Mobil versiya
“Münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq” - Ramiz Mehdiyev
Tarix: 13-06-2018 | Saat: 16:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq” - Ramiz Mehdiyev


Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

aia.az xəbər verir ki, görüşdən əvvəl akademik Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə Qazaxıstan nümayəndə heyəti üzvlərinin "Tərəqqi” medalı ilə təltif edildiklərini diqqətə çatdırıb və medalları onlara təqdim edib.

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin postsovet məkanında nümunəvi olduğunu qeyd edən Ramiz Mehdiyev ulu öndər Heydər Əliyev ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında həmişə sıx dostluq əlaqələrinin olduğunu, Ümummilli Liderin Qazaxıstan dövlətinin başçısının fəaliyyətini daim yüksək qiymətləndirdiyini və Prezident Nursultan Nazarbayevin də ulu öndər Heydər Əliyevə böyük hörmətlə yanaşdığını deyib.

Qeyd olunub ki, müstəqilliklərini bərpa etdikdən sonra mürəkkəb dövrlər keçən Azərbaycan və Qazaxıstan Heydər Əliyev və Nursultan Nazarbayevin müdrik siyasəti sayəsində çətinlikləri dəf edərək sürətli inkişaf yoluna qədəm qoyub. Diqqətə çatdırılıb ki, bu gün xalqlarımız və dövlətlərimiz arasındakı dostluq və əməkdaşlıq ənənələri prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir. Ötən dövr ərzində dövlətlərimiz arasında 100-dən artıq sənəd imzalanıb, qarşılıqlı sərmayə yatırımları həyata keçirilib. Beynəlxalq təşkilatlarda ölkələrimiz bir-birini daim dəstəkləyir, parlamentlər arasında əməkdaşlıq münasibətləri yüksək səviyyədədir.


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan akademik Ramiz Mehdiyev torpaqlarımızın 20 faizinin hələ də Ermənistanın işğalı altında olduğunu deyib. Prezident Administrasiyasının rəhbəri ölkəmizin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, eyni zamanda, Azərbaycanın torpaqlarını digər yollarla azad etmək kimi suveren hüququnu özündə saxladığını vurğulayıb.

Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov Prezident Nursultan Nazarbayevin salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Azərbaycanla bağlı hər şeyə Qazaxıstanda həssaslıqla yanaşıldığını deyən qonaq əsası Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulan möhkəm dostluq əlaqələrinin bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. O, bir müddət əvvəl Astanada ulu öndər Heydər Əliyevə həsr edilən kitabın qazax dilində nəşrinin təqdimatının keçirildiyini xatırladıb, bu gün isə Nursultan Nazarbayevin həyat və fəaliyyəti ilə bağlı nəşrin Bakıda təqdim ediləcəyini deyib. Bildirilib ki, hazırda Qazaxıstanda 150 minə yaxın azərbaycanlı yaşayır və onlar cəmiyyətin bütün sahələrində təmsil olunurlar. Qazaxıstan nümayəndə heyətinin rəhbəri dostluq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Sonda Mahmud Kasımbekov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə həsr olunmuş kitabı akademik Ramiz Mehdiyevə təqdim edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024