Mobil versiya
Deputatlardan “Diqlas olayı” haqda sərt ÇIXIŞ: “Məsuliyyət obyekti icarəyə verənlərin üzərindədir”
Tarix: 27-03-2019 | Saat: 17:04
Bölmə:Manşet / Gündəm | çapa göndər

Deputatlardan “Diqlas olayı” haqda sərt ÇIXIŞ: “Məsuliyyət obyekti icarəyə verənlərin üzərindədir”


Martın 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verdi. Yanğın ticarət mərkəzi yanıb kül olandan sonra söndürüldü.

Ötən gündən etibarən ölkə gündəmini zəbt edən yanğından sonra bir sıra məsələlər də aydınlığa çıxdı. Məlum oldu ki, “Diqlas” ticarət mərkəzində yanğından və digər təhlükələrdən mühafizə üçün kifayət qədər önləyici tədbirlər görülməyib. Üstəlik həmin mərkəzdə yerləşən obyektlərin bir çoxunun icarə müqaviləsi belə olmayıb. O da aydın oldu ki, mağazaların, orada yerləşdirilmiş malların sığortası olmadığına görə, sahibkarlara külli miqdarda ziyan dəyib.


“Diqlas” hadisəsi haqqında Modern.az-a danışan 18 saylı Nərimanov - Nizami seçki dairəsinin deputatı Rasim Musabəyov qeyd edib ki, dövlətin “Diqlas” ticarət mərkəzində yerləşən mağazaların sahibləri qarşısında heç bir öhdəliyi yoxdur:


“Onlar mallarını sığorta etməliydilər. Mağazaları icarəyə götürərkən ticarət mərkəzinin yanğından mühafizə olunub-olunmadığı ilə maraqlanmalı idilər. Camaat bir çox hallarda ucuzluğa qaçır. Əsas icarə haqqı az olsun, sığorta da, yanğından mühafizə də lazım deyil. Sonradan bir xəta baş verəndə hamı deyir ki, dövlət kompensasiya versin. Hansısa formada sahibkarlara kömək mütləq olacaq. Amma sahibkarlar belə durumlardan sonra nəhayət nəticə çıxarmalıdırlar. Bu cür yanğın ilk dəfə deyil. Ticarət mərkəzlərində, mağazalarda dəfələrlə belə yanğınlar olub. Amma təəssüf ki, müasir tələblərə uyğun şəkildə işini qurmayan şəxslər bundan əziyyət çəkirlər.

Yanğının səbəbləri kimi ticarət mərkəzində təhlükəsizlik qaydalarına əməl olunmaması da qeyd olundu. Bu məsələ “Diqlas”ın rəhbərliyini də məsuliyyət altına alır. Buna cavabdeh olan şəxslərin üzərinə məsuliyyət qoyulacaq. Amma mərkəzdə çalışan, səlahiyyətli şəxsləri həbs etməklə məsələ həll olunmayacaq. O qədər sahibkarın malları batıb. Heç nə onlara təskinlik verməyəcək. Söhbət ondan gedir ki, sahibkarlar da vaxtında təhlükəsizlik tədbirlərinin görülməsini tələb etməli idilər. Yenə deyirəm, baş verən hadisədən nəticə çıxarılmalıdır”.


Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının yanğını gec söndürməsinə gəlincə, R.Musabəyov deyib ki, bunu mütəxəsisslər daha yaxşı analiz edə bilərlər:


“O bilər, nazirliyin özünün də normativləri var. Onu qeyd edə bilərəm ki, binanı yoxlamaq üçün FHN Yanğından Mühafizə İdarəsinin inspektoru dəfələrlə ora baş çəkib. Görməli idilər ki, “Diqlas”da yanğından mühafizə üçün heç bir tədbir görülməyib. Buna göz yumulurdusa, deməli, ortada hansısa maraqlar olub.

Düşünürəm ki, bütün bu məsələlərlə bağlı istintaq aparılacaq, cavabdeh şəxslərə qarşı tədbir görüləcək. Amma təəssüf ki, hansısa səlahiyyətli şəxsi cəzalandırmaqla sahibkarlarıa dəyən ziyan bərpa olunmayacaq”.


Deputat Fəzail Ağamalı da “Diqlas”dakı yanğınla bağlı təəssüfləndiyini söyləyib. O bildirib ki, prosesi izləyib və yanğınsöndürənlərin necə çətinlik çəkdiyini müşahidə edib:

“Yanğın vaxtı məlum oldu ki, əslində bu cür iri obyektlərin ətrafında yanğından mühafizə sistemləri olmalıdır. Həmin ticarət mərkəzlərinin sahibləri bu haqda düşünməli idilər. Hətta həmin binanın sənədləşmə məsələlərində də problem var. Bütün proseslərdə qanunvericiliyə uyğunsuzluq var. Əslində bu olmamalı idi. Belə böyük ticarət mərkəzlərinin ətrafında su götürmək üçün xüsusi qurğular olmalıdır. Dünyanın hər yerində bu var. Dünən verilən açıqlamadan bəlli oldu ki, “Diqlas”da heç bir təhlükəsizlik tədbiri yoxdur.

İstənilən halda sahibkarlara ziyan dəyib. Onlar da ailəsinə çörək aparmaq üçün çalışırdılar. Biz qanunvericilik çərçivəsində hərəkət etməliyik. Sahibkarlar öz mağazalarını sığortalamalı idilər ki, belə hal baş verəndə sığorta şirkətləri dəymiş ziyanı qarşılaya bilsinlər. Bu sahibkarların diqqətsizliyindən, qanunu bilməməsindən və s. səbəblərdən irəli gəlib və mallar sığortasız qalıb”.


Binanın sahiblərinin belə məsələlərə başdansovdu yanaşdığını qeyd edən F.Ağamalı vurğulayıb ki, mağaza sahiblərinin bəziləri ilə müqavilə olub, bəziləri ilə isə ümumiyyətlə müqavilə imzalanmayıb:


“Bütün bunlar haqqında araşdırılma aparılmalı, addım atılmalıdır. Belə məqamlarda bütün yükü dövlətin üzərinə atmaq, dövlətdən kompensasiya gözləmək düzgün deyil. Həmin insanların hüquqlarını kim pozubsa, dövlət buna qarşı qanun çərçivəsində addım atacaq. Buna qətiyyən şübhəm yoxdur.

Hesab edirəm ki, dəyən ziyanın məsuliyyəti yanğının törənmə səbəbində və obyekti sahibkarlara icarəyə verən şəxslərin üzərindədir”.


Deputat Fazil Musatafanın sözlərinə görə isə sahibkarların zaman-zaman bu cür problemlərlə qarşılaşmasını əngəlləmək üçün mülkiyyətə münasibətin sabit olduğu ölkə qurmalıyıq:


“Başqa yolu yoxdur. Sahibkarlar hamısı yazıq, miskin gündədirlər. Sığorta olunmayıb, müəyyən yerlər “talkuçka” adlanan ərazilərdə icarəyə götürürlər. Onlara deyilir ki, sənə mülkiyyət kağızı veriləcək, bir neçə il sonra. Halbuki, həmin yer artıq onundur, mülkiyyət kağızını vermək lazımdır ki, sığorta kağızını ala bilsin. Düşünün, “Diqlas”dan sonra, Allah eləməsin, başqa “talkuçka”da yanğın olsa, nə baş verəcək? Yenə sadə insanların bütün mülkü batacaq.

Bu münasibətlər qeyri-hüquqi zəmində qurulub. Sahibkarlar vergi, gömrük münasibətlərindən yan keçməyə məcbur qalırlar. Başqa qurumların istənilən zaman sahibkardan pul alıb, soymaq imkanı var. Bütün bunlar dəyişməlidir. Dövlət kompensasiyanı öz üzərinə niyə götürməlidir? Çünki həmin xırda sahibkarlar sənədini ala bilmir. Səbəb isə hansısa vəzifə tutan, səlahiyyətindən sui-istifadə edən şəxslərin əməlləridir. Burada sahibkarı günahlandırmaq olmaz. Bu məsələ həllini tapmasa iri yanğınlardan, bədbəxt hadisələrdən xırda sahibkarlar ziyan çəkəcək. Bütün “talkuçka”larda vətəndaş pulunu ödəyibsə, sığorta müqaviləsi imzalamalı, mülkiyyət sənədi əldə etməlidir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024