Mobil versiya
Aydın Quliyev: "Cənub Qaz Dəhlizi" sülh və təhlükəsizliyə, enerji təchizatına uzunmüddətli təminat layihəsidir
Tarix: 30-05-2018 | Saat: 16:40
Bölmə:Siyasət | çapa göndər

Aydın Quliyev: "Cənub Qaz Dəhlizi" sülh və təhlükəsizliyə, enerji təchizatına uzunmüddətli təminat layihəsidir


"Cənub Qaz Dəhlizi" geosiyasi anlamda uzunmüddətli əməkdaşlıq, sülh və təhlükəsizliyə, enerji təchizatına uzunmüddətli təminat layihəsidir.

Bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, bu layihə Xəzərdən Balkanlara qədər, oradan da Mərkəzi Avropayadək on illər boyu milyonlarla insanın taleyini həll edəcək: "Mərkəzi Asiya dövlətlərinin, habelə İranın bu Dəhlizə qoşulmaq istəyini əlavə etsək, perspektivdə pozitiv miqyas daha da böyüyür. Dəhlizin mövcud olub işləməsi üçün ona bağlı olan bütün dövlətlər var güclərini onun qorunmasına sərf etməyə məhkumdur. Dəhlizə birbaşa, ya da vasitəli şəkildə bağlı olan ölkələr arasında münaqişə və ya ziddiyyət varsa, dondurulacaq, yeni konfliktlərin yaranmasında isə heç bir dövlət maraqlı olmayacaq. Məsələn, Qərb geostrateqləri Türkiyə və Yunanıstanı eyni vaxtda NATO-ya gətirməklə aralarındakı ziddiyyəti həll etməyə çalışsalar da, buna tam nail ola bilmədilər. 66 il keçsə də, bu iki ölkə arasındakı tarixi ziddiyyət özünü zaman-zaman göstərir. Ancaq "Cənub Qaz Dəhlizi" Qərb strateqlərinin bacarmadıqlarını həll etmək imkanlarına malikdir".

A.Quliyev bildirib ki, enerji təhlükəsizliyi Türkiyə və Yunanıstanı aradakı konfliktləri tam kənara qoyaraq dərin dostluq münasibətlərinə sövq edəcək:

"Bu nüansı Balkan ölkələrinin də münasibətlərinə aid etmək olar. Tarixi faktdır ki, Balkan ölkələri arasında konfliktlər iki dünya müharibəsində əsas bəhanə oldu. Elə bu gün də Serbiya ilə Bosniya və Herseqovinanın və Kosovonun münasibətlərində ciddi narahatlıqlar var. Təsəvvür etmək çətin deyil ki, Yunanıstanın, gələcəkdə isə Bosniya və Herseqovinanın, Xorvatiya və Monteneqronun vahid enerji təminatı Dəhlizinə bağlı olmaları onların dostluq münasibətlərinin möhkəmlənməsinə pozulmaz təminat olacaq. Yeni münasibətlər sisteminə keçən "Cənub Qaz Dəhlizi" boyu ölkələr arasındakı bəzi mövcud narahatlıqlar aradan qalxacaq, yeni gərginliklərin yaranmasına isə imkan verilməyəcək".

Ekspertin fikrincə, bütün bunlar və digər nüanslar Azərbaycanın Aralıq və Qara dəniz hövzəsi ölkələrinə tarixi xoşbəxtlik şansı verdiyini bir daha təsdiqləyir: "Bu ölkələr Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin sayəsində özlərinin uzunmüddətli sabahına təhlükəsizlik və sülh təminatı aldılar. Prezident İlham Əliyev Dəhliz boyu ölkələrin qarşılıqlı münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. "Cənub Qaz Dəhlizi"nə bağlı ölkələrin iqtisadi inkişaf və rifah səviyyəsində yüksəliş özünü qısa zamanda göstərəcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024