Mobil versiya
Prezident seçkisində iştirak edəcək partiyalar şüarlarını SEÇİBLƏR
Tarix: 03-03-2018 | Saat: 13:27
Bölmə:Siyasət | çapa göndər

Prezident seçkisində iştirak edəcək partiyalar şüarlarını SEÇİBLƏR


Aprelin 11-nə təyin olunmuş növbədənkənar prezident seçkilərinə imza toplama kampaniyası davam edir. Seçkilərdə təbliğat-təşviqat işləri önəmlidir. Şüarlar təbliğat işlərinin ən önəmli hissəsidir. Bəs görəsən partiyalar seçkilərə hansı şüarla gedir?



Məsələ ilə bağlı Modern.az-a danışan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, partiyanın şüarı təbliğat-təşviqat mərhələsində açıqlanacaq.



“Bizim şüarımız da, təbliğat-təşviqat materiallarımız da hazırdır. Mövqeyimiz, şüarımız hamısı qeydiyyat mərhələsindən sonra cəmiyyətə açıqlanacaq. Hazırda imza toplama ilə məşğul oluruq”.



Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, partiyada 3 alternativ şüar hazırlanıb.



“Hələ qeydiyyatdan keçməmişik deyə müzakirəyə çıxarmamışıq. Şüarlarımızdan biri “Dəyişək, dəyişdirək”, ikincisi Rəcəb Tayyib Ərdoğan dediyi kimi “Rabiamız millətə sevgi, vətənə sədaqət, dövlətə xidmət, vətəndaşa qayğı”, üçüncü alternativimiz isə Azərbaycan Demokrat Partiyasının qısaldılmış adı üzərində açılımdı “Azadlıq, Demokratiya, Parlaq gələcək”. Partiya bu 3 variantdan hansını seçəcəksə şüarımız o olacaq. Mənim fikrimcə “bizim Rabiamız” və partiya adının açılışı daha cəlbedicidir. Əgər prezidentliyə namizəd kimi rəsmən qeydiyyatdan keçsək bu barədə qərarımız dəqiqləşək”.

S.Cəlaloğlunun sözlərinə görə, imzatoplama kampaniyası sürətli şəkildə davam edir.

“Çox yerdən əlavə imza vərəqləri istəyirlər. Bu onu göstərir ki, hökumət imzatoplama kampaniyasına mane olmur. Bu da imza toplanmasında bir rahatlıq yaradır. Hansısa təzyiq olsa idi biz bu asanlıqla imza toplaya bilməzdik. Gözləyəcəyimizdən də qısa müddətdə imzaları toplayacağımıza ümid edirik”.



Azərbaycan Demokratik Liberal Partiyasının sədri Fuad Əliyev deyib ki, onlar imzatoplama kampaniyasından sonra şüarla bağlı qərar qəbul edəcəklər.

“Bizim şüarımız hazırdır. İkinci mərhələdən keçəndən sonra biləcəyik ki, namizədliyimiz təsdiqlənib, həmin andan şüarımızı elan edəcəyik. Ötən günə olan məlumatlara görə artıq 23 mindən çox imza toplanıb”.



“Ağ” Partiyanın sədri Tural bildirib ki, ikinci mərhələyə keçdikdən sonra şüarları hazırlayacaqlar.



“İmzatoplama ilə məşğul olduğumuz üçün şüarları hazırlamamışıq. Ümumiyyətlə şüarların da, ana mesajın da kökündə dəyişiklik duracaq. İmza toplamaqla bağlı 45 minə yaxın imza vərəqi paylamışıq. Artıq vərəqləri toplayırıq, tamamlama işləri gedir. Güman edirəm ki, çatdıracağıq.



Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevin sözlərinə görə, prezidentliyə namizədlik üçün 45min səs toplayıblar.



“Bizim platformalarımız hazırdır. Şüarımız “Biz gələcəyik”dir”.



Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib ki, şüar da, platforma da hazırdır.



“Amma bütün bunlar qanunvericiliyə uyğun olaraq yalnız namizədin namizədliyinin təsdiqlənməsindən sonra elan edilə bilər. Şüarın indidən elan olunması qanunvericiliyə ziddir. Biz imzanı toplamışıq”.



Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qeyd edib ki, partiyanın şüarı hazırdır.



“Şüarımız Dağlıq Qarabağı işğaldan azad etmək, Azərbaycanın paytaxtını Xankəndinə köçürmək və Azərbaycanda iqtisadi islahatların öz həllini tapması, eyni zamanda korrupsiyanın kökünü tapmaqdan ibarətdir. Ölkədə korrupsiyaya qurşanmış məmurların hamısı bu günə qədər Azərbaycan dövlətindən nə qədər pullar oğurlayıblarsa bunlar hamısı qaytarılmalıdır. Hər halda seçki ərəfəsində bizə verilən bütün fürsətlərdən istifadə edirik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024