Mobil versiya
Ən layiqli namizədlərə səs verək
Tarix: 06-02-2020 | Saat: 13:03
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ən layiqli namizədlərə səs verək




“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat

Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Bu dəfə Mərkəzin əməkdaşları 68 saylı Cəlilabad kənd seçki dairəsində səs verəcək vətəndaşlar arasında ictimai rəy sorğusu keçirmək məqsədilə Cəlilabadın bəzi kəndlərində olmuşlar. Keçən sorğuda olduğu kimi, bu aksiyada da məqsəd olduğumuz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 6 saat davam edən prosesə 108 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 6 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 102 respondentdən 73 nəfəri isə sualımızı “mən Elman Nəsirova səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 67,6 faizi Milli Məclisə deputatlığa namizəd Elman Xudam oğlu Nəsirova etimad göstərəcəklərini bildirmişlər.

Elman Nəsirov 1968-ci ildə Cəlilabad rayon Təzəkənd kəndində anadan olmuşdur. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin(BDU) Tarix fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995-2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992-1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil alıb və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995-2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında calışmışdır. 2001-ci ildə “Azərbaycan-ABŞ münasibətləri. 1991-1997-ci illər” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik elmi dərəcəsi almışdır. “ABŞ və beynəlxalq terrorizm problemi” mövzusunda doktorluq dissertasiyası üzərində işi başa çatdırmışdır.

2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) müəllim işləyir. DİA-nın “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosentidir.

2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Siyasi və tarix elmləri üzrə Ekspert Şurasının elmi katibi və ekspertidir. 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini vəzifəsində çalışır.

Müasir beynəlxalq münasibətlərin aktual problemləri, enerji təhlükəsizliyi məsələləri, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi, ABŞ və Avropa dövlətlərinin müasir xarici siyasəti, beynəlxalq terrorizm problemi və s. mövzularda 90-dan artıq elmi məqalənin və 6 tədris- metodiki işin müəllifidir. Bir sıra elmi məqalələri xarici ölkələrdə (Çexiya, İran, Türkiyə, Ukrayna, Rumıniya və s.) çap edilmişdir.

Keçən dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri maraqlı fikirlərdən bəzilərini sizlərə təqdim edirik.

Alar kənd sakini, fərdi təsərrüfatçı: “Mən dövlət başçımızın yürütdüyü kadrların cavanlaşdırma siyasətini ikiəlli dəstəkləyirəm. Düşünürəm ki, bu siyasəti Milli Məclisə də şamil etməyin vaxtı çoxdan çatıb. Əlbəttə, bu gün xalqın mənafeylərinə xidmət edəcək qanunlar qəbul etmək üçün parlamentimizdə həm kifayət qədər savadlı və təcrübəli, həm millətə və dövlətə sadiq, həm də yüksək iş qabiliyyətinə malik, enerjili insanlar əyləşməlidirlər. Elə bilirəm ki, bu keyfiyyətlərin hamısı bizim rayondan namizədliyini vermiş Elman Nəsirovda kifayət qədər toplanıb. Yaş məsələsinə gəldikdə isə inanın ki, 52 yaş bir siyasətçi üçün hələ gənclik dövrü deməkdir. Buna görə də mən öz səsimi Elman Nəsirova verəcəyəm...”

Günəşli kənd sakini, müəllimə: “Əlbəttə ki, mən Elman Nəsirova səs verəcəyəm. Çünki inanıram ki, bir alim olaraq Elman müəllim bizim bölgədə elm və təhsilin daha da inkişafı üçün çalışacaq. Bu sahədə yürüdülən dövlət siyasətinin uğurla həyata keçirilməsi istiqamətində görülən işlərdə hər bir millət vəkili yaxından iştirak etməlidir. Biz Elman Nəsirovun televiziyada müxtəlif siyasi-analitik verilişlərdə çıxışlarını da çox izləyirik. Müasir dövrdə ölkənin bəzi qanunvericilik aktlarının qəbul olunmuş beynəlxalq standartlar formatında yenidən düzəliş olunmasına ehtiyac var. Məhz bu baxımdan da biz Elman müəllimin potensialından hələ çox yararlana bilərik...”

Günəşli kənd sakini, evdar xanım: “Elman müəllimin televiziyada siyasi məzmunda çıxışlarını çox izləyirik. Onun bu çıxışları xalqımıza, dövlətimizə bəslədiyi sevgisindən, ölkə rəhbərliyinə və dövlətçiliyimizə sədaqətindən xəbər verir. Əminəm ki, belə insanlar parlamentimizdə nə qədər çox olarlarsa, qəbul ediləcək qanunlar da həm dövlətimizin, həm də xalqın mənafeyinə daha çox uyğun olar. Şəxsən mən inanıram ki, Elman Nəsirov deputat seçiləcəyi təqdirdə həm Milli Məclisdə bizləri ləyaqətlə təmsil edəcək, həm də öz seçicilərinin problemlərinin həllinə hər zaman diqqət və qayğı ilə yanaşacaq. Elə bilirəm, rayonumuzun sakinlərinin əksəriyyəti də mənim kimi düşünür...”

Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz on dördüncü sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024