Mobil versiya
Əli Əhmədov: “2018-ci il Azərbaycan üçün uğurlu oldu”
Tarix: 28-12-2018 | Saat: 10:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Əli Əhmədov: “2018-ci il Azərbaycan üçün uğurlu oldu”


2018-ci il Azərbaycan üçün çox uğurlu və əlamətdar hadisələrlə zəngin oldu.

aia.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, səmərəli və məqsədyönlü siyasət nəticəsində siyasi, iqtisadi, sosial, humanitar, mədəniyyət, idman və digər sahələrdə tarixi əhəmiyyətə malik möhtəşəm nailiyyətlər əldə olundu: "Bu müddət ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar həyata keçirildi, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı davam etdi. Cari ildə bir çox mühüm infrastruktur layihələrin uğurla icra olunması, xüsusilə də nəqliyyat və neft-qaz sektorunda tarixi nailiyyətlərə imza atılması təqdirəlayiq haldır”.

Baş nazirin müavini qeyd edib ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri də ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində əldə etdiyi uğurları yüksək qiymətləndirirlər: "Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilib. Bundan başqa, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı da Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri əks etdirir”.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası istiqamətində görülən işlər beynəlxalq miqyasda müsbət dəyərləndirilir. Azərbaycan hökuməti bu istiqamətdə öz vəzifələrinə kifayət qədər məsuliyyətlə yanaşır: "Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və Şuranın daimi əsaslarla fəaliyyət göstərən katibliyi formalaşıb. Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib və Milli Əlaqələndirmə Şurası qısa vaxt ərzində bir çox mühüm işlər görüb”.

İcra katibi əlavə edib ki, şübhəsiz ki, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahının yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri ölkəmizdə mövcud olan etibarlı təhlükəsizlik və sabitlik mühitidir: "2018-ci ildə beynəlxalq vəziyyətin gərginləşməsinə, ayrı-ayrı regionlarda qanlı toqquşmaların, müharibələrin baş verməsinə baxmayaraq, Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adası kimi tanınır. Ölkəmizdə sabitliyi təmin edən başlıca faktor isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu, eləcə də xalq-iqtidar birliyidir”.

Ə.Əhmədovun sözlərinə görə, nəticə etibarilə, Azərbaycanda 2018-ci ilin mənzərəsi müsbət xarakterlidir, cari ildə bütün sahələrdə möhtəşəm nailiyyətlərin qazanılması ölkəmizin qüdrətinin daha da artmasını təmin edib, qarşıda yeni perspektivlər açıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024