Mobil versiya
Azərbaycan səhiyyəsinin korifeyləri –Qələndər Canbaxışov
Tarix: 27-03-2019 | Saat: 16:20
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Azərbaycan səhiyyəsinin korifeyləri –Qələndər Canbaxışov




Bu gün ölkəmizdə dövlət tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilərək daim xüsusi diqqət və qayğı ilə əhatə olunan sahələrdən biri də səhiyyədir. Məhz bu qayğının nəticəsidir ki, hazırda Azərbaycanda tibb elminin bir çox sahələri üzrə yüksək inkişafa nail olunmuş, kifayət qədər ciddi uğur və nailiyyətlər əldə edilmişdir. O cümlədən, səhiyyəmizin müasir müayinə və müalicə üsullarının tətbiq olunduğu, qabaqcıl texnologiyalara əsaslanan mürəkkəb cərrahi əməliyyatların uğurla keçirildiyi sahələrindən biri də travmatologiyadır.

Bir həqiqətdir ki, bu gün ölkəmizdə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanalar tikintisi, mövcud tibb müəssisələrinin yenidən qurulması prosesləri geniş vüsət alıb. Əhaliyə təqdim edilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün səhiyyənin ayrı-ayrı sahələrində uğurla həyata keçirilən dövlət proqramları öz effektiv nəticəsini göstərməkdədir. Həmçinin son illərdə tibbi kadrların, o cümlədən travmatologiya və ortopediya sahəsində mütəxəssislərin hazırlanması işində ciddi uğurlar qazanılıb. Əlbəttə ki, bu uğurların böyük bir hissəsi də bilavasitə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) fəaliyyəti ilə bağlıdır.
Tarixə bir baxış:

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu (əvvəlki – Bakı Ortopediya və Bərpa cərrahiyyəsi İnstitutu) 1946-cı ildə yaradılmışdır. Qeyd etmək lazımdır ki, həmin vaxt SSRİ-nin bəzi şəhərlərində ortopediya və bərpa cərrahiyyəsi institutları yaradılmasının məqsədi Böyük Vətən Müharibəsi əlillərinə ixtisaslı travmatoloji və ortopedik yardım göstərməkdən ibarət idi. 1951-1959-cu illərdə institutun direktoru görkəmli ictimai və siyasi xadim, professor Əziz Əliyev olub. Böyük Vətən Müharibəsi iştirakçılarının istər Bakıda, istərsə də regionlarda köməyə ehtiyacı olduğu həmin illərdə professor Əziz Əliyev müharibə əlillərinin müalicəsi və reabilitasiyası məsələləri üzrə səyyar elmi konfranslar keçirirdi. İnstitutda odlu silah yaralarının müalicəsi və bu müalicənin nəticələri məsələlərinə həsr edilmiş elmi-tədqiqat işi aparılması planlaşdırılırdı.
ETTOİ Azərbaycanda ortopediya və travmatologiyanın inkişafı istiqamətində çox böyük iş aparıb, bütövlükdə dünya elminə sanballı töhfələr verib. İnstitutda SSRİ-də birincilər sırasında sümük patologiyası şöbəsi, toxumaların konservasiyası laboratoriyası, eksperimental laboratoriya, neyrofiziologiya laboratoriyası və digər bölmələr açılıb. İnstitutda sümüklərin ostesintezinin yeni metodları tətbiq edilib, dayaq-hərəkət sisteminin anadangəlmə və qazanılmış deformasiyaları müalicə edilib, poliomielit, onurğa sütununun, aşağı və yuxarı ətrafların deformasiyaları ilə bağlı tədqiqatlar aparılıb.

Bu gün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu həm travmatoloji və ortopedik xəstələrə yardım göstərən müəssisədir, həm də yüksək səviyyədə olan elm və tədris ocağıdır. İnstitutun klinikası 200 çarpayıdan, 7 cərrahiyyə otağından ibarətdir. İl ərzində institut təqribənn 9000 nəfər xəstəyə yardım göstərir ki, bunlardan 7000 nəfərdən çoxu ambulator, 2000 nəfərə qədər isə stasionar xəstələr olurlar. Həmçinin ildə 1455 təxminən cərrahi müdaxilə həyata keçirilir. Bundan əlavə, 2009-cu ildən institutda endroprotezləmə əməliyyatları aparılır.
Qeyd etmək lazımdır ki, yaradıldığı ilk gündən indiyə qədər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müxtəlif illərdə bir çox görkəmli həkimlər, Azərbaycan səhiyyəsinin tanınmış simaları rəhbərlik etmişlər. O cümlədən, 1999-2006-cı illərdə AzETTOİ-nun direktoru və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş travmatoloq-ortopedi vəzifələrində tibb elmləri doktoru, professor Qələndər Canbaxışov çalışmışdır.

Qısa arayış:
Canbaxışov Qələndər Surxay oğlu 17 avqust 1957-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində "Həzrətqulular" nəslində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakultəsinə qəbul olmuş və 1980-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

1980-ci ildə təyinatla cərrah kimi Rusiyanın Kurqan şəhərinə göndərilmişdir. 1984-1987-ci illərdə akademik Q.A.İlizarov adına "Bərpaedici Travmatologiya və Ortopediya" Rusiya Elmi Mərkəzində əyani aspiranturada oxumuş, 1987-1990-cı illərdə isə həmin elmi mərkəzdə elmi işçi işləmiş və 1990-cı ildə Azərbaycana gəlmişdir. Akademik Q.A.İlizarovun və V.İ.Şevtsovun tələbəsi kimi bu elmin sirlərini onlardan öyrənmişdir.
1990-1999-cu illərdə Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunda baş elmi işçi və elmi katib olmuşdur. 1999-2006-cı illərdə AzETTOİ-nun direktoru və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş travmatoloq-ortopedi olmuşdur. 2006-cı ildən indiyədək Travmatologiya şöbəsinin elmi rəhbəri vəzifəsində işləyir.

Travmatologiya şöbəsi institut yaranan gündən fəaliyyət göstərir. Müxtəlif illərdə bu şöbəyə respublikanın aparıcı travmatoloq alimləri rəhbərlik etmişlər. 2006-cı ildən isə, şöbəyə Respublikanın əməkdar həkimi, professor, tibb elmləri doktoru Qələndər Canbaxışov rəhbərlik edir. Şöbənin əsas elmi-praktiki istiqaməti: çoxsaylı, bir neçə sümüklərin sınıqları zamanı müasir osteosintez üsullarının işlənib hazırlanması və praktikaya tətbiq edilməsidir. Bu gün Qələndər Canbaxışovun rəhbəliyi altındaETTOİ-nun Travmatologiya şöbəsində çanaq sümüklərinin, xüsusən sirkə kasasının sınıqları, simfizin cırılması müasir üsullarla osteosintez edilir. Orqanizmin ən iri sümüklərindən olan bud sümüyünün bütün sınıqları onun boynunun və burmalar nahiyyəsinin, diafizinin, distal ucunun sınıqları müxtəlif osteosintez üsulları ilə müalicə edilir. Həmçinin yuxarı ətraf sümüklərinin sınıqları müasir texnologiyalarla osteosintez edilərək müalicə olunur. Bu sınıqların ən mürəkkəbi bazu sümüyünün distal ucunun çox qəlpəli oynaqdaxili sınıqları AO üsulu ilə müalicə edilir. Bunlarla yanaşı şöbədə ətrafların mürəkkəb, çox müstəvili əyrilikləri, qısalıqları və kiçik boyluluq zamanı boynu uzadılması əməliyyatları İlizarov üsulu ilə həyata keçirilir. Son illər şöbənin elmi rəhbəri və əməkdaşları tərəfindən yivli mil xarici fiksasiya aparatı ixtira edilərək onunla osteosintez üsulları işlənib hazırlanmışdır.

Qeyd etmək lazımdır ki, professor Qələndər Canbaxışovun elmi fəaliyyəti Rusiya tibb elminin aparıcı simaları ilə sıx bağlıdır. Belə ki, o, 1989-cu ildə "Одновременное удлинение обеих голеней у больных ахондроплазией – как первый этап увеличения роста" mövzusunda namizədlik, 1999-cu ildə isə akademik V.İ.Şevtsovun rəhbərliyi altında "Axondroplaziya zamanı aşağı ətrafların uzadılması hesabına boyun uzadılması" (rus. "Увеличение роста у больных ахондроплазией с восстановлением пропорциональности тела методом дистракционного остеосинтеза") mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi adını almışdır. Azərbaycanda İlizarov üsulunun elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısıdır.

Professor Qələndər Canbaxışov bir monoqrafiyanın (həmmüəlliflərlə), 100-ə qədər elmi işin, 3 patentin, 3 metodik tövsiyənin və bir neçə səmərələşdiriçi təklifin müəllifidir. Məqalələrindən bir neçəsi Rusiya, Türkiyə, İran, Latviya, Ukrayna və Gürcüstan kimi xarici ölkələrdə çap edilmiş, bir neçə regional, respublika, beynəlxalq konfransların iştirakçısı olmuşdur. Bir elmlər doktoru və beş elmlər namizədi yetişdirmişdir.
Məhz professor Qələndər Canbaxışov dünyada ilk dəfə olaraq, boyun 20-25 sm uzadılması üsullarını elmi surətdə əsaslandıraraq sistemləşdirmişdir. Respublikamızda ilk dəfə uzun borulu sümüklərin ağır deformasiyaları və qısalıqları zamanı iki və daha çox səviyyədə kortikotomiyası, poliseqmentar osteosintezi, ətraf seqmentlərinin 80-100% uzadılması üsullarını tətbiq edərək inkişaf etdirmişdir.

Xüsusi olaraq vurğulamaq istərdik ki, Qələndər Canbaxışovun elmi-praktik fəaliyyəti istər beynəlxalq səhiyyə qurumları tərəfindən, istərsə də öz ölkəmizdə hər zaman yüksək qiymətləndirilib. Belə ki, 2 noyabr 2000-ci ildə Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı (№ 416) ilə Azərbaycanda səhiyyənin inkişafındakı xidmətlərinə görə Canbaxışov Qələndər Surxay oğlu "Əməkdar həkim" fəxri adı ilə təltif edilmişdir. 2000-ci ildən bu günə qədər Azərbaycan Tibb Universitetinin nəzdindəki D03.011 Dissertasiya Şurasının üzvüdür.

2004-cü ildən SİCOT\SİROT-un (Beynəlxalq Elmi ortoped-travmatoloq cərrahlar cəmiyyəti – Brüssel) üzvüdür.
10 noyabr 2016-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyininn 129-K saylı əmri ilə Elmi Tədqiqat travmatologiya və ortopediya institunun yaradılmasının 70 illik yubileyi ilə əlaqədar olaraq, qüsursuz və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif edilmişdir.


aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024