Mobil versiya
“Mattarellaya dedim ki, İtaliya şirkətləri üçün Azərbaycanda bütün qapılar açıqdır” - İlham Əliyev
Tarix: 18-07-2018 | Saat: 14:11
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Mattarellaya dedim ki, İtaliya şirkətləri üçün Azərbaycanda bütün qapılar açıqdır” - İlham Əliyev


“Biz strateji tərəfdaşıq, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri bunun bariz nümunəsidir. İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq dərinləşəcək”.

aia.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə görüşlərdən sonra mətbuata bəyanatında deyib.

“Azərbaycan tərəfdaş ölkələrlə birlikdə hazırda “Cənubi Qaz Dəhlizi” layihəsini uğurla icra edir”, - deyən dövlət başçısı əlavə edib ki, bu, 40 milyard dollar dəyərində olan layihədir, onun böyük hissəsi icra edilib.

“Bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı Bakıda olmuşdur. Onun böyük hissəsini təşkil edən TANAP layihəsinin Əskişəhər şəhərində açılışı olmuşdur. Yəni, bu istiqamətdə işlər uğurla gedir və bu, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayır”.


Prezident bildirib ki, İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu gün açılacaq polimer zavodunun inşasında İtaliya şirkəti fəal iştirak edib. Azərbaycanda bir çox İtaliya şirkətləri fəaliyyət göstərir:

“Biz bu gün bu məsələ ilə bağlı da danışdıq və mən Prezident Mattarellaya dedim ki, İtaliya şirkətləri üçün Azərbaycanda bütün qapılar açıqdır, biz onların səviyyəsini bilirik, onlar çox yüksək texnologiyaya malik olan şirkətlərdir. Azərbaycanda inşaat sektorunda, kənd təsərrüfatı sahəsində, ağır sənaye sahəsində bir çox layihələr icra ediblər və çox yüksək səviyyədə icra ediblər. Əlbəttə ki, keçirilən görüşlər və sabah iştirak edəcəyimiz İtaliya-Azərbaycan biznes forumu qarşımızda yeni imkanlar açacaq. Çünki Azərbaycanın sürətli iqtisadi-sənaye inkişafı tələb edir ki, yeni texnologiyalar gətirilsin. Əlbəttə ki, ilk növbədə, biz bu texnologiyaları dost ölkələrdən gətirmək, əldə etmək istərdik”.


İlham Əliyev vurğulayıb ki, Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır.



"Əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq...

Mən cənab Prezidenti münaqişə ilə bağlı məlumatlandırdım, danışıqların hazırkı vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Biz istəyirik ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapsın”.


İlham Əliyev bildirib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın işğalı altındadır.

"Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz məhv edilmişdir. ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri Ermənistan tərəfindən dağıdılıb. Münaqişənin həlli üçün hüquqi əsas var. BMT Təhlükəsizlik Şurası 25 il bundan əvvəl 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrin icrası təmin edilməlidir. Əfsuslar olsun ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bu mövqeyi dəstəkləyirik və hesab edirik ki, tezliklə münaqişənin həlli üçün addımlar atılmalıdır, Ermənistanın işğalçı qüvvələri bizim tarixi torpaqlarımızdan çıxarılmalıdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024