Mobil versiya
“TANAP Azərbaycana 100 milyard dollardan çox gəlir gətirəcək” - Milli Məclisin DEPUTATLARI
Tarix: 13-06-2018 | Saat: 14:05
Bölmə:Siyasət | çapa göndər

“TANAP Azərbaycana 100 milyard dollardan çox gəlir gətirəcək” - Milli Məclisin DEPUTATLARI



İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək, Yunanıstan sərhədinə qədər uzanır.
Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib.

TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.


Milli Məclisin deputatları bu dəfə Modern.az-a TANAP qaz kəmərinin istifadəyə verilməsinin siyasi və iqtisadi əhəmiyyətindən danışıblar.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə TANAP qaz kəmərinin 15 iyun Qurtuluş günü ərəfəsində istifadəyə verilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirib:


“Müstəqilliyin ilk illərində Azərbaycanın maliyyə vəsaiti və ölkəmizə investisiya qoyuluşu yox dərəcəsində idi. Bu gün isə Azərbaycan dünyanın ən nəhəng neft-qaz layihələrində iştirak edir. Daha doğurusu, dünya neft siyasətində mühüm bir oyunçuya çevrilib. Bu kimi nailiyyətlər barədə çox danışmaq olar. Bütün bu uğurlar onun nəticəsidir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil siyasət yeridib. Təbii sərvətlərinin sahibi olduğunu konkret əməllərlə nümayiş etdirib.
Müstəqilliyin ilk illərindən təzyiqlərə baxmayaraq, 1994-cü ilin sentyabrın 20-də “Əsrin Müqaviləsi”ni imzalamaqla gələcək üçün böyük təməl qoyuldu. Bu gün isə dünyanın ən nəhəng transmilli neft-qaz layihələri Azərbaycan vasitəsilə həyata keçirilir. TANAP, Cənub Qaz Dəhlizi, Bakı-Tibilisi-Qars dəmiryolu xətti, qədim İpək Yolunun bərpası ilə əlaqədar görülən işlər Azərbaycanın müstəqilliyini gücləndirir, iqtisadi təhlükəsizliyini təmin edir. Bütövlükdə isə yaxın və uzaq gələcək üçün möhkəm, siyasi-iqtisadi əsaslar yaradır. Adlarını çəkdiyimiz layihələr Azərbaycan üçün daimi konseptualdır, gəlir mənbəyidir, siyasi mövqedir və daimi iş yerlərinin yaradılmasıdır. Son nəticə etibarı ilə isə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxması üçün möhkəm bünövrədir. Mən sizin vasitənizlə bir daha Azərbaycan xalqını 15 iyun Qurtuluş günü münasibətilə təbrik edirəm”.



Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, TANAP layihəsinin reallaşması Azərbaycan və Türkiyə dövlətlərinin qardaşlıq, iqtisadi əməkdaşlıq, dünyaya birgə baxış fəlsəfəsinin sözün əsl mənasında təntənəsidir:


“Ancaq bu layihə yalnız Azərbaycan və Türkiyə üçün deyil. Ona görə ki, layihənin mahiyyəti iki ölkənin çərçivəsindən çıxır. Layihə Avropa və dünya miqyasında təhlükəsizlik, enerji layihələrinin inkişafına, eyni zamanda sülh və tərəqqiyə təkan verən xüsusiyyətlərə malikdir. Azərbaycan regionda ən aparıcı ölkələrdən biridir. Ancaq bu artıq region məsələsi deyil. Bu, dünya miqyasında Azərbaycanın rolunun müəyyən olunmasıdır”.


Komitə sədri bildirib ki, gələcəkdə Yunanıstan, Almaniya, İtaliya və Balkan ölkələrindən bir neçəsi TANAP layihəsinə qoşulacaq.


“Bu, ölkələr arasında ciddi əlaqələrin yaradılmasına əsas yaradan amildir. Layihənin müxtəlif nəticələri və xüsusiyyətləri mövcuddur. Həm siyasi, iqtisadi, mədəni, həm də hərbi. Ona görə ki, iqtisadiyyatı güclü olan ölkə hərbi cəhətdən də müqavimət göstərmək qabiliyyətini artırır. TANAP-ın reallaşması tarixi hadisədir. Bunların hamısı dövlətimizin apardığı siyasətin məntiqi nəticəsidir”.

S.Seyidov qeyd edib ki, belə layihələrin həyata keçirilməsi ilə Azərbaycan dünyaya tanıdılır.


“Mən dəfələrlə demişəm ki, dünyada ən əsas məsələ tanıtmadır. Bu gün müxtəlif dövlətlər, xalqlar var ki, gündəmdə olmayan problemlərin içərisində qalır, heç kəs də onlarla maraqlanmır. Bu gün nəhəng layihələri həyata keçirən Azərbaycan özünü dünyaya tanıdıb. Biz bu gün XX əsrdə Azərbaycana qarşı törədilmiş ədalətsizliklərin həqiqətini dünyaya çatdırmaq imkanı əldə edirik. Belə imkanlarla biz addım-addım Qarabağı qaytarırıq”.



Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib ki, TANAP Cənub Qaz Dəhlizi layihəsinin mühüm və əsas hissələrindən biridir:


“Bildiyimiz kimi, Cənub Qaz Dəhlizi 4 elementdən ibarətdir - “Şahdəniz- 2”, Cənub Qafqaz Boru Kəməri Xətti, TANAP və TAP. Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir.
Bu layihənin həyata keçirilməsinə xeyli əmək sərf olunub. Bu layihədə 10 mindən çox insan işləyib, 7 milyard dollardan çox investisiya qoyulub. Ümumilikdə xəttin əsas üstünlüyü ondan ibarətdir ki, Xəzər dənizindən hasil olunan qaz birbaşa olaraq Avropa Birliyinin sərhədlərinə çatacaq. Bu isə Azərbaycan qazzının Avropa istehlakçılarına birbaşa tədarükü ilə bağlı uzun illərdir davam edən iqtisadi və siyasi səylərin artıq reallaşmasıdır”.


Deputat bildirib ki, TANAP layihəsinin həyata keçirilməsi birbaşa olaraq Azərbaycan Prezidenti İlham Əliyevin siyasi nüfuzu, iqtisadi dəstəyi və Azərbaycan – Türkiyə əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsidir:


“Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək. Daha sonra isə 31 milyard kubmetr qazın ixracı nəzərdə tutulur ki, bunun da bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropa Birliyinə veriləcək. Bu, dünyada ən böyük layihədir. Dünyanın 7 ölkəsini və 15 şirkətini birləşdirən kifayət qədər mürəkkəb layihədir. Cənub Qaz Dəhlizi layihəsinin reallaşması üçün Azərbaycanın kifayət qədər qaz ehtiyatları var. “Şahdəniz – 2”nin təsdiq olunmuş qaz ehtiyatları 1,4 trilyon kubmetr, Azərbaycanın isə təsdiq olunmuş qaz ehtiyatları təxminən 2,5 trilyon kubmetr, proqnozlaşdırılan qaz ehtiyatları 4,5 trilyon kubmetrdir. Bu da uzun müddət, yəni ən azı 100 il müddətində Azərbaycan qazının Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropa bazarlarına ixrac olunmasına əsas yaradır. Təxmini hesablamalara görə, Azərbaycanın əldə edəcəyi gəlir 100 milyard dollardan çoxdur. Ancaq bununla yanaşı, tranzit ölkələrin də əldə edəcəyi kifayət qədər gəlir var. Məsələn, hesablamara görə, Yunanıstanın növbəti 50 il ərzində Azərbaycan qazının tranziti ilə bağlı əldə edəcəyi gəlir 35 milyard avro həcmindədir”.



T.Mirkişili qeyd edib ki, TANAP Avropa Birliyinin enerji təhlükəsizliyini təmin edə biləcək və reallaşan yeganə layihədir.

“Düşünürəm ki, layihə regionda təhlükəsizliyin qarantı, zəmanəti və regiona yeni investisiyaların gəlməsi üçün əməkdaşlıq formatıdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024