Mobil versiya
Ən layiqli namizədlərə səs verək
Tarix: 07-02-2020 | Saat: 13:27
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ən layiqli namizədlərə səs verək




“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 121 saylı Laçın seçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat

Məlum olduğu kimi, yanvar ayının 17-də 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Mərkəzin əməkdaşları bu dəfə 121 saylı Laçın seçki dairəsinin əhatə etdiyi ərazilərdə, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində ictimai rəy sorğusu keçirmişlər. Məqsəd bu seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 6 saat davam edən prosesə 128 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 7 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 121 respondentdən 82 nəfəri isə sualımızı “mən köhnə deputatımıza səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 64,1 faizi Milli Məclisə deputatlığa namizəd Mahir Abbaszadəyə etimad göstərəcəklərini bildirmişlər.

Mahir Tapdıq oğlu Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirmişdir. 1997-ci ildə Güzdək Tikinti Materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyib. 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutuna dissertant qəbul edilib. 2010-cu ildə elmi şurada müdafiə edib. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. 1 elmi kitabın, 7 elmi məqalənin, 3 elmi tezisin müəllifidir.
15 noyabr 2018-ci il tarixində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilib.
Ehtiyatda olan zabitidir. İngilis, rus, türk dillərini bilir. Ailəlidir 3 övladı var.

Bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri maraqlı fikirlərdən bəzilərini sizlərə təqdim edirik.

Taxtakörpü qəsəbə sakini, tibb işçisi: “Bildiyiniz kimi, Mahir müəllimin bu il də namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Bu isə partiya tərəfindən Mahir Abbaszadəyə göstərilən yüksək etimad deməkdir. Hesab edirəm ki, bu faktın özü artıq bizim seçicilər üçün böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, bizim rayonun insanları işğal səbəbilə artıq neçə ildir ki, məcburi köçkün həyatı yaşamaqdadırlar. Bütün bu illər ərzində isə bizim qayğımıza başda möhtərəm prezidentimiz olmaqla Azərbaycan dövləti qalıb. Məhz bu səbəbdən də bizim insanlar hər zaman dövlətə və dövlətçiliyə sadiq insanlar olublar. Bu isə o anlama gəlir ki, bizi parlamentdə təmsil edən deputatımız da məhz dövlətçilik ideyalarına sadiq adam olmalıdır. Mahir müəllimin namizədliyinin YAP tərəfindən irəli sürülməsi də bu namizədin eyni prinsiplərdən çıxış etdiyinə dəlalət edir. Şübhə etmirəm ki, məhz bu hal bir çox seçicilər üçün həlledici amil rolunu oynayacaq. Şəxsən mən inanıram ki, bizim Milli Məclisdə deputatımız yenə də Mahir Abbaszadə olacaq...”

Taxtakörpü qəsəbə sakini, fərdi təsərrüfat sahibi: “Açığını deyim ki, mən birmənalı olaraq yeni parlamentdə bizi yenə də Mahir müəllimin təmsil etməsini istərdim. Əslində buna bir çox səbəblər var. Lakin mənim üçün ən vacib olanı iki səbəbdir. Birincisi Mahir müəllim iqtisadçı alimdir. Bu gün də bizim hamımızın qarşısında duran ən vacib məsələlərdən biri məhz iqtisadi inkişafımızı daha da sürətləndirməkdən ibarətdir. Bu baxımdan Mahir Abbaszadənin bizi Milli Məclisdə təmsil etməsi çox məqsədəuyğun bir haldır. Mahir müəllim bizim bütün problemlərimizə də, potensialımıza da, rayonumuzda sahibkarlığın inkişafını təmin edən amillərə də yaxından bələddir. Artıq neçə ildir ki, Mahir Abbaszadə bir deputat kimi, bu sahədə problemlərimizin həlli, imkanların reallaşdırılması istiqamətində kifayət qədər məhsuldar şəkildə çalışır. Biz sahibkarlara əməli dəstək verir. Elə bilirəm ki, bundan sonrakı fəaliyyəti də daha səmərəli olacaq. Qeyd etdiyim ikinci səbəb isə, Mahir müəllimin ehtiyatda olan hərbiçi, zabit olmasıdır. Razılaşın ki, bu göstərici də işğal altında olan rayonlarımızın insanları üçün vacib amildir. Bütün bunları nəzərə alaraq, mən əminliklə deyirəm ki, biz yolumuza Mahir Abbaszadə ilə davam etməliyik... ”

Taxtakörpü qəsəbə sakini, təqaüdçü: “Mən öz səsimi elə köhnə deputatımıza, Mahir müəllimə verəcəyəm. Hamını da buna çağırıram. Mahir Abbaszadə gənc alimdir. Dövlət başçımız da bu gün bütün sahələrdə kadrların gəncləşdirilməsinə xüsusi diqqət verir. Bu da səbəbsiz deyil. Müasir zamanla ayaqlaşmaq gərəkdir. Qanunlarımız da buna uyğun olmalıdır. İkinci bir tərəfdən də Mahir Abbaszadə ziyalı bir ailənin nümayəndəsidir. Özü də bir ziyalı kimi, deputatlığı dövründə hər zaman yanımızda olub. İnsanları dinləməyi, anlamağı və ən əsası da yaranan problemlərin həlli yollarını axtarıb tapmağı bacaran bir insandır. Heç vaxt da kimsədən köməyini əsirgəməyib. Elə bizi yeni Milli Məclisdə də təmsil etməyə ən layiqli namizədimiz yenə də Mahir Abbaszadədir...”

Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz on altıncı sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində apardığımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024