Mobil versiya
Emiliyanın nağılı
Tarix: 06-03-2020 | Saat: 12:07
Bölmə:Yazar1 | çapa göndər

Emiliyanın nağılı



“Emiliya nağıllar aləminin kralıçasıdır”- desək, yanılmarıq. Çünki Emiliya harada nağıl kitabı görürdüsə, mütləq atasına aldırıb onu oxuyacaq. O, bütün xalqların nağıllarını sevir. Ən çox sevdiyi isə nənəsinin nağıllarıdır.
Bir gün Emiliya nənəsindən xahiş etdi ki, ona kitablarda olmayan bir nağıl danışsın.
-Yaxşı, Emiliya, yanımda otur, yerini rahatla- nənə dedi.
Emiliya nənənin yanında oturub, başını onun dizinin üstünə qoydu.
Biri vardı, biri yoxdu. Qədim zamanlarda bir arı ailəsi vardı. Onlar günlərini boş – bikar keçirərdilər. Bütün günü veyillənər, vızıldaya – vızıldaya onu - bunu sancardılar. İnsanlar da onların əlindən bezmişdi. Hamı çalışırdı ki, arılardan uzaq gəzsin.
Bir gün ana arı, ailəsini başına yığıb dedi:
-Bəsdir, avara - avara gəzdiniz, faydalı bir işin qulpundan yapışmaq lazımdır.
Arılar çox fikirləşdilər, az fikirləşdilər, nə edəcəklərini, hansı işi görəcəklərini bilmədilər. Axırda ana arı dedi:
- Bu işdə bizə yalnız Günəş kömək edə bilər. Gəlin onun yanına məsləhətə gedək.
Arılar gözlədilər səhər açıldı, Günəş çıxdı. Onun yanına gəlib dedilər.
-Hörmətli Günəş, sənsiz biz canlılar bir gün belə yaşaya bilmərik. Buna görə sənə minnətdarıq. Sənin ömrün ətrafındakılara həyat verməkdən ibarətdir. Belə yaşamaqdan yorulmursanmı?
- Nəinki yoruluram, əksinə bu işdən zövq alıram- Günəş dedi.
Mən hər səhər üfüqdə böylanan kimi bütün təbiət oyanır, məni salamlayır. Mən olmasam, bütün canlılar donar.
- Biz də ona görə sənin yanına gəlmişik ki, bizə məsləhət verəsən, bəlkə xeyirli bir işlə məşğul ola bildik.
Günəş düşünüb dedi:
- Siz nektarlı bitkilərin şirəsini toplayıb qida hazırlaya bilərsiniz.
Arılar Günəşə təşəkkür edib, yuvaya qayıtdılar. Lakin bitkilərdən necə şirə toplayacaqlarını bilmədilər. Ona görə də yenidən Günəşin yanına gəlib, onlara şirə toplamağın yollarını da öyrətməsini xahiş etdilər.
Günəş dedi:
-Sizə güllərdən, çiçəklərdən elə bir qida hazırlamağı öyrədəcəyəm ki, təbiətdə başqa belə bir qida mövcud olmasın.
Gedin nektarlı bitkiləri tapın. Mənim səmada gəzişimi izləsəniz, həmin bitkilərin harada yerləşdiyini yadınızda saxlaya biləcəksiniz. Çiçəklərin nektarını mədənizə sorub yuvanıza daşıyın və dünyada heç bir canlının hazırlaya bilmədiyi qida hazırlayın.
Arılar Günəşlə sağollaşıb yuvalarına qayıtdılar.
Ana arı dedi:
Bu çox gözəl təklif oldu. Amma bu işdə bir qayda – qanun da olmalıdır.
Belə edək; diqqətlə məni dinləyin; kəşfiyyatçı arılar nektarlı bitkilərin yerlərini tapıb, yuvaya qayıdıb xüsusi “dairəvi” rəqs etsinlər. Qida toplayanlar da kəşfiyyatçı arıların rəqsini təkrar etməklə onların tapdıqları çiçəyin qoxusunu hiss etməyə çalışsınlar. Rəqsi diqqətlə izləsəniz qida mənbəyinin yerini və məsafəsini dəqiqləşdirə biləcəksiniz. Sizin beşdə birinizin işi ,çiçək sahələri ilə yuva arasında daima gedib- gəlmək və mümkün qədər çox miqdarda nektar toplamaq olacaq. Siz - işçi arılar pətəyə qayıtdıqdan sonra yüklərinizi pətəyə nəzarət edən və yemləri tədarük edən arılara təhvil verməlisiniz. Siz nektarlı bitkilərin 15 km- dək məsafədə yerləşdiyi məkanı bilmək qabiliyyətinə maliksiniz.
Keşikçi arılar isə qapının ağzında dayanıb nəzarət etməlidirlər ki, əliboş gələn tənbəlləri yuvaya buraxmasınlar, eyni zamanda kənar arılar da yuvaya daxil ola bilməsinlər. Siz saatda 65 km sürətlə uçmağı bacarırsınız. Düşünürəm ki, bu işin öhdəsindən məharətlə gələcəksiniz.
Arılar həvəslə işə başladılar. Onlar müxtəlif nektarlı bitkilərdən şirə toplayıb, orqanizmlərində yenidən işləyərək, qiymətli məhsullara- bala, vərəmuma, muma, arı zəhərinə, arı südünə və s. çevirdilər. Elə dəyərli qida məhsulları hazırladılar ki, bu qida düzgün saxlanıldıqda öz keyfiyyətini düz 4 əsr belə saxlaya bildi.
Bunu görən insanlar arılarla dostlaşdılar, onların zəhmətinə dəyər verib evlərinə gətirdilər, pətək düzəltdilər, qayğılarına qaldılar. Arıların hazırladıqları məhsullar min bir dərdin dərmanı oldu. İnsanlar tərəfindən arılar həm də, çiçəkləri mayalandıran ən bacarıqlı həşəratlar adını da qazandılar.
-Nənə, bəs arılar necə, insanları sevə bildilərmi?
-Elədir, Emiliya, arılar da onlara qayğı göstərən insanları tanıyıb, insanlara qarsı çox sədaqətli oldular.
Günəş isə səmadan arılara baxıb sirli – sirli gülümsəyirdi...
Beləliklə, nağılımız sona çatdi.
Nənə Emiliiyanın saçlarını tumarladı:
“Hə, əziz Emiliya, sən də zəhmət yolunu tut. Atalar nahaqdan deməyib:
“ Hər şey, zəhmət qapısındadır.”
Çalış ki, sənin gördüyün iş nəinki özünə, başqalarına da faydalı olsun. Bax, onda hamı səni sevəcək və sənə hörmətlə yanaşacaq.”
Emiliya isə çoxdan yatmışdı.

Şəcahan Gün



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə