Mobil versiya
Hikmət Hacıyevdən Prezidentin Belarus səfəri ilə bağlı AÇIQLAMA
Tarix: 20-11-2018 | Saat: 16:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

Hikmət Hacıyevdən Prezidentin Belarus səfəri ilə bağlı AÇIQLAMA


Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasındakı səmimi dostluq münasibətləri, dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.



aia.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfərinin nəticələri barədə AZƏRTAC-a açıqlama verən Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirib.



Hikmət Hacıyev qeyd edib ki, dövlət başçıları tərəfindən müəyyən olunan tapşırıqlar əsasında əməkdaşlığın hərtərəfli inkişafının məqsədləri müəyyənləşdirilir. İndiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarusa beş dəfə, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko isə Azərbaycana dörd dəfə rəsmi səfər edib. Bu rəsmi səfərlərin intensivliyi Azərbaycan-Belarus əlaqələrinin inkişaf dinamikasından xəbər verir.



“Dövlətimizin başçısının Belarusa budəfəki rəsmi səfəri ilə bağlı bir məqamı xüsusilə qeyd etməliyəm ki, protokola görə dövlət başçıları arasında təkbətək görüş 45 dəqiqə nəzərdə tutulsa da, həmin görüş 2 saatdan artıq davam etdi. Bir daha qeyd etmək istərdim ki, bu, prezidentlər arasında olan səmimi dostluğun və Belarus-Azərbaycan əməkdaşlığının məzmun və mahiyyətinin, necə zəngin xarakter daşımasının növbəti bariz nümunəsidir”, - deyə o əlavə edib.



Prezident Administrasiyasının rəsmisi deyib ki, səfər zamanı dövlət başçılarının iştirakı ilə 9 sənəd imzalandı. Bu sənədlər Azərbaycan ilə Belarus arasında iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, hüquq-mühafizə, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Ən vacib sənəd isə dövlət başçıları tərəfindən imzalanmış birgə bəyanatdır. Bəyanatın 6-cı maddəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar məqamlar öz əksini tapıb. Bəyanatda qeyd olunur: “Tərəflər, yəni dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, tərəflərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklər sülh yolu ilə həllinin vacibliyini qeyd edirlər”. Bu, bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyət, o cümlədən Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir.



Münaqişənin həllinin əsasları da beynəlxalq ictimaiyyət üçün aydın xarakter daşıyır ki, bu da Azərbaycanın ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələridir. Həmçinin Belarus ilə Azərbaycan arasında olan yüksək etimadın təcəssümü və göstəricisidir ki, ölkələrimiz üzv olmadığı beynəlxalq təşkilatlarda da biri-birini dəstəkləyir. Dövlətimizin başçısı mətbuata bəyanatında da qeyd etdi ki, bu, sanki avtomatik xarakter daşıyır. Yəni, hər hansı bir məsləhətləşmə olmadan belə, Azərbaycan və Belarus üzv olmadıqları, biri üzv olmadığı beynəlxalq təşkilatlarda öz dəstəyini verir və bu dəstək mütəmadi, davamlı xarakter daşıyır. Həmçinin Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə çox sıx əməkdaşlıq var. Səfər çərçivəsində hərbi-texniki əməkdaşlığın inkişafı ilə əlaqədar da Anlaşma Memorandumu imzalandı. Bu Memorandumdan irəli gələrək hava hücumlarından müdafiə sistemlərinin, müxtəlif hücum vasitələrinin, o cümlədən atəş-idarəetmə sistemlərinin alınması üzrə kontraktlar həyata keçiriləcək”.



Hikmət Hacıyev bildirib ki, bu səfər Azərbaycan-Belarus əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi. İmzalanmış sazişlər, aparılan danışıqlar Azərbaycan-Belarus əlaqələrinin hərtərəfli inkişafı üçün yeni perspektiv imkanlar açıb. Hesab edirik ki, qarşıya qoyulan məqsəd və məramların hökumətlərarası komissiya və digər işçi qruplar vasitəsilə həyata keçirilməsi üçün intensiv işlər bundan sonra da davam etdiriləcək.



2019-cu ildə Belarus ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bildiyiniz kimi, Avropa Oyunları konsepsiyasının müəllif və təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Azərbaycan birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdi. Azərbaycan Olimpiya hərəkatının məqsəd və məramlarına sadiqliyini nümayiş etdirdi, bu məqsəd və məramların Avropa qitəsində inkişafına öz töhfəsini verdi. Azərbaycan bu sahədə öz təcrübəsini dost və tərəfdaş ölkə olan Belarus ilə açıq şəkildə bölüşür. Belarus da öz növbəsində Azərbaycanın bu dəstəyini, aparılan təcrübə mübadiləsini yüksək qiymətləndirir. Bu məqamlar Belarusun dövlət başçısı tərəfindən də qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024