Mobil versiya
Millət vəkili AŞ PA-da işğalçı Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqlardan danışıb
Tarix: 27-06-2019 | Saat: 14:52
Bölmə:Siyasət | çapa göndər

Millət vəkili AŞ PA-da işğalçı Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqlardan danışıb


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun yay sessiyasında Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqların məsələsini qaldırıb.

Trend-in məlumatına görə, azərbaycanlı deputat bildirib ki, zamanında Ermənistana qarşı ciddi addımlar atılsaydı, bu gün həmin uşaqlardan bəziləri aramızda olardı.

Q.Paşayeva AŞ PA-nı ikili standartlardan əl çəkməyə çağırıb: "Dünyada uşaqların yarısının hər il zorakılıqdan əziyyət çəkməsi bizi çox ciddi narahat etməlidir. Biz uşaqların daha güclü müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə istiqamətində səylərimizi daha da gücləndirməliyik. Uşaqlara qarşı zorakılıq işğalın, münaqişənin olduğu bölgələrdə daha da dəhşətli olur. Bu gün burada körpə uşaqları Ermənistan tərəfindən qətlə yetirilmiş, zorakılığa məruz qalmış ailələr adından danışmaq istəyirəm. Avropa Şurasının üzvü olan Ermənistanın qurumun digər üzvü Azərbaycanın torpaqlarının 20 fazini işğal etməsi nəticəsində on minlərlə uşaq məcburi köçkün düşdü və həmin adamlar bu günə qədər də köçkün həyatı yaşayırlar. Onlarla azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildi. Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırım zamanı 63 uşaq qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Onlarla uşaq soyqırımdan qaçarkən soyuq qış günlərində həyatını, sağlamlığını itirib. Minlərlə azərbaycanlı uşaqlara qarşı bu zorakılıqları törədənələr isə ədalət qarşısında cavab vermədilər və bu gün də Ermənistanda müxtəlif vəzifələrdə çalışırlar. AŞ PA-nın qəbul etdiyi qətnamələri isə Ermənistan bu gün də yerinə yetirməkdən imtina edir. Bu uşaqlara qarşı törədilmiş zoralıq və cinayətlərin qarşısını almaq üçün çox təssüf ki, AŞ, AŞ PA heç bir ciddi addımlar atmadı. Ermənistan silahlı qüvvələri isə azərbaycanlı uşaqlara qarşı zorakılıqları davam etdirir. 2011-ci ildə Ermənistan silahlı qüvvələri öz həyətində oynayan zaman 9 yaşlı Fariz Bədəlovu başından snayperlə vuraraq qətlə yetirdilər. Mənim millət vəkili olduğum bölgədən 13 yaşlı bir qızı - Aygün Şahmalıyevanı qətlə yetirdilər. 2017-ci ildə isə iki yaşı tamam olmamış balaca Zəhranı qətlə yetirdilər. Bu siyahanı davam etdirə bilərəm, amma təəssüf ki, zaman azdır. Bu zorakılıqları, cinayətləri törədənlər isə hələ də ədalət qarşısında cavab verməyiblər. Ona görə də sizləri ikili standartlara yol vermədən uşaqlara qarşı törədilmiş bütün növ zorakılıqlara qarşı birlikdə daha ciddi mübarizəyə çağırırıq".

Deputat Azərbaycanda uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində görülən işlərə də toxunub: "Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, uşaqlara qarşı pis rəftar, uşaqların istismarı, uşaq alveri və uşaqlara qarşı zorakılığın və işgəncələrin bütün növlərinə son qoymaq dövlətin əsas prioritetlərdəndir. Bu istiqamətdə BMT, AŞ PA da daxil olmaqla beynəlxalq qurumlarla effektiv əməkdaşlıq edilir. İnsan alveri, o cümlədən uşaqlara qarşı zorakılıqla bağlı hesabatlar parlamentdə müzakirə olunur, qanunvericilikdə uşaqların müdafiəsi mexanizmləri daha da gücləndirilir, maarifləndirmə işlərinə böyük önəm verilir. Bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq və görülən işlər daha da genişlənir. Uşaqların hamısının ibtidai və orta təhsil alması təmin edilib. Məcburi köçkün uşaqların təhsili, zorakılıqdan müdafiəsinə isə xüsusi diqqət yetirilir. Avropa Şurasının Avropada uşaqlara qarşı zorakılıq halları ilə mübarizə istiqamətində reallaşdırdığı “Hər beş uşaqdan biri” kampaniyası ölkəmizdə uğurla həyata keçirilib. Azərbaycanda uşaq zorakılığının qarşısının alınmasında milli strategiya yüksək səviyyədə həyata keçirilir və mövcud qanunvericilik ildən-ilə təkmilləşdirilir. Bununla əlaqədar olaraq, Milli Məclisdə müxtəlif yerli və beynəlxalq qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə tədbirlər keçirilib, məktəblərdə “Biz zorakılığa yox deyirik!” mövzusunda müzakirələr aparılıb və işlər davam etdirilir. Bütün bunlara baxmayaraq, bu istiqamətdə daha çox işlərin görülməsi dövlətin diqqət mərkəzindədir. İnanırıq ki bu günkü müzakirələr və qəbul edilən qətnamə layihəsi də üzv ölkələrdə uşaqlara qarşı zorakılıqla daha effektiv mübarizəyə öz müsabət töhvəsini verəcək".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024