Mobil versiya
Oqtay Əsədov: “Çexiya Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir"
Tarix: 16-05-2019 | Saat: 17:47
Bölmə:Manşet / Siyasət | çapa göndər

Oqtay Əsədov:


Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Çexiya Respublikası Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.



Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, spiker qonaqları salamlayaraq bu səfərin ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə inamını söyləyib.



O qeyd edib ki, Çexiya Azərbaycan üçün dost və əhəmiyyətli tərəfdaşdır: "Biz Çexiya Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına böyük önəm veririk. Ölkələrimiz arasında hələ sovetlər dönəmində mədəniyyət, təhsil, elm sahələrində sıx əlaqələr qurulub. Müstəqilliyimizi yenidən bərpa etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Əlaqələrimizin bu səviyyəyə çatmasında ölkə başçılarımız əhəmiyyətli rol oynayıblar. Belə ki, 2015-ci ildə Çexiya Prezidenti Miloş Zemanın Azərbaycana səfəri zamanı ölkələrimiz arasında “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev də müxtəlif dövrlərdə Çexiyada səfərlərdə olub. Siyasi əlaqələrimiz təqdirəlayiqdir. İndiyədək ölkələrimiz arasında 29 sənəd imzalanıb, 12 sənəd isə baxılmaqdadır. Ötən il iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 50 milyon ABŞ dolları səviyyəsində olub. Biz gələcəkdə bu göstəricini yüksəltmək istəyirik".



O.Əsədov bildirib ki, bu gün Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi məhz Azərbaycanın payına düşür: "Belə hesab edirik ki, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti əlaqələrimizin gələcəkdə daha da inkişafına müsbət təsir göstərəcək. Bu mənada qarşılıqlı biznes forumların da rolu danılmazdır. Hazırda Azərbaycanda müxtəlif sahələr üzrə 26 çex kapitallı şirkətlər fəaliyyət göstərir. Çexiyanın idxal etdiyi neftin 30 faizindən çoxu məhz Azərbaycanın payına düşür. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qətiyyətli mövqe nümayiş etdirir. Qlobal miqyaslı mövcud neft və qaz kəmərləri və reallaşmaqda olan layihələr bunun bariz nümunəsidir. Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsi ilə Azərbaycan Qədim İpək Yolunu dəmir relslər üzərinə keçirmiş oldu. İkitərəfli münasibətlərimizin inkişafında parlamentlərimizin rolu böyükdür. Bu sahədə münasibətlərimiz günü-gündən genişlənir. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyəti bunun əyani sübutudur".



Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan Sədr 2013-cü ilin fevralında Çexiya Deputatlar Palatasının Xarici əlaqələr komitəsi tərəfindən Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş qərara görə həmkarına minnətdarlığını ifadə edib.



O qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdardır.



Səmimi qəbul üçün minnətdarlığını bildirən Çexiya Respublikası Deputatlar Palatasının sədri Radek Vondraçek ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Onun sözlərinə görə, Çexiya Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük maraq göstərir: "Azərbaycanın neft və qaz ixracı sahəsində əldə etdiyi nailiyyətlərdən bizə də pay düşür. İqtisadi sahədə münasibətlərimizi daha da dərinləşdirmək üçün qarşılıqlı biznes forumların əhəmiyyəti danılmazdır. Çexiya Azərbaycana 1,3 milyard ABŞ dollarından çox investisiya qoyub. Bu ölkəmizin Azərbaycan iqtisadiyyatına olan marağından xəbər verir".



Çexiya Parlamentinin Spikeri qanunverici orqanlar səviyyəsində əlaqələrin inkişafı baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayıb. Bu sahədə dostluq qruplarının fəaliyyətini təqdir edib. O bildirib ki, Çexiya Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Çexiyalı Spiker Dağlıq Qarabağ məsələsi ilə əlaqədar deyib ki, onun ölkəsi bu problemə həmişə böyük həssaslıqla yanaşıb və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Sahibə Qafarova, Çexiya Respublikasının ölkəmizdəki səfiri Milan Ekert və digər rəsmi şəxslər iştirak ediblər.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024