz töhfəsini verib. Lakin korrupsiya cinayətkarlığının statistikası və artan dinamika həyata keçirilən tədbirlərin gözlənilən effekti vermədiyini də dolayısı ilə təsdiq edir. Yalnız cəza vasitəsilə cinayətkarlığını qarşısının alınmasının mümkün olmaması təcrübədə dəfələrlə sübut olunub. Korrupsiya cinayətlərinə əsasən şərait yaradan amil olaraq idarəetmə sistemi çıxış etdiyindən ilk növbədə idarəetmə modernləşməlidir. İcra hakimiyyəti sistemində korrupsiyanın kütləviliyinin səbəbini yalnız vəzifəli şəxslərdə deyil, həm də idarəetmə sisteminin özündə axtarmaq lazımdır. Problemin köklü həlli hakimiyyətin real hakimiyyətlər bölgüsü prinsipi əsasında formalaşmasından keçir. Korrupsiya cinayətkarlığını yalnız həqiqi parlament nəzarətinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, o cümlədən yerli idarəetmənin bələdiyyələrə verilməsi ilə zəiflətmək və aradan qaldırmaq mümkündür. Şəffaflıq və hesabatlılıq sisteminin qurulması korrupsiyanın qarışısının alınmasında ən səmərəli vasitədir.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5963 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}