Mobil versiya
Ən layiqli namizədlərə səs verək
Tarix: 02-02-2020 | Saat: 18:09
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ən layiqli namizədlərə səs verək





“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 113 saylı Şəki şəhər Seçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat

Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Bu dəfə Mərkəzin əməkdaşları 113 saylı Şəki şəhər seçki dairəsində səs verəcək vətəndaşlar arasında ictimai rəy sorğusu keçirmək məqsədilə Şəki şəhərində olmuşlar. Keçən sorğularda olduğu kimi, bu aksiyada da məqsəd, olduğumuz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu Şəkinin müxtəlif ərazilərində, əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 6 saat davam edən prosesə 138 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 16 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 122 respondentdən 85 nəfəri isə sualımızı “mən Vüqar İskəndərova səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 61.6 faizi Milli Məclisə deputatlığa namizəd Vüqar Yapon oğlu İskəndərova etimad göstərəcəklərini bildirmişlər.

Tanış olaq:

Vüqar İskəndərov 30 dekabr 1972-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1979-1989-cu illərdə Şəki şəhər 17 nömrəli tam orta məktəbində orta təhsil almış, 1991-1992-ci illərdə Sovet ordusunda hərbi xidmət keçmişdir.

1990-cı ildən taekvando şərq döyüş növü ilə, 1992-ci ildən isə karate-do döyüş növü ilə məşğul olmuşdur. 2001-ci ildə Azərbaycan Taekvando Federasiyasının şimal-qərb regionunun sədri vəzifəsinə və 1995-ci ildə Azərbaycan karate-do Federasiyasının şimal-qərb regionun sədri vəzifəsinə təyin edilmişdir. Həmin ildən Azərbaycanın karate-do üzrə yığma komandasının üzvü olmuşdur. Vüqar İskəndərov 2001-ci ildə respublika rayonları arasında ilk dəfə olaraq şərq döyüş növləri üzrə xüsusi məktəb yaratmışdır. Məktəbin 20-dən çox yetirməsi beynəlxalq dərəcəli qara kəmər ustalıq normasını ödəmiş, 30-dan çox tələbə isə beynəlxalq respublika turnir və çempionatlarının qalibləri və mükafatçıları olmuşlar. Vüqar İskəndərov dünyanın 37 ölkəsində Azərbaycanı idman və digər sahələrdə təmsil etmişdir. Şotokan karate-do üzrə Avropa çempionu olmuşdur.
2005-ci il 29 dekabr tarixindən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi təyin olunmuşdur. Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı sədrinin müavini, Şəki şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvü, 2010-2015 ci ildə Şəki Pedaqoji Kollecin Dövlət İmtahan Komissiyasının sədri olmuşdur. Azərbaycan Respublikasının əməkdar məşqçisidir. Fəaliyyətlərinə görə dəfələrlə Gənclər və İdman Nazirliyinin və Şəki şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunmuşdur.

31 yanvar 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Ailəlidir, 2 övladı var.


Keçən dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri maraqlı fikirlərdən bəzilərini sizlərə təqdim edirik.

Şəki sakini, mühəndis: “Mən düşünürəm ki, bu gün artıq digər sahələrdə olduğu kimi, qanunvericilik məsələlərində də elmli-savadlı, məsuliyyətli gəncləri önə çəkməyin əsil vaxtıdır. Bütün xalqımız da Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə yürütdüyü siyasəti, həyata keçirdiyi həyat əhəmiyyətli islahatları dəstəkləyir. Bu baxımdan Şəki şəhərindən də məhz Vüqar İskəndərocvu ən layiqli namizəd kimi görürəm. Bildiyiniz kimi, Vüqar müəllim artıq neçə ildir ki, Şəkinin idman sahəsinə uğurla rəhbərlik edir və bu sahədə dövlət siyasətinin yüksək səviyyədə həyata keçirilməsi yönümündə səmərəli fəaliyyət göstərir. Eyni zamanda Vüqar müəllim həm də bir hüquqşünasdır. Əminəm ki, məhz Vüqar İskəndərovun deputat seçilməsi Şəkiyə çox böyük faydalar verəcək...”

Şəki sakini, müharibə veteranı: “Mən öz səsimi Vüqar müəllimə verəcəyəm. Hamını da buna çağırıram. Məsələ bundadır ki, bu gün bizim hamımız üçün həyatda ən dəyərli amil övladlarımızın gələcəyidir. Uşaq və gənclərimiz milli-vətənpərvər ruhda tərbiyə olunmaları, sağlam həyat tərzi yaşamaları, elmdə, idmanda uğurlar qazanmaları son dərəcə vacibdir. Çünki bu bizim gələcəyimizdir. Dövlət başçımızın da bütün siyasəti ilk növbədə məhz elə buna yönəlib. Elə bu məqsədlərə nail olmaq üçün də bütün sahələrdə bu ideallara sadiq kadrlar əyləşməlidirlər. Vüqar İskəndərov özü də görkəmli idmançıdır və bu sahədə ləyaqətlə qulluq edir. Dövlətimizin gənclər və idman siyasətinin Şəkidə uğurla həyata keçirilməsində onun da xidmətləri vardır. Elə bilirəm ki, biz Vüqar müəllimi dəstəkləməliyik, o da ölkənin ali qanunverici orqanında bizləri ləyaqətlə təmsil etməlidir...”

Şəki sakini, müəllimə: “Şəxsən mənim üçün ən mühüm amillərdən biri də budur ki, Vüqar İskəndərovun namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Bu isə partiya tərəfindən Vüqar müəllimə göstərilən yüksək etimad deməkdir. Əlbəttə ki, bu faktın özü bütün Şəkililər üçün böyük əhəmiyyət kəsb edir. Çünki bizim insanlar özləri də hər zaman dövlətə və dövlətçiliyə sadiq insanlar olublar. Deməli bizi parlamentdə təmsil edən deputatımız da məhz bu ideyalara sadiq adam olmalıdır. Vüqar İskəndərovun namizədliyinin YAP tərəfindən irəli sürülməsi də onun həyat və fəaliyyətində məhz bu prinsipləri əldə rəhbər tutduğuna dəlalət edir. Digər tərəfdən isə Vüqar müəllimin 2 ali təhsilli gənc rəhbər işçi olması da onun yüksək potensialından xəbər verir. Düşünürəm ki, biz də bu yüksək potensialdan yararlana bilərik. Şəxsən mən bu qənaətdəyəm ki, bizim Milli Məclisdə deputatımız məhz Vüqar İskəndərov olmalıdır...”

Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz on altıncı sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024