Mobil versiya
25 namizəd və 1 kürsü - Gürcüstanın yeni prezidenti kim olacaq?
Tarix: 26-10-2018 | Saat: 19:05
Bölmə:Manşet / Siyasət | çapa göndər

25 namizəd və 1 kürsü - Gürcüstanın yeni prezidenti kim olacaq?


Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək.



AIA.Az xəbər verir ki, Gürcüstan vətəndaşları prezidenti sonuncu dəfə birbaşa xalq səsverməsi ilə seçəcəklər. Belə ki, 1 il əvvəl ölkə parlamenti yeni Konstitusiya qəbul etdi və ölkə tam parlament respublikasına çevrildi. Həmin vaxt 117 deputat dəyişikliyin lehinə, 7-si isə əleyhinə səs vermişdi.



Beləliklə, 2024-cü ildə Gürcüstan prezidentini 150 parlament deputatı və 150 region və bələdiyyə üzvündən ibarət seçki komissiyası seçəcək.


Konstitusiyaya görə prezident Ali Baş Komandan və dövlət başçısıdır, amma onun hüquq və səlahiyyətləri ciddi şəkildə məhdudlaşdırılıb. Buna rəğmən, ölkədə seçki mübarizəsi çox gərgin şəraitdə keçir.



Prezidentliyə namizəd olaraq 46 nəfər qeydə alınıb ki, onların da yarısı müxtəlif hüquqi səbəblərdən seçkiyə qatılmayıb.



Nəticədə, Gürcüstan vətəndaşları 25 namizəd arasında seçim etməlidir ki, onlardan da 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qruplarının namizədidir.



Seçki marafonunun əsas favoritlərindən biri müxalifətçi Qriqol Vaşadzedir. Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirən Vaşadze vaxtilə SSRİ Xarici İşlər Nazirliyində çalışıb. İttifaqın dağılmasından sonra o, öz həyat yoldaşı, məşhur balerina Nino Ananiaşvili ilə birlikdə Rusiya pasportu alıb.



2004-cü ildə o zamankı prezident Mixail Saakaşvili Nino Ananiaşviliyə təklif göndərərək, Gürcüstan Opera və Balet Teatrının balet truppasına rəhbərlik etməsini istəyib. Bundan sonra cütlük Tbilisiyə köçüb və bir neçə il sonra Qriqol Vaşadze Gürcüstan pasportu alırb



Q.Vaşadze siyasi karyerasını xarici işlər nazirinin müavini postundan başlayıb. Sonradan isə mədəniyyət, idman və abidələrin qorunması üzrə nazirliyə başçılıq edib. Vaşadze 2008-ci ildə Gürcüstan XİN-nə rəhbər təyin olunurb. 2012-ci ildə isə Rusiya pasportundan imtina edib. 2017-ci ilə qədər kölgədə qalan siyasətçi həmən il “Milli Hərəkat” Partiyasının siyasi şurasının üzvü seçilib və Kutaisi meri postu uğrunda mübarizəyə qoşulub Lakin seçkilərin 2-ci turuna çıxdıqdan sonra mübarizədən imtina edib.



Oktyabr seçkiləri öncəsi, 10 müxalif partiya birləşərək “Güc Birlikdədir” koalisiyası yaradıb. Onlar arasında ən nüfuzlusu “Vahid Milli Hərəkat” sayılır. Vaşadze hazırda bu koalisiyaya başçılıq edir.

İndi əsas müxalifətçi qüvvə olan Qriqol Vaşadze hakim “Gürcü Arzusu” Partiyasını və onun lideri Bidzine İvanişvilini sərt tənqid edir. İvanişvili isə öz növbəsində Vaşadzenin addımlarının Gürcüstan-Avropa Birliyi münasibətlərinə və assosiativ üzvlüyə xələl gətirdiyini iddia edir.

Qriqol Vaşadze Avropa ailəsinin üzvü olmağa tələsməməyi məsləhət görür. O, Avropa Birliyində kataklizmlərin davam etdiyini xatırladır.

Vaşadze həmçinin, eks-prezident Mixail Saakaşvilinin ölkəyə qayıtmasına icazə verilməli olduğunu da açıqlayıb. “Üçüncü prezidentin ölkəyə dönmək hüququ var. Əgər məhkəmə yaxud hüquq-mühafizə orqanlarının sualı varsa, o, həmin suallara cavab verməlidir”-deyə siyasətçi efirdə deyib.


Seçkilərin 3-cü favoriti David Bakradze müəyyən məsələlər üzrə Vaşadze ilə həmfikirdi. “Avropa Gürcüstanı-Azadlıq Uğrunda Hərəkat”ın lideri sayılan Bakradze uzun müddət “Vahid Milli Hərəkat” Partiyasının üzvü sayılıb.

Lakin hərəkatın yaradıcısı Mixail Saakaşvili ilə fikir ayrılıqlarına görə, Bakradze və tərəfdarları ayrıca partiya yaradıblar.


Bütün ziddiyyətlərə rəğmən, Vaşadze və Bakradze seçkilər 2-ci tura qalacağı təqdirdə bir-birinə dəstək verəcəklər.



Bakradze Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunda, NATO-nun müdafiə kollecində və Gürcüstan Dövlət İdarəetmə İnstitutunda oxuyub. Bakradze 2004-cü ildə Xarici İşlər Nazirliyində işə başlayıb, sonradan Vahid Milli Hərəkat Partiyasının üzvü kimi deputat, 2008-ci ildə XİN rəhbəri və nəhayət parlamentin spikeri seçilib. O, Gürcüstanın əsas Avropayönlü siyasətçisi sayılır, ölkəsini NATO və Avropa Birliyinə üzv etməyə çalışır.



“Biz Rusiyanın yalanlarına uymalı deyilik. Rusiya NATO-ya üzvlüyümüzün ərazi itkiləri ilə müşayiət olunacağını deyir. Heç bir ərazi itkimiz olmayacaq. Avropa Birliyi və NATO-ya nə qədər tez üzv olsaq, Moskva o qədər tez bizi idarə olunmalı ərazi yox, müstəqil qonşu ölkə kimi qəbul edəcək”-deyə Bakradze açıqlama verib.



Diqqət çəkən namizədlər arasında “Qirçi” partiyasının sədri Zurab Caparidze də qeyd olunmalıdır. Partiya ölkədə marixuananın leqallaşdırılmasına, həmçinin, gürcü gənclərini həqiqi hərbi xidmətdən azad etməyə nail olub.



Amma seçki marafonunun şübhəsiz favoriti Salome Zurabişvili sayılır. Parisdə gürcü mühacirlərin ailəsində anadan olmuş xanım siyasətçi prezident seçkilərinə müstəqil namizəd kimi qatılsa da, öz namizədini irəli sürməyən hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının dəstəyinə arxalanır.


Rusiya qoşunlarının 2005-ci ildə ölkə ərazisindən çıxarılmasına nail olan xanım siyasətçi həm ABŞ, həm də Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına çalışır.


Seçki intriqasının sonuna 2 gün qalıb. Gürcüstanın növbəti prezidentinin kimliyinə 28 oktyabrda Gürcüstan seçiciləri cavab verəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024