Mobil versiya
Dualara inananlar - İlahiyyatçı deyir ki, bütün problemləri həll edən Allahdır
Tarix: 31-01-2018 | Saat: 16:38
Bölmə:Gündəm | çapa göndər

Dualara inananlar - İlahiyyatçı deyir ki, bütün problemləri həll edən Allahdır


İnanclı insanlar hər hansı bir problemini həll etmək üçün ilk olaraq Allaha dua edirlər. Arzularının onun sayəsində həll olunacağına inanırlar. Bu səbəbdən istər hədislərdə, istərsə “Quran-i Kərim”dəki ayələrdə müxtəlif dualardan bu gün də istifadə edənlər, hacət tapacaqlarını düşünənlər çoxdur.

Müxtəlif istəklər üçün müxtəlif dualara rast gəlmək olar. Bu dualardan müəyyən hissəsi də xəstəliklərə aiddir: gözün zəifləməsinin qarşısını almaq üçün dua, ayaq ağrısı üçün dua, baş ağrısı üçün və sair.

Tibb elmi o dərəcədə inkişaf edib ki, əksər xəstəliklərin qarşısını dərmanlarla almaq mümkündür. Bir neçə ciddi xəstəlik istisna olmaqla bütün xəstəliklərin müalicə üsulu var. Ancaq bəzi insanların hələ də dua yolu ilə şəfa tapacağını düşünməsi maraq doğurur.
Dualarla bağlı o da qeyd edilir ki, yalnız Allaha sidq ürəklə bağlanan və etdiyi duanın qəbul olunacağına inanan insanların duaları eşidilir. Yoxsa ki Allah hər duanı qəbul etməz.


İlahiyyatçı Elşad Mahmudov məsələylə bağlı Modern.az-a bildirdi ki, bu dualara inanmaq elə Allaha inanıb-inanmamaqla üst-üstə düşür:

“İslamda dua etmək, ondan nəsə istəmək çox mühüm yer tutur. Bu, Allaha bəndəsinin müraciətidir. Nəsə arzulasaq, həyata keçməsini istəsək, bizə ən böyük köməkçi Allahdır. İslamın müqəddəs kitabı olan “Qurani Kərim”də müxtəlif dualar var. Allah müsəlmana, möminə necə dua etmək lazım olduğunu bu kitabda öyrədir”.

Elşad Mahmudov qeyd edib ki, Məhəmməd peyğəmbərin səhih hədislərində müxtəlif dualar var: “Peyğəmbərə, ”Quran-i Kərim”ə iman gətirən səhabələr də bu ənənəni davam etdiriblər. Başqa kimdən istəsinlər ki? Allahdan başqa kim o istəkləri yerinə yetirə bilər? İstər gözün zəifləməsinin qarşısının alınmasında, istərsə hər hansı başqa xəstəliyin aradan qaldırmasına əsas səbəb olan Allahdır, həkimlər, dərmanlar sadəcə vasitələrdir. Əgər müsəlmansınızsa, Allaha sitayiş edirsinizsə, bilməlisiniz ki, bütün problemləri həll edən Allahdır”.


Elşad Mahmudovun sözlərinə görə, müsəlmanlar həmişə yalnız Allahdan əlac gözləməlidirlər. “Bu “ Fatihə” surəsində də qeyd olunub. Dua arzudur, istəkdir, bunun üçün fərqli duaların olması şübhəli gəlməməlidir. Onun yerinə yetib-yetməməsi isə artıq Allahın əlindədir,onun səlahiyyətindədir. Bizim onu mühakimə etməyə haqqımız yoxdur. O ucadır, hər şeyin açarı da ondadır”.

Elşad Mahmudov bildirib ki, belə düşünmək olmaz ki, dua qəbul olunmadısa, həmin adam inanmırmış: “Allah “Quran-i Kərim”in ikinci surəsi olan “ Bəqərə” surəsində buyurur ki, mənə səmimi olaraq dua edənin, məndən kömək istəyənin duasına cavab verərəm. Bəzi insanlar da belə fikirləşirlər ki, Allah onların dualarını eşitmir. Bu həqiqətdən uzaqdır. O duanın yerinə yetməsi sadəcə Allahın biləcəyi bir şeydir. Dində duanın mütləq şəkildə qəbul olub-olmayacağı deyə bir qayda yoxdur. Kim ki deyirsə, mən göz duası edəcəm və gözüm mütləq yaxşılaşacaq, belə bir şey yoxdur. Bunu yalnız Allah bilər. Biz bəndələrin üzərinə düşən dua və iltiması ondan əskik etməməkdir”.


İlahiyyatçının sözlərinə görə, belə duaların qəbul olmamasının müxtəlif səbəbləri ola bilər. BunuAllahdan başqa heç kim bilə bilməz.

“Hər şeyin xeyirlisini ancaq Allah bilir. Bəzən elə olur ki, öz duamızı edirik, qəbul olunmur, deyirik ki, Allah məni eşitmir, yaxşılığımı istəmir. Sonra elə bir hadisə ilə qarşılaşırıq ki, şükür edirik ki, duam qəbul olunmamışdı. Deməli, Allah daha yaxşısını, daha gözəlini bilir. Qərarı o verməlidir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024